Modern.az

Azərbaycanda 80 ovçu cərimələnib

Azərbaycanda 80 ovçu cərimələnib

31 Yanvar 2012, 11:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən 2011-ci il ərzində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və qorunması istiqamətində işlər davam etdirilib. 

Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, hazırda ölkəmizdə ümumi sahəsi 880 774,04 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,2 faizini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2008-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması məqsədilə layihə-dizayn işlərinin başa çatdırılması istiqamətində 2011-ci ildə də işlər davam etdirilib. 

Almaniya Federal Hökumətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü” proqramı çərçivəsində “Samur-Yalama” Milli Parkı layihəsi üzrə torpaqayırma sənədlərinin işlənilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilib, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq xəritələr hazırlanıb. Hazırda aidiyyəti dövlət orqanlarından rəy alınması üçün müvafiq sənədlər təqdim edilib.

“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2010-cu il 24 dekabr tarixində cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə buraxılan ceyran sürüsünün hərəkətinə 2011-ci ildə də peyk vasitəsilə mütəmadi nəzarət olunub, onların hərəkət istiqamətlərindən asılı olaraq su və yemlə əlavə təminatı həyata keçirilib.

Bugünədək 120 baş ceyran öz tarixi areallarına buraxılıb və hazırda layihənin II mərhələsi üzrə işlər davam etdirilir. Buraxılan ceyran sürülərində artım (balavermə) müşahidə olunub.
Zaqatala-Balakən regionunda ölkədə ilk biosfer rezervatının yaradılması ilə əlaqədar təyin olunan xarici ekspertlərlə birlikdə müvafiq tədbirlər həyata keçirilib. Almaniya tərəfindən daxil olan xüsusi razılaşma sənədinə Nazirliyin aidiyyəti qurumları tərəfindən baxılıb, rəy və təkliflər qarşı tərəfə təqdim edilib.

2011-ci il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qanun pozucularına qarşı 857 akt, 240 protokol tərtib edilib, qanun pozuntuları ilə əlaqədar təbiətə 79405,35 manat dəyərində ziyan vurulduğu hesablanıb, inzibati qaydada 153420 manat cərimə tətbiq edilib. Ümumilikdə tətbiq edilən 232825,35 manat ziyan və cərimədən 92005,87 manat vəsait xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılan xüsusi fondlara ödənilib. Qanun pozuntuları ilə bağlı sənədləşdirilmiş 38 iş baxılılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına (polis şöbələrinə), 104 iş aidiyyəti üzrə rayon məhkəmələrinə və məhkəmə icraçıları bölmələrinə göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ötən il ərzində ölkə ərazisində “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması və qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilib.

Keçirilən reydlər zamanı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında brokonyerliklə məşğul olan şəxslərdən 83 ədəd ov silahı götürülüb, 80 şəxs barəsində akt və protokol tərtib edilərək 75800 manat məbləğində cərimə tətbiq edilib və 1166 manat iddia qaldırılıb. Cəmi tətbiq edilən 76966 manat iddia və cərimədən 24882,5 manat ödənilib, qalan məbləğin ödənilməsi üçün isə aidiyyəti üzrə rayon məhkəmə icraçıları bölmələrinə müraciət edilib. Şəxsiyyəti məlum olmayan 3 nəfər barəsində tərtib edilən sənədlər aidiyyəti üzrə rayon polis şöbələrinə göndərilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü