Modern.az

Nazir Müəllimlər İnstitutu, Qərb Universiteti və Xəzər Universitetilə bağlı qərar verdi

Nazir Müəllimlər İnstitutu, Qərb Universiteti və Xəzər Universitetilə bağlı qərar verdi

Təhsil

17 Oktyabr 2011, 16:57

Oktyabrın 17-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

Modern.az saytı nazirliyə istinadən bildirir ki, iclasda Azərbaycan Müəllimlər İnstitutu, Qərb Universiteti və Xəzər Universitetinin akkreditasiyasının nəticələri müzakirə olunub.

İclası giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ölkəmizdə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb və bu işin təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini vurğulayıb.

Sonra Misir Mərdanov ötən iclasda akkreditasiyasının nəticələrinin müzakirəsi tamamlanmayan Azərbaycan Müəllimlər İnstitutunda aparılan əlavə araşdırmalar barədə məlumat vermək üçün sözü mütəxəssislərdən ibarət komissiyanın sədri, Təhsil Problemləri İnstitutunun Təhsilin konseptual problemləri şöbəsinin aparıcı elmi işçisi İntiqam Cəfərova verib.

İ.Cəfərov 2010-2011-ci tədris ilində Azərbaycan Müəllimlər İnstitutunda görülən işlər haqqında məlumat verərək qeyd edib ki, son illər bu təhsil müəssisəsində digər struktur bölmələrlə yanaşı, ixtisasartırma və yenidənhazırlanma təhsilinin təşkilinə də xüsusi diqqət yetirilir və pedaqoji kadrların keyfiyyət göstəricilərinin artırılması istiqamətində müvafiq işlər reallaşdırılır. Tədris ili ərzində təqvim-mövzu planı, həm də çevik fəaliyyət proqramı əsasında fənn kurikulumlarına, fəal-interaktiv təlimə geniş yer verildiyini bildirən komissiya sədri institutun filiallarının pedaqoji kadrların ixtisasartırma təhsilinə cəlb olunması, müxtəlif mövzularda elmi-praktik konfransların, dəyirmi masaların, treninqlərin, açıq dərslərin və işgüzar görüşlərin keçirilməsi istiqamətində atdığı addımlardan danışıb. İ.Cəfərov yenidənhazırlanma təhsili üzrə mütəxəssis hazırlığı sahəsində görülən işləri, Azərbaycan Müəllimlər İnstitutunun beynəlxalq əlaqələri,  habelə Akkreditasiya Komissiyasının gəldiyi qənaəti iclas iştirakçılarının diqqətinə çatdırıb. 

Sonra çıxış edən Qərb Universiteti üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hesablama riyaziyyatı və informatika kafedrasının dosenti Əbülfət Pələngov bildirib ki, komissiya universitetdə müvafiq ixtisaslar üzrə tədrisin təşkilinin və həyata keçirilməsinin vəziyyətini, onun Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğunu təhlil edərək mütəxəssis hazırlığının səviyyəsini araşdırıb. Komissiyanın müəyyən etdiyi məsələlərdən söz açan Ə.Pələngov universitetin fəaliyyətinin təşkilatı-hüquqi təminatı, kadr hazırlığının məzmunu və strukturu, tələbə kontingenti, elmi-tədqiqat fəaliyyəti, kadr təminatı, universitetin idarə olunması, maddi-texniki bazası, eləcə də bu təhsil müəssisəsinin beynəlxalq əlaqələri barədə geniş məruzə edib. Qərb Universitetində bakalavriat səviyyəsində ixtisaslar üzrə sonuncu kurs tələbələrinin bilik səviyyəsinin yoxlanılması üçün keçirilən test sorğusunun nəticələrini diqqətə çatdıran komissiya sədri bu ali təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarları qeyd edib.

Akkreditasiya Şurasının iclasında geniş və ətraflı təqdimat-məruzə ilə iştirakçılara dolğun məlumat verən Xəzər Universiteti üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin xarici dillər kafedrasının müdiri Gülçöhrə Alıyeva öncə universitetin fəaliyyətinin normativ-hüquqi təminatı, tabeliyindəki strukturlar barədə danışıb. Universitetin professor-müəllim heyəti, tədris planının strukturu, təhsil proqramlarının tələbləri, elmi-tədqiqat mərkəzləri, bu ali məktəbin məzunlarının təhsillərini xaricdə davam etdirməsi haqqında məlumat verən G.Alıyeva Xəzər Universitetinin dünya universitetlərinin beynəlxalq reytinq cədvəlində yer tutduğunu da diqqətə çatdırıb. Daha sonra komissiya sədri universitetin maddi-texniki bazası, maliyyə təminatı və sonuncu kurs tələbələrinin biliyinin yoxlanılması məqsədilə keçirilmiş test sorğusunun nəticələrindən söz açıb.

Sonra hər bir universitet barədə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, konkret rəy və təkliflər səsləndirilib.

Təhsil naziri Misir Mərdanov hər üç ali təhsil müəssisəsində aparılan araşdırma ilə bağlı fikirlərini bildirib, öz tövsiyə və tapşırıqlarını verib. Azərbaycan Müəllimlər İnstitutunun pedaqoji kadrların müasir tələblər baxımından hazırlanması istiqamətində üzərinə düşən vəzifələrdən söz açan nazir bu ali məktəbə bir sıra məsələlərin həlli ilə bağlı lazımi dəstək göstəriləcəyini qeyd edib. Eyni zamanda Misir Mərdanov Qərb Universitetinin və Xəzər Universitetinin fəaliyyəti haqqında danışıb, hər iki universitetin qazandığı uğurları, yeniliklərin tətbiqi istiqamətində atdığı addımları diqqətə çatdırıb.

Sonda Akkreditasiya Şurası Azərbaycan Müəllimlər İnstitutunun, Qərb Universitetinin və Xəzər Universitetinin akkreditasiyası barədə müsbət qərar qəbul edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı