Modern.az

Poçt xidmətindən şikayət – məcburi qəzet satışı

Poçt xidmətindən şikayət – məcburi qəzet satışı

Təhsil

12 İyun 2012, 15:17

Nazirlik deyir ki, tədbir görülür, İstehlakçılar Birliyi isə əksini iddia edir

Təcili pul göndərmək istəyəndə ağlımıza ilk “Azərpoçt” gəlir. Pulu lazımi ünvana göndərilir. Amma poçt şöbəsində pulu alan şəxs əməliyyatçıların məcburi qəzet satması ilə də rastlaşır. Yəni istədin-istəmədin, səndən ölkədə o qədər də tanınmayan, alıcısı olmayan qəzetlərin pulunu alırlar. 10 saylı poçt şöbəsində də durum bu cürdür. Bunu Modern.az-a daxil olan şikayətlər də təsdiqləyir.
Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ən inkişaf etmiş nazirliklərdən biri olsa da, onun “Azərpoçt” sistemində çox böyük problemlər yaşanır: “Dəfələrlə “Azərpoçt” rəhbərliyi ilə söhbət etmişəm. Çünki uzun müddətdir ki, “Azərpoçt”da vətəndaşlarının hüquqları pozulur”.
E.Hüseynovun fikrincə, qəzetlərin məcburi şəkildə verilməsi qanun pozuntusudur: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 8-ci maddəsində göstərilir ki, xidmət göstərən tərəf istehlakçıya pullu xidmət təklif edə bilməz. Bu cür məsələlərlə bağlı nazir Əli Abbasova dəfələrlə rəsmi müraciət edilsə də, o, həllini tapmır. Yəni hələ də insanlardan zorla pul qopardırlar”.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovdan da bildirdi ki, bu cür hallara yol verildikdə nazirlik onları araşdırır və lazımı tədbirlər görür.

10 saylı poçt şöbəsindən isə bildirdilər ki, vətəndaşlara məcburi qaydada qəzet satılmır.   “Əgər vətəndaş qəzeti istəməsə, heç kim ona məcbur qəzeti sata bilməz. Bu məlumat doğru deyil”.

Sevinc İLTİFATQIZI
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı