Modern.az

Azərbaycanlıların Soyqırımı tədbirləri qondarma “24 aprel”ədək davam edəcək

Azərbaycanlıların Soyqırımı tədbirləri qondarma “24 aprel”ədək davam edəcək

31 Mart 2017, 17:31

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli beynəlxalq qiymətin verilməsi,  1918-ci ilin martında ermənilərin Bakıda və Azərbaycanın müxtəlif rayonlarında azərbaycanlılara, türklərə, yəhudilərə və digər millətlərə qarşı törətdikləri soyqırımı ilə bağlı həqiqətlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması Azərbaycan diasporunun qarşısında dayanan əsas məqsəd və vəzifələrdən biridir. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız ildən-ilə təbliğat işini daha da gücləndirir.

 

Bu haqda Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktlarını dünya ictimaiyyətinə çatdırmaq üçün sərgilər təşkil olunur, müxtəlif dillərdə hazırlanmış kitablar, videodisklər və broşürlər yayılır. Hadisələrə qiymət verilməsi üçün ABŞ, Kanada, Avropa parlamentlərinə müraciətlər göndərilir.

Soyqırımı qurbanlarının yad olunduğu tədbirlərdə bu ölkədə yaşayan müxtəlif xalqların nümayəndələri, eləcə də yerli ictimiyyətin təmsilçiləri qatılır. Belə tədbirlərdə son yüz ildə erməni terrorçularının Azərbaycan, türk və digər xalqlara qarsı törətdiyi soyqırımı hadisələrini özündə əks etdirən sənədli filmlər nümayiş olunur, ötən 200 ildə 1 milyondan artıq azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildiyi diqqətə çatdırılır. 1918-ci ilin mart hadisələri bəşəriyyətə və insanlığa qarsı vəhşilik kimi qiymətləndirilir.

Rəsmi məlumatda o da bildirilib ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bu günlərdə də müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatları, eləcə də Azərbaycanın diplomatik nümayəndəlikləri tədbirlər, etiraz mitinqləri keçirir. Bu aksiyalarin keçirilməsi bir qayda olaraq aprelin 24-də - ermənilərin qondarma erməni soyqırımını qeyd etdikləri günə qədər müxtəlif ölkələrdə davam edir.

 

Belə aksiyalarda yerli ictimaiyyətin təmsilçiləri də fəal iştirak edirlər. Məsələn, soydaşlarımızın martın 14-də Parisdə keçirdiyi aksiyada Azərbaycan diasporunun təmsilçiləri ilə yanaşı, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Parlamentinin üzvü Jan Fransua Mansel, Assosiasiyanın İdarə Heyətinin  üzvləri Jérom Begən, Fransa Senatının üzvləri Natali Qule, Andre Reyşar və başqaları qatılmışdı.

 

Təkcə 2016-cı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasısahəsində 300-ə yaxın tədbir keçirilib. Xüsusilə də Azərbaycan diaspor təşkilatları tərəfindən Ermənistanın, erməni diaspor və lobbi qruplarının ölkəmizə anti-təbliğat kampaniyalarının qarşısının alınması məqsədilə bu istiqamətdə  cari il ərzində müxtəlif formatlı tədbirlər keçirilmiş, xarici ölkələrin KİV-də ölkəmizlə bağlı mütəmadi olaraq məlumatlar yayımlanıb.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır