Modern.az

Dəmir yollarında konteyner daşımalarının 2 dəfə artacağı proqnozlaşdırılır - ADY

Dəmir yollarında konteyner daşımalarının 2 dəfə artacağı proqnozlaşdırılır - ADY

Aktual

30 Oktyabr 2019, 14:44

2017-ci ilin oktyabr ayında fəaliyyətə başlamış “Bakı-Tbilisi-Qars” dəmir yolu xətti vasitəsilə yükdaşımaları reallaşdırmaq məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müvafiq tədbirlər görülüb və yük həcmini artırmaq üçün təşviqat işləri aparılıb.

 

Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, fəaliyyətə başladığı dövrlərdə yalnız konteynerlər vasitəsilə yüklərin daşınması həyata keçirilən “Bakı-Tbilisi-Qars” dəmir yolu ilə yüklər artıq vaqonlarla da nəql edilir:

 

“ADY ilə ekspedisiya müqaviləsi olan şirkətlərin operatorluğu ilə Rusiyanın Maqnitoqorsk Metallurgiya Kombinatı ilə əməkdaşlıq reallaşıb. Dəmir yükü ilə yüklənmiş vaqonlar Rusiyanın Maqnitoqosrk-Qruzovoy stansiyasından yola salınaraq, 17 gün ərzində 5 000 kilometrə yaxın məsafəni qət edib, Rusiya, Azərbaycan və Gürcüstandan keçərək, Qarsa və daha sonra Türkiyənin Payas stansiyasına çatdırılıb”.

 

Həmçinin bildirilib ki, bu vaxta kimi həmin yüklər əvvəlcə Novorosiysk Limanına, oradan da gəmi vasitəsilə İskəndəruna çatdırılıb:

“Bu zaman yüklər 6 000 kilometrə yaxın məsafəni, 30 günə qət edirdi. Onu da qeyd edək ki, gəmilərin hərəkəti hava şəraitindən də asılıdır. Eyni zamanda, limanlarda yüklərin vaqonlardan gəmilərə yüklənməsi əlavə vaxt və vəsait itkisi ilə nəticəlinirdi. İndi isə yükləri Rusiyadan Türkiyəyə və əks istiqamətdə, “Bakı-Tbilisi-Qars” dəmir yolu ilə nəqliyyat növü dəyişmədən çatdırmaq mümkündür”.

 

Rəsmi məlumata görə, 2017-ci ildən 2019-cu ilin ilk 9 ayı da daxil olmaqla BTQ dəmiryolu xətti ilə konteyner daşımaları barədə göstəricilər aşağıdakılardır:

“Daşınan konteynerləri 20 futluq ekvivalentdə götürsək o zaman 2017-2019-cu ilin ilk 9 ayı ərzində cəmi 8417 konteyner daşınıb. Konteyner ilə daşınan yüklərə misal olaraq avadanlıqlar, taxıl, noxud, tikinti materialları, yuyucu vasitələr, qara metal, sürtkü yağları, ərzaq məhsulları, heyvan yemləri, mineral su və soya tərkibli yemləri misal göstərmək olar. Növbəti il (2020-ci il) üçün konteyner daşımalarının 2 dəfə artacağı proqnozlaşdırılır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir