Şuşada iyulun 13-dən başlayan IV Qlobal Media Forumu panel sessiyalarla işini davam etdirir. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilən forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər, rəsmi şəxslər təmsil olunur.
Modern.az forumda iştirak edənlər sırasında türkiyəli jurnalistlərin təəssüratlarını öyrənib.
Saytımıza açıqlamasında "Yeşil İğdır” və “15 Temmuz” qəzetlərinin təsisçisi və baş redaktoru, publisist Cabbar Şıktaş bildirib ki, Şuşa Forumunun təşkili ən yüksək səviyyədədir:
“Hazırda Azərbaycanın Şuşa şəhərindəyəm. İki gündür davam edən IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160 media nümayəndəsi iştirak edir. Biz də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə bu mühüm beynəlxalq tədbirə qatıldıq. Forumun təşkili həqiqətən yüksək səviyyədədir. Ən xırda detallar belə diqqətdən kənarda qalmayıb. Qonaqların qarşılanmasından Prezident İlham Əliyevin iştirakı ilə keçirilən sessiyaya qədər proqramın hər mərhələsi peşəkarlıqla planlaşdırılıb. Məzmunlu və dinamik proqram bütün sürəti ilə davam edir. İğdırda səhər saat 08:00-da oyanmaq bəzən çətin görünsə də, Şuşada səhər saat 05:00-da günə başlayır, hazırlıqlarımızı tamamlayır və günün ilk saatlarından tədbirin proqramına qoşuluruq. Azərbaycanda insanlar ümumilikdə günə çox erkən başlayırlar. İş həyatı da erkən saatlardan canlanır. Türkiyə vaxtı ilə saat 08:00-da iclaslar başlayır. Dövlət başçısının da həmin saatlarda keçirilən tədbirlərdə iştirak etməsi buna nümunədir”.
C.Şıktaş Prezident İlham Əliyevin Forumda iştirakından isə belə bəhs edib:
“Onun çıxışı və ümumilikdə nümayiş etdirdiyi performans həqiqətən təsirli idi. Prezident son dərəcə enerjili görünürdü. Verilən bütün sualları diqqətlə dinləyir, yadda saxlayır və onların hamısını ingilis dilində cavablandırırdı. İngilis dilini bilməyən iştirakçılar üçün isə operativ şəkildə tərcümə təmin edilirdi. Forum iştirakçıları arasından 20 jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev hər bir mövzuya dərindən bələd olduğunu nümayiş etdirdi. Harada nə deməli olduğunu dəqiq bilir, bütün suallara ölçülü, əsaslandırılmış və yerində cavablar verirdi. Ermənistan-Azərbaycan münasibətləri, Rusiya-Ukrayna müharibəsi, İran-ABŞ münasibətləri, Yaxın Şərqdə baş verən hadisələr, Avropa ilə Azərbaycan əlaqələri... Bir sözlə, dünya siyasətinin gündəmində olan ən aktual mövzular səsləndirildi və Prezident bütün bu sualları peşəkarlıqla cavablandırdı".
Jurnalist Prezidentin Türkiyə ilə münasibətlərə dair fikirlərini də qeyd edib.
"Ölkə başçınız Türkiyə ilə münasibətlərdən danışarkən bunları söyləmişdi. "Türkiyə bizim qardaş ölkəmiz və müttəfiqimizdir. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Şuşa Bəyannaməsini imzalamışıq. İki ölkə arasında heç bir fərq yoxdur. Burada ABŞ, Çin, Rusiya, Ukrayna və Avropanın bir çox ölkəsindən 160 nümayəndə iştirak edir. Biz bütün ölkələrlə yaxşı dialoqa malikik və bu münasibətləri inkişaf etdirməyə davam edəcəyik". Prezident İlham Əliyev təxminən üç saat davam edən sual-cavab sessiyası ərzində ona ünvanlanan heç bir sualı qeyd götürmədən cavablandırdı. İngilis dilində verilən sualları səlis ingiliscə cavablandırır, ingilis dilini bilməyən xarici nümayəndələri isə tərcümə vasitəsilə dinləyərək yenə ingilis dilində cavab verirdi.Suallara göstərdiyi diqqət və yüksək konsentrasiya həqiqətən təqdirəlayiq idi. Biz də zalda onun çıxışını dinləyərkən səsləndirdiyi fikirləri öz aramızda müzakirə edir, verdiyi mesajların və qurduğu məntiqli cümlələrin əhəmiyyətini qeyd edirdik. Şübhəsiz ki, IV Şuşa Qlobal Media Forumunun ən diqqətçəkən və ən vacib hissəsi Prezident İlham Əliyevin iştirak etdiyi sessiya oldu. Təhlükəsizlik əməkdaşları hər zamankı kimi vəzifələrini böyük məsuliyyətlə yerinə yetirdiklərindən Prezidentlə şəkil çəkdirmək bu dəfə də asan olmadı. Prezident İlham Əliyevin çıxışından sonra forum öz işini davam etdirdi. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də qonaqlarla yaxından maraqlanır, onların suallarını cavablandırırdı. Səmimi münasibəti və qonaqpərvərliyi tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi”.
Türkiyəli jurnalist Şuşaya artıq 4-cü dəfədir ki, səfər etdiyini söyləyib:
“İkinci Qarabağ müharibəsindən və Şuşanın işğaldan azad edilməsindən sonra bu şəhərə dördüncü dəfə gəlirəm. Hər səfərimdə insanı heyrətləndirən dəyişikliklərin şahidi olmaq böyük məmnunluq yaradır. Görülən işlər yalnız kiçik yeniliklərlə məhdudlaşmır. Burada son dərəcə genişmiqyaslı layihələr həyata keçirilib. Yüzlərlə kilometrlik avtomobil yolları, şəhərləri birləşdirən tunellər, yeni yaşayış məntəqələri, şəhərlər, qəsəbələr, küçələr, məktəblər, xəstəxanalar, hava limanları... Bir sözlə, A-dan Z-yə bütün infrastruktur qurulub və bu proses davam edir. Azad Qarabağda həyata keçirilən bütün bu layihələr Azərbaycanın öz maliyyə imkanları hesabına reallaşdırılır. Xarici kredit və ya beynəlxalq maliyyə dəstəyi olmadan bu miqyasda quruculuq işlərinin aparılması diqqətçəkən faktdır. Qarabağ münaqişəsi artıq geridə qalıb. Ermənistanla dialoq başlayıb. Yanacaq da daxil olmaqla müxtəlif məhsullar Azərbaycandan Ermənistana göndərilir. İki ölkə arasında münasibətlər tədricən normallaşır. IV Şuşa Qlobal Media Forumu da həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bölgədə görülən işlərin yerində nümayiş etdirilməsi və sülh prosesinə töhfə vermək məqsədi daşıyır. Regionda baş verən dəyişikliklər gələcəyə nikbin baxmağa əsas verir. Bizi IV Şuşa Qlobal Media Forumuna dəvət edən Azərbaycan Prezidentinin Administrasiyasına bir daha təşəkkür edirik. Qarabağı qısa müddətdə yenidən dirçəldən, bölgəni faktiki olaraq yenidən quran Prezident İlham Əliyevə də minnətdarlığımızı bildiririk. Bizi yüksək qonaqpərvərliklə qarşılayan, forum boyunca hər bir detalı diqqətdə saxlayan təşkilat komandasına da səmimi təşəkkürümüzü çatdırırıq”.
Türkiyənin Ərzurum şəhərində fəaliyyət göstərən "Pusula" qəzetinin jurnalisti və qəzetin Xəbərlər (İstihbarat) şöbəsinin müdiri Manolya Bulut da Şuşa Qlobal Media Forumunun son dərəcə peşəkar və yüksək səviyyədə təşkil olunduğunu deyib:
“Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin eyni platformada bir araya gəlməsi, fikir mübadiləsi aparması və media sahəsində aktual məsələləri müzakirə etməsi olduqca dəyərlidir. Prezident İlham Əliyevin jurnalistlərin bütün suallarını uzun müddət ərzində səbirlə, birbaşa və ətraflı şəkildə cavablandırması da xüsusi diqqət çəkdi. Dövlət başçısının beynəlxalq media ilə bu qədər açıq dialoq qurması fərqli baxışların səsləndirilməsinə imkan yaradır. Hesab edirəm ki, bu cür platformalar şəffaflığın artmasına, qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsinə mühüm töhfə verir”.

M.Bulut Türkiyəyə qayıtdıqdan sonra ilk növbədə Azərbaycanda canlı şahidi olduğu yenidənqurma prosesini bölüşəcəyəni qeyd edib:
“Xüsusilə Şuşa və Qarabağda həyata keçirilən layihələr təkcə fiziki bərpa deyil, eyni zamanda sosial həyatın yenidən canlandırılması baxımından da böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan xalqının qonaqpərvərliyini, Türkiyə ilə mövcud olan möhkəm qardaşlıq əlaqələrini və bu forumun beynəlxalq media üçün yaratdığı dialoq mühitini də auditoriyamla paylaşacağam. Məncə, ən vacib mesaj ondan ibarətdir ki, müxtəlif ölkələrdən olan jurnalistlərin hadisələri yerində görməsi, prosesi birbaşa müşahidə etməsi və ön mühakimələrə deyil, öz şəxsi təəssüratlarına əsaslanaraq ictimaiyyəti məlumatlandırması olduqca dəyərlidir”.