Modern.az

Bu restoranlarda ekoloji tarazlıq pozulub - ADLAR

Bu restoranlarda ekoloji tarazlıq pozulub - ADLAR

Aktual

6 Oktyabr 2016, 17:26

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib ki, Xəzər, Suraxanı və Səbail rayonlarının sahil zolağında fəaliyyət göstərən bəzi istirahət mərkəzlərinin ərazisində ətraf mühitin mühafizəsi istiqamətində keçirilən monitorinq zamanı ekoloji tarazlığın pozulması halları qeydə alınıb.

Modern.az xəbər verir ki, bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin sentyabr ayı üzrə bülletenində qeyd olunub.

 

Bildirilib ki, Xəzər rayonunun ərazisində fəaliyyət göstərən “Dalğa Balıq Evi”, “Qızıl Qum”, “Türkan-Sahil”, “Bizim Sahil”, “Jasmin”, “Səda kafesi”, “Türkan Marina” və “Türkan” Suraxanı rayonunun ərazisində fəaliyyət göstərən “Elnur”, “Simurq”, “Cahargah hotel”, “Günəşli-Sahil”, “Jasmin”, “Xəzər”, “Caspian Beach” və “Eldar Restoran”, Səbail rayonunun ərazisində fəaliyyət göstərən “Min bir gecə”, “Panorama” istirahət mərkəzlərində əhalinin istirahətini təmin etmək məqsədilə restoran və çimərlik sahələri fəaliyyət göstərir.

 

Məlumatda qeyd olunub ki, ərazidə içməli suya olan tələbat nəqliyyatla gətirilən su hesabına ödənilir. Gətirilən su ərazilərdə qoyulmuş çənlərə vurulur. İstirahət mərkəzlərində formalaşan tullantı suları ərazilərdə tikilib, standartlara cavab verməyən şambolara yığılır. Formalaşan bərk məişət tullantıları ərazidə qoyulmuş tutumlara yığılsa da, vaxtı-vaxtında daşınmadığından ətraf ərazidə qalaqlanaraq qalıb. Məişət tullantılarının daşınması və utilizə edilməsi haqqında heç bir sənəd təqdim olunmayıb. Eyni zamanda qeyd edilən istirahət mərkəzlərində şamboların hermetik olmaması nəticəsində tullantı sularının sahil xəttinə sızması və torpağa hopması faktı da müşahidə edilib.

 

Bundan başqa “Prins LTD” MMC-yə məxsus “Crescent Beach” və Salyan şossesi 32-ci km-də yerləşən “Ramada Baku” hotelində də monitorinq keçirilib.

 

Burada əmələ gələn tullantı suları ərazidə tikilmiş Bioloji Təmizləyici Qurğuya ötürülür. Keçirilən monitorinq zamanı qurğunun işləmədiyi səbəbindən tullantı suların təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması müəyyən edilib. Bibiheybət qəsəbəsində yerləşən “Dərya”, “Xəzər” və “Balıq Evi” istirahət mərkəzlərində, “Bül-Bül” restoranında da monitorinq keçirilib. Bu ərazilərdə formalaşan tullantı suları ərazidə tikilmiş şamboya yığılır. Lakin şamboya yığılan tullantı suların daşınması haqqında heç bir sənəd təqdim edilməyib. Sahil xəttində monitorinq keçirilən zaman müəyyən edilib ki, şamboya yığılan tullantı sular heç bir təmizlənmə prosesi keçmədən Xəzər dənizinə axıdılır.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir