Modern.az

Əsl ağdamlı Qara qayanın suyunu içməli və…

Əsl ağdamlı “Qara qaya”nın suyunu içməli və…

Aktual

20 İyun 2019, 11:15

Vüqar Tofiqli


Hər görüşümüzdə bir çox mövzulara toxunsaq da, söhbətimiz Ağdamla başlayıb, onunla da bitirdi. Gah Kötəl arxında balıq tutmasından, gah “Döstluq” kinoteatrında baş vermiş maraqlı hadisələrdən, gah da texnikumda çalışdığı vaxt Quzanlıya pambıq yığmağa gəldiyindən həvəslə danışar, yorulmazdı.

Bu yazıya giriş üçün hansı məqamla başlamağı düşünərkən həmsöhbətimlə vəzifədə olarkən ilk görüşüm yadıma düşdü. Əlavə edim ki, onunla ilk görüşüm vəzifədə çalışdığının beşinci ilində olmuşdu. 

Hökmlü, zabitəli siyasi rəhbərlə görüşə ciddi hazırlaşmışdım. Nədən başlayacağımı və hansı mövzular ətrafında danışacağımı əvvəlcədən planlaşdırmışdım. Bu, bizim onun vəzifədə olduğu vaxt ilk və son görüşümüz oldu. Görüşdə yaddaqalan məqamlar çox olmuşdu. Üstündən altı il keçsə də, o görüşün hər dəqiqəsi yaddaşımda dərin izlər buraxmışdı.

İki saatadək davam edən söhbətdə iki məqam daha çox diqqətimi çəkmişdi. Birincisi, onun  hökmlü və zabitəli məmur olmasıyla yanaşı, həm də çox kövrək bir insan olmasının şahidi idim. Deyim ki, onun kövrək insan olmasını sonrakı görüşlərdə də bir daha yəqin etdim.

Həmsöhbətimin Ağdamla bağlı, döğma kəndi haqqında danışarkən necə kövrəldiyi göz önümdən bu gün də getmir. Sanki mənimlə danışa-danıişa ata ocağında tikdirdiyi evə baş çəkib qayıdırdı.

Maraqlıydı ki, sonralar görüş haqqında onunla çalışan bir çox həmyerlilərimə bu məqamı danışanda inanmırdılar. İndi düşünürəm ki, bəlkə mən də həmin vaxt onun işçisi hesab edilsəydim, mən də bu kövrəkliyə inanmazdım. Çünki həmsöhbətim bu kövrəkliyi və həssaslığı hər məqamda biruzə verməzdi.   

Diqqətimi çəkən ikinci məqam isə siyasi rəhbər olaraq gördüyü işlərdən zövq aldığını, dövlət başçısının Ağdama göstərdiyi qayğını daim hiss etdiyini, bununla da hər layihənin icrasına məsuliyyətlə yanaşdığını desə də, bir çox məqamda çətinlik çəkdiyini dilə gətirmişdi:

Mənfur erməni qonşularımız Ağdam şəhərini və rayonun 72 faizlik ərazisini işğal etdikdən sonra ilk olaraq rayonda formalaşan ziyalı mühiti ciddi zərbə almış oldu. Bir çox həssas və kövrək ziyalılarımız Ağdam ayrılığına dözməyərək, dünyalarını dəyişdi. Çıxılmaz vəziyyətdə qalan bəzi ziyalılarımız isə paytaxta üz tutdular. Burada, 28 faizlik ərazidə isə qalan azsaylı ziyalılarımız oldu ki, onlar da zərbə alan mühiti saxlaya bilmədilər. Nəticədə isə…

Bu gün hər birimiz bu mühiti, özü də sağlam mühiti yaratmağa yox, bərpa etməyə çalışmalıyıq…

Yəqin ki, söhbətin kimdən getdiyini artıq hiss etmiş oldunuz. Həmsöhbətim uzun illər hüquq-mühafizə orqanlarında rəhbər vəzifədə çalışmış, beş il ərzində Ağdam rayonuna başçılıq etmiş Nizami Sadıxovdur.

Dəfələrlə telefon  danışıqlarında, görüşlərimizdə ciddi fikir mübadiləsi etmişik. Sonuncu gorüşdə isə diqqətimi çəkən bir çox məqamlara toxunduq.  Onu da əlavə edim ki, bu söhbətdə ötən il qələmə aldığı kitaba daxil edilməyən məqamlar yer alıb. Həmsöhbətimin fikirlərini olduğu kimi təqdim edirəm.  Beləliklə…

- Uşaqlıq anlarının xatirələri nə qədər şirin olsa da, fikirləşəndə ki, həmin xatirələrin ocağı düşmən tərəfindən işğal olunub, o zaman bu xatirələr insana həm də ürək ağrısı gətirir. Adama elə gəlir ki, uşaqlıq xatirələri sanki əsir götürülüb. Ona görə də şəxsən mənim üçün uşaqlıq xatirələrini fikirləşmək, mənə əlavə əzab verir. Ancaq bütün bunlara baxmayaraq, həm Ağdam, həm uşaqlıq xatirələrim mənim üçün çox əzizdir.

Demək olar ki, uşaqlığım və Ağdamla əlaqədar xatirələrim üç-dörd gündən bir yuxuma girir. Sanki ağdamlı günlərimlə baş-başa qalıb yuxu gedirəm.

Ən çox yadımda qalan kəndimizdən keçən “Kötəl çayı”nda balıq tutmağımız, İsi dayının su dəyirmanında buğda üyütməyimiz kimi xatərələrdir.

Dəyirmanla bağlı çoxlu nağıllar mövcud olduğundan, bu nağılları hamımız bilirdik. Mən də o vaxtlar elə bilirdim ki, dəyirmanla bağlı bu nağıllar elə hamısı bizim kəndin dəyirmanına aiddir.

Mənim oxuduğum internat məktəbində Fenya adlı yaşlı bir qadın müəllimə var idi. Həddindən artıq alicənab bir insan idi. Başqa müəllimlər kimi uşaqları çubuqla döymürdü. Uşaqları başına yığıb çoxlu dəyərli söhbətlər edər,  daim məsləhət və  tövsiyələr verməyi unutmurdu. Hamı onu çox sevərdi.

1957-ci ildə internat məktəbinin direktoru çox hörmət etdiyimiz Həsən Axundov, dərs hissə müdirimiz isə Əniqə müəllimə idi. Əlində həmişə nazik nar çubuğu olardı. Bütün məktəbi o çubuq ilə idarə edərdi. Sanki o çubuq dirijor çubuğu idi.

O zamanlar Ağdamda "Pionerlər Evi" fəaliyyət göstərirdi. Belə ki, Ağdam rayonunun ictimai-siyasi və mədəni həyatında "Pionerlər Evi" nin çox müsbət rolu olmuşdur. 1964-1965-ci illərdə "Pionerlər Evi"ndə Xudu adlı müəllim ədəbiyyatı sevən uşaqlar üçün dərnək açmışdı. Mənim də vaxtım olanda gedib o dərnəkdə iştirak edirdim. O vaxtlar şeir yazmağa çox həvəsim var idi.

İnternatdan dərsdən qaçanda çox vaxt "Pionerlər Evi"nə gedib kinoya baxardıq.

İnternat məktəbində təhsil aldığım dövrdə bir hadisə məni çox sarsıtmış və yaddaşımda silinməz izlər buraxmışdı. Belə ki, internat məktəbinin qarşı tərəfində Stalinin böyük bir heykəli var idi. Bizim yataq otağından baxarkən bu heykəl görünürdü. Səhv eləmirəmsə, 1958-ci il olardı, biz uşaqlar yataq otağından gördük ki, Stalinin heykəlini yıxıb qaldırıcı kran vasitəsilə maşına qoyaraq, harasa aparırlar. Biz, oğlan uşaqları, tez heykəlin yanına qaçdıq. Lakin biz ora çatanda artıq heykəli aparmışdılar.

Biz uşaqlar Stalinin heykəlinin qırıntılarından qalmış bir neçə sement parçasını əziz bir əşya kimi götürüb ayrı-ayrı yerlərdə gizlətdik. Bütün müəllim və uşaqlara elə gəlirdi ki, heykəli uçuranlar Stalinin heykəlinə deyil, elə Stalinin özünə qəsd ediblər.

Mən düz bir il gizlətdiyim o heykəl qırıntılarını gedib gizlincə yoxlayırdım. Sonralar həmin ərazidə idman meydançası tikildi. Mənim üçün də Stalinin nişanəsi yoxa çıxdı. Mən sonralar başa düşdüm ki, Stalinin 1953-cü ildə ölməsinə baxmayaraq, Xruşov onun heykəllərini xalqın qəzəbindən qorxaraq, cürət edib dörd-beş il ərzində ölkə ərazisindən  yığışdıra bilmişdi.

Həsən Axundovdan sonra internat məktəbinin direktoru Şiraslan Abdullayev oldu. Şiraslan müəllim həddən artıq zabitləli, böyük nüfuza malik əsl şəxsiyyət idi.

Bir nüansı xüsusilə qeyd etmək istərdim. Belə ki, mən Respublikamızın bütün bölgələrində polis rəisi vəzifəsində işləyərkən, həmin rayonların ictimai-siyasi həyatında yaxından iştirak etmiş, həmin rayonun bütün məktəblərində hüquqi mövzularda çıxışlar etmişəm. Ancaq heç bir rayonda Həsən Axundov, Şiraslan Abdullayev, Süleyman Zeynalov, Kamil Əliyev, Əli Eyvazov və Şahmar Kərimov kimi şəxsiyyətlər görməmişəm. Adlarını çəkdiyim pedaqoqların hər biri respublikanın böyük rayonlarına başçılıq etməyə qabil rəhbərlər idi.

Bütövlükdə götürsək, Ağdam rayonunda böyük və möhtəşəm kadr potensialı mövcud idi. Azərbaycanmın bir çox şəhər və rayonlarında həmin vaxtlar əslən Ağdam rayonundan olan əlliyə yaxın  şəxs vəzifə başında idi.

Ağdam şəhərində əhalinin özünəməxsus yaşam tərzi var idi. Belə ki, ən gözəl evlər, ən gözəl avtomobillər Ağdamda olardı, çünki insanları  həm də zəhmətkeş idilər.

Ağdamlıların ən çox fərqli cəhətlərindən biri insanlarının qorxmazlığı, ağayanalığı, mərdliyi, ədəb-ərkanlığı, böyük-kiçik yerini bilmələri idi. Ən böyük məsələ də onda idi ki, Ağdamda hamı öz yerini bilirdi. Heç kəs layiq olmadığı hörməti və ya hörmətsizliyi görməzdi. Hər kəsin cəmiyyətdə tutduğu mövqeyə görə yeri olardı.

Ağdamlıların ən böyük xüsusiyyətlərindən biri də insanların bir-birinə əl tutub köməklik göstərmələri idi. Kənar bölgələrdən Ağdam rayonuna işləməyə gələn vəzifəli şəxslər işlədikləri dövr müddətində çalışırdılar ki, yerli əhaliylə ehtiyatlı davransınlar. Hətta MK-dən Ağdam rayonuna mühazirə oxumağa göndərilən şəxslər belə, seçilərək göndərilirdi.

Ağdam və ağdamlılar barədə çox xatirələr danışmaq olar. Çünki hər daşı, hər qarış torpağı bizim üçün müqəddəsdir və yaddaşımıza həkk olub, ünsiyyətdə olduğumuz insanları ilə birlikdə.

Mənim üçün əziz olan xatirələrimin çoxu "İmarət" adlandırdığımız müqəddəs məkanla bağlıdır. Ağdam rayonunda keçirilən bütün idman yarışları, musiqi festivalları və başqa tədbirlərin yeganə ünvanı "İmarət" idi. Həm də "İmarət" öz qoynunda qədim Qarabağımızın tarixini yaşadırdı.

Məni ilk dəfə “İmarət”ə 1957-ci ildə birinci sinifdə oxuyarkən böyük qardaşım futbol oyununa baxmağa aparmışdı. Ağdam futbol komandasının “İmarət”də keçirdiyi oyunlarda uduzmasını heç xatırlamıram. Mənə elə gəlirdi ki, əgər Ağdam futbol komandası Braziliya futbol komandası ilə “İmarət”də oyun keçirsəydi, elə Ağdam komandası udardı. Bu mənim uşaq təxəyyülüm idi.

Daha bir xatirə - Ağdam "Dostluq" kinoteatrı ilə bağlı xatirələrimdir. Şəhərin hörmətli cavanları bu məkana - "Dostluq" kinoteatrının yanına yığışar, futboldan, musiqidən mübahisə edərdilər. Dünyanın ən yaxşı, dadlı, sərin suları da elə orada, Elxanın su budkasında olardı.

Kinoteatrın müdiri Fazil müəllim də özünəməxsusluğu ilə fərqlənən bir insan idi.  Bəzən nümayiş  olunacaq  filmlərin  afışasına  "16  yaşına qədər  uşaqların buraxılması qadağandır" deyə yazdırar, çoxlu tamaşaçı cəlb etmək üçün fənd işlədərdi. Filmi dörd gözlə izləyən cavanlarsa çox vaxt kinoteatrdan deyinə-deyinə çıxırdılar, başa düşərdilər ki, bu, Fazil müəllimin "kələyi" imiş.

Ağdam rayonun bəlkə də deyərdim ən qəddar adamı kinoteatr zalının nəzarətçisi idi. Zalda tum çırtlamaq və ya siqaret çəkmək xırda xuliqanlığa bərabər bir qanun pozuntusu idi.

Kinodan söz düşmüşkən, kinoteatrın qarşısındakı personajları da yaddan çıxarmaq olmaz ki... Dönü, tumsatan Neji, tumsatan Bəndalı, Dəli Dilbər - bunlar Ağdamın yaraşığı idilər.

Mən ilk dəfə Ağdamda kinoteatra təxminən 1956-cı ildə getmişəm. O vaxtlar kinoteatr Nadirin "Dejurnıy" mağazasının yerində yerləşirdi. Baxdığım filmin adı isə "İlya Murames" idi.

Ağdamlı günlərimizin xatirələrini sadalamaqla bitməz. Ağdam bizim atalı-analı günlərimizin şahidi, müqəddəs ruhlarımızın məkanıdır. Ağdam bizim üçün uşaqlıq, gənclik dövrümüzün həzin, şirin bir xatirəsi olmaqla yanaşı, həm də ürək yandıran, kədər dolu bir həsrət dünyamızdır.

Ağdamdan kənarda ağdamlı olmaq çox da asan iş deyil. Ona görə ki, əsl ağdamlı Ağdam torpağında doğulmalı, "Qara qaya"nın suyunu içməli, bir də günəşin şüasını o torpaqda qarşılamalıdır. Əks halda, biz yarımçıq ağdamlı olacağıq...

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır