Modern.az

İTBAŞI (11-ci bölüm)

İTBAŞI (11-ci bölüm)

31 Avqust 2020, 11:20

Mahir Qabiloğlunun romanı

 

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

("İTBAŞI"nın 7-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 8-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 9-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 10-cu bölümünün LİNKİ)

 

 

Saray. Şahənşah taxtında əyləşib. Baş vəzir hüzurundadır.

– Deməli, bəzi kişilər zərgərlərə qızıl sırğa sifariş edirlər.

– Bəli, hökmdar. Hələlik azdır belələri. Əsasən üzdəniraqlardır.

– “Üzdəniraq” nə deməkdir?

– İbnələr.

– Yenə anlamadım.

– Kişi fahişələr. Xalq onları belə çağırır. Təbiblər üçün də iş açılıb. Qulağı bir gümüşə deşirlər.

– Əla! Əla! Əla-ül-əla! Amma ki, sağ qulaqlarına taxmalıdırlar sırğanı. Özü də qızıldan olmamalıdır. Təbiblərə və zərgərlərə xəbərdarlıq elə!

– Başüstə, şahənşahım.

– Amma sən sırğa istəmədin. Özü də hədiyyə edirdim sənə.

– İstəyirəm, şahənşahım. Necə istəməyə bilərəm? Sadəcə qorxuram qulağımı deşdirməyə. Sizin əlinizdən qızıl sırğa almaq mənim üçün böyük şərəfdir.

– Deməzdim. Nəsə axır vaxtlar özünü şübhəli aparırsan.

– Əsla, şahənşahım. Dəfələrlə sınaqlarınızdan üzüağ çıxan həmin sədaqətli Qüdrətəm. Sadiq qulunuz.

– Dilin deyir.

– Dilim ürəyimdəkini deyir, şahənşahım. Məni yenidən həyata siz qaytarmısınız.

– Bəs onda niyə tədbir görmürsən?

– Kimə?

– Mənə söyüş yağdıranlara. Lərzandakı kimi gərək hökmən mən qərar çıxarım? Özü də kargüzar Lərzan mənim barəmdə bir dənə də nalayiq söz işlətmirdi. Sizləri heç söymürdü də... tənqid edirdi. Onu amansız edama məhkum etdim. Bəs siz? Məni söyən zatıqırıq nakəslərdən neçəsinin başını kəsmisiniz camaatın gözü qabağında? Hə? Sayəmdə var-dövlətiniz günü-gündən artır. Adi valilər özlərini kiçik padşahlar kimi aparırlar. Mən sizləri təhqir edənlərin nəslini sildim yer üzündən. Elə qətlgah qurdum ki, indiyəcən cınqırını çıxaran yoxdur. Rahatca sorursunuz camaatın qanını, varlanırsınız. Amma indi məni söyürlər. Bəs siz niyə mənim kimi hərəkət etmirsiz? Dəm vurduğun sədaqət camaatın söyüşlərini mənə çatdırmaq, ya da qoduqluğa salıb şallaqlatdırmaqdırmı yalnız? Siz saray əyanısınız, yoxsa xəbərçi? Böyrünüzdə gəzdirdiyiniz qılınc nə üçündür? Rədd ol gözümün qabağından! Hamınızı pazlamaq mənə borc olsun, – deyə şahənşah qışqırdı. Bunu eşidən qaraniqablılar baş vəzirin qoluna girərək sürüyüb otaqdan çıxartdılar.

Göyverən hirslənmişdi. Otaqda var-gəl etməyə başladı. Bilmirdi ki, son vaxtlar onda hardan yaranmışdı rəhmlilik. Əvvəllər ona yad olan bu hiss idi indi qəti qərar çıxarmağa qoymayan. İtbaşının son sözləri – “it itin ayağını basdalamaz” ifadəsi də onu lap çaş-baş salmışdı. Bilmirdi həyatını qorusun, yoxsa düşmənlərini susdursun. Ürəyində bir qorxu hissi vardı. Kimdən qorxduğunu isə tapa bilmirdi. Amma son söyüş ona yaman yer eləmişdi. Şahənşah taxtına oturdu. Fikrə getdi: deməli “oğraş”. Mən oğraşammış. Axı oğraş anası qəhbəyə deyilir. Lap bura bacısı, arvadı qəhbə olanı da qataq. Mənimsə nə anam var, nə bacım. Şah olduğum üçün evlənmək də qadağandır. Onda mən hardan oğraş oldum? Bəlkə xalq məni özünün atası, qardaşı, oğlu, əri sayır? Çünki mənəm hamının böyüyü. Allahın da yerdəki kölgəsi, əksi mənəm. Belə çıxır ki, qadınları, kişiləri pis yola salan mənəm? Ona görə adımı oğraş qoyublar? Onları bir tikə çörəyə möhtac qoyan mənəm? Kişiləri öldürüb arvadlarını dul, qızlarını başsız qoyaraq özlərini satmağa məcbur edən mənəm? Belə çıxır ki, həqiqətən də mən oğraşam? Bəs onların ataları, ərləri, qardaşları oğraş sayılmırmı? Sayılır. Onda belə çıxır ki, onlar oğraşdırlar, mən isə baş oğraşam? Kənardan mənə şahənşah – şahların şahı deyirlər. İçəridə isə baş oğraş – oğraşların oğraşıyam? Nə edim? Qadağaları yenidən tətbiq edimmi? Şahənşahlığı ləğv edib şahlıqları öz şahlarına qaytarımmı? Şahzadə Göyverənləri özüm öz əllərimlə qətlə yetirimmi? Bacararammı? Geriyə yol varmı? Yox. Axı şətrəncdə uduzulan daşları geri qaytarmaq mümkün deyil. Şətrəncin axı bura nə dəxli? Mən də şey tapdım müqayisə etməyə. Axı hanı qarşı tərəfin qara şahı, qara vəziri, qara topu, atı..? Axı onlar da yoxdur? Mən hamıya mat vermişəm, hamını mat qoymuşam. Yox! Geriyə yolum yoxdur! Hamı eyni olmalıdır. Cəmiyyətdə bərabərlik yaratmalıyam. Atam Həqqi Şah da vəsiyyətində belə demişdi. Amma o camaatın cibini nəzərdə tutmuşdu. Mən də hamının güzəranını bərabərləşdirdim. Bəs indi hansı bərabərlikdən söhbət gedir? Mənəvi cəhətdən bərabər deyillər? Axı buna nail olmuşam: məmləkətin adı – Göyverən; sülalənin, xalqın adı – Göyverən; məscidlərin adı – Göyverən; mollaxanaların, mədrəsələrin adı – Göyverən; pulun adı – Göyverən; dünyada yeganə, bütün dinləri birləşdirən ibadətgahın adı – Göyverən; iyirmi min şahzadəmin hamısının adı da, soy adı da, atasının adı da Göyverən. Başqa nə qalıb axı? Göyverən əhli olan kişilər sağ qulaqlarına sırğa taxmalıdırlar? Nə çətin şeydir ki? Bircə fərmanın bəsdir buna. Yox. Bu könüllü olmalıdır. Bu istək ürəkdən gəlməlidir. Burda amiranəlik olmamalıdır. Daxilən, zahirən göyverənə çevrilmək üçün şahın hökmü yox, ürəyin hökmü olmalıdır. Hamı mənim kimi olmalıdır. Bax onda heç kim mənə “göyvərən” deyərək lağ edib, həqarətlə baxa bilməyəcək.

 

***

 

Divan. Baş vəzir qanıqara halda taxtında oturub. Baş hakim Fərman, baş xəzinədar Hətəm, baş fərraş Qəşşaş hüzurunda dayanıblar.

– Lap başımı itirmişəm. Bilmirəm şahənşah nə istəyir. Əvvəllər bilirdim ki, yalnız qızıldır istəyi. Amma indi...

– Düz deyirsən, ay Qüdrət. Elə gün olmurdu ki, üç-dörd dəfə yanına çağırmasın məni. Belə getsə şahənşahın sifəti yadımdan çıxacaq. İş-güc də yox. Qızılların üstündə yatan ilana oxşayıram. O da azala-azala gedir. Nə fikirləşir hökmdar, bilmirəm, – deyə baş xəzinədar Hətəm Qüdrətin sözünə qüvvət verdi.

– Şahənşahın otağına girməyə çox da həvəs göstərmə, Hətəm. Əvvəlki vaxtlara ağlın getməsin. Hər dəfə ora sağ girib sağ çıxanda Allahıma şükür edirəm. Aslanın seçib qapıya qoyduğu şahzadə Göyverənlərə baxanda belə adamın zəhri yarılır. O ki qaldı, adamı soyunduralar, ayağının arasınacan, ağzının içinəcən yoxlayalar. Bir dəfə səni çağırsa, özün görəcəksən?

– Baş vəzir, başqa bir şey etmirlər ki? Sadəcə yoxlayırlar? – deyə baş hakim Fərman dilləndi.

– Başın xarabdır, Fərman? Qulağını itirmisən, yenə də ağlın gəlmir yerinə. Amma şahənşahımız mənə yolun göstərdi. Öz qulağına taxdığı sırğadan mənə də verib dedi ki, bəs istəmirsənsə səni hər yanıma gələndə soyundurub yoxlasınlar, get sağ qulağını deşdir. Mən külbaş isə razı olmadım.

– Sən qurd ürəyi yemisən, Qüdrət. Şahənşahın yerində olsaydım çoxdan ilim-ilim itirmişdim səni.

– Sonra da səni aparıb qoymuşdu mənim yerimə baş vəzir. Eləmi? Arzun ürəyində qalsın, Fərman! Bura sizi çərənləmələrinizə qulaq asmaq üçün çağırmamışam. Bir tədbir tökün – nə edək? Şahənşah onu söyənlərin biz tərəfdən cəzalandırılmasını istəyir. Dedi ki, əncam çəkməsəniz, sizin özünüzü pazlayacağam.

– Başa düşmədim. Xalqın hamısını qırdırmaq istəyir? Onu söyməyən var ki? – deyə Fərman yenə dilləndi.

– Sən də söyürdün, mən də söyürdüm, hələ Qurbanı, Loğmanı demirəm. Sonu nə oldu? Hamımızı oturtdu yerimizdə. İstəsə hamısını susdurar. Amma eləmir. Nəyisə gözləyir. Hiss edirəm. Bizimlə məzələnir, bəlkə də sınağa çəkir. Nə edək? Danışın.

– Qüdrət, öldürməklə iş hasil olan deyil. Çoxdurlar, – deyə Fərman dilləndi, – Buna yalnız baş fərraş əncam çəkə bilər. O, oğraş-qəhbənin dilini yaxşı bilir.

– Nə deyirsən, baş fərraş? Əncam çəkə bilərsənmi bu məsələyə? – deyə baş vəzir Qüdrət üzünü Qəşşaşa tutdu.

– Əmr edərsiniz, baş vəzir həzrətləri. Xırda şeydi. Üçcə gün vaxt verin, hər şeyi qoyum yoluna. Camaat nəinki “oğraş”, “göyvərən” sözünü deyə biləcək, heç xəyalına da gətirməyəcək.

– Qətlə yetirəcəksən?

– Ölmək bu zəmanədə xoşbəxtlik sayılır, baş vəzir həzrətləri. Başqa yolu var. Sadəcə, əmrinizi gözləyirəm.

– Axı nə etmək fikrin var?

– Bu məsələyə əncam çəkməsəniz sizləri necə cəzalandıracaq şahənşahımız?

– Dedi ki, hamınızı... Hə, indi çatdı mənə. Ay fərraş, sən nə ağıllı adammışsan. Afərin.

 

***

 

Baş fərraşın zindanı. Fərraşlar meydanda, bazarda “oğraş Göyverən”, “göyvərən” sözlərini işlədənləri yaxalayıb bura gətiriblər. Yüz on iki nəfərdir. Əl-ayaqları qandallanıb. Qoduqluqda işgəncə verilmək üçün müxtəlif qurğular var. Həbs olunanların rəngi ağarıb, tir-tir əsirlər. Baş fərraş onların sırası önündən keçərək hamısına diqqətlə baxır.

– Deməli, söyürdünüz. Özü də kimi-kimi – Şahənşah Göyverəni. Heç kim də sizə dinmirdi. Arada fərraşlar şillələyirdi, şallaqlayırdı, o da təsir etmirdi. Hökmdarımızın rəhmli olmasından sui-istifadə edirdiniz. Elə bilirdiniz ki, dinmirsə, deməli qorxur. Elə axıracan da belə davam edəcək. Amma yanılırmışsız. Niyə əsirsiniz? Qorxursunuz? Qorxmayın. Sizi heç kim qətlə yetirməyəcək. Bəxtiniz gətirib ki, adil və rəhmli şahənşahımız ölüm hökmünü ləğv edib və bizim əlimizin sizin kimi haramzada, zatıqırıqların qanına bulaşmasına razı olmayıb. Olaydı əvvəlki vaxtlar... artıq cəhənnəmin qır tiyanında – bədəniniz bir tərəfdə, başınız isə o biri tərəfdə – pıqqapıqla qaynayırdınız. Amma lap ölüm hökmü olsaydı da, bu sizin üçün çox yüngül cəza sayılardı. İndi bilirsinizmi sizin başınıza nə oyun gətirəcəyəm? Yox, şallaqlamayacağam. Dırnaqlarınızı da çıxartmayacağam. Dişlərinizi qırıb qarnınıza tökməyəcəyəm. Gözlərinizi çıxarıb kor etməyəcəyəm. Qulaqlarınıza şiş soxmayacağam. Bir də söyüş söyə bilməyəsiniz deyə dilinizi də kəsməyəcəyəm. Əsla. Bura bilirsiniz haradır? Baş fərraşın zindanı. Adına xalq arasında “qoduqluq” deyirlər. Eşşək oğlu eşşəklər, sizi qoduq kimi damğalayacağam. Necə? Əvvəlcə sizin başınızı qaynar suya saldırıb, saçınızı toyuğun tükü kimi bircə-bircə yolduracağam ki, gec çıxsın. Sonra kim şahənşahımıza oğraş deyibsə, bax bu dəmir damğanı közün üstündə qızdırıb alnına “oğraş” sözünü həkk edəcəyəm. Kim ki, göyvərən söyləyib, alnına “göyvərən” dağı basacağam. Ondan sonra meydanda qəfəsə salıb, üç gün hamıya nümayiş etdirəcəyəm ki, başqalarına dərs olsun.

– Nə olsun? Hamı yaxşı bilir ki, biz həqiqi oğraş və göyvərən deyilik. Kimin həqiqi oğraş və göyvərən olmasını isə xalq gözəl bilir. Əsl oğraş və göyvərən Şahənşah Göyverəndir, – deyə məhkumlardan biri baş fərraşa xoruzlandı.

– Bərəkallah. Sənin ağlın o qədər çoxdur ki, artıq qıcqıraraq yerə tökülür. Mən bilməzdim ki, xalqımın belə ağıllı övladları var. Yaxşı ki, məni tez ayıltdın. Yoxsa günaha batacaqdım. Siz belə edin. Əvvəlcə iki yerə bölünün. “Oğraş” deyənlər bu tərəfə, “göyvərən” deyənlər isə o tərəfə keçsin, – deyib baş fərraş kömürlə yerdə cızıq çəkdi. Tutulanlar iki yerə bölündülər, – Düz buyurdu bu ağıllı şəxs. Mən baş fərraşam. Ömrümdə heç kimə böhtan atmamışam, atmamalıyam da... Bura düşənlərin hamısının təqsiri olub. Çoxlarını da bağışlamışam – hakimsiz, qazisiz. Amma şərləməmişəm. İndi də böhtançı ola bilmərəm. Fərraşlar, “oğraş” damğası vurulacaq adamlardan kimin anası, bacısı, arvadı varsa gətirin bura. “Göyvərənlər” üçünsə “gülünc şalban” indi lap işimizə yarıyar. Hə, bilirsinizmi “gülünc şalban” nədir? – deyə baş fərraş ortasında bir böyük, onun da yanlarında iki balaca yumru deşikləri olan, qıraqlarından kəndirlə bağlanan iki arşın uzunluğu olan taxta parçasını əlinə götürdü, – Bunu lap qədimdən qullar üçün nəzərdə tutublarmış ki, bir yerdən başqa yerə aparanda aradan çıxa bilməsinlər. Bunu onların başına taxanda gülməli göründüklərinə görə, adını “gülünc şalban” qoyublar. Əslində bu iki hissədən ibarətdir. Kəndirlə bir-birinə bağlanıb, – deyib Qəşşaş kəndirləri açmağa başladı. Taxta uzununa ortadan iki yerə bölündü. Fərraşlar hərəsi əlinə bir hissəni götürüb bayaq dil-dil ötən məhkuma yaxınlaşdılar. Qurğunu onun boğazına və əllərinə keçirib, taxtanın hər iki tərəfini kəndirlərlə bərkitdilər. Baş fərraş sözünə davam etdi, – Lap günaha batacaqdım. Yaxşı ki, özünü həqiqi göyvərən saymayan bu məxluq vaxtında məni ayıltdı. Heç kim layiq olmadığı cəzanı ala bilməz. Mən isə lap az qalmışdı ki, günaha batım. Axı mən siz deyiləm. Axı siz nə vaxt şahənşahımızın oğraşlığını görmüşdünüz ki, hələ bir ona “oğraş” da deyirdiniz? Axı siz nə vaxt hökmdarımızın “göyvərənliyini” görmüşdünüz ki, onu “göyvərən” adlandırırdınız? Hə? Mən isə günaha bata bilmərəm. Və nə vaxtsa Haqq dünyasında bunun bədəlini ödəməyə halım yoxdur. Özlərini göyvərən saymayanlar əvvəlcə öz cəzalarına layiq görüləcəklər. Sonra isə saçları yolunacaq və alınlarına həmin damğa basılacaq. Özlərini oğraş saymayanların gözü qabağında isə ana-bacılarını, arvadlarını... – deyib baş fərraş gülünc şalbanı dartaraq məhkumu üzüqoylu kürsünün üstünə uzatdı. Fərraşlar onun şalvarını aşağı çəkdilər... – Yox, elə oğraşlar da gülünc şalbanın həzzini almalıdırlar – ana-bacılarının gözü qabağında.

 

***

 

Divan. Baş vəzir taxtında oturub. Baş hakim Fərman, baş xəzinədar Hətəm, baş fərraş Qəşşaş hüzurunda dayanıblar.

– Əhsən, baş fərraş. Gör bu mənim saray əyanlarımın ağlına gələrdi? Pul yığmaqdan başqa heç nə bilmirlər. Əhsən sənə. Ənamın məndə.

– Xırda şeydir, baş vəzir həzrətləri. Nə desəniz canla-başla hazırıq.

– Hətəm, indi xəbəri şahənşahımıza çatdıranda, görəsən nə deyəcək?

– Deyəcək ki, “Əla! Əla! Əla-ül-əla!” – deyə Hətəm şahənşaha xas bəlağətlə ifadə etdi.

Saray. Şahənşahın otağı. Baş vəzir baş fərraşın etdiklərini hökmdarın nəzərinə çatdırır. Göyverən deyilənlərə qulaq asıb, taxtına yayxanır.

– Əla, Qüdrət, əla! Əla-ül-əla! Bu kimin ağlına gəldi?

– Əlbəttə ki, mənim, ey adil hökmdar. Baş fərraş da layiqincə icra etdi.

– Görürsən? İstəyəndə çıxış yolu tapırsan. Gərək tez-tez təpinim sənə.

– Şahənşahım, siz sağ olun ki, ayıltdınız məni. Deməsəydiniz ki, “pazlayacağam sizi”, hardan yadıma düşəcəkdi bu cəza?

– Pazladılar, yoxsa..?

– Şahənşahım, cismani cəza verdilər. Pazlamaq məcazi mənada işlənir, – deyə baş vəzir güldü.

– Sənə və baş fərraşa şah ənamı verirəm.

– Ömrünüz uzun olsun, şahənşahım.

– Neçə nəfərdir onlar?

– Yüz on iki.

– Elə o qədər dəmir sırğa götürüb keçir onların sağ qulağına. Uclarını da lehimlətdir ki, çıxara bilməsinlər. Bundan sonra kim bu söyüşü dilinə gətirsə, belə et. Sol yox ha... sağ qulağına. Qandın?

– Qandım, şahənşahım, qandım. Bir ricam var. O qızıl sırğanı verərsinizmi mənə?

– Get deşik açdır sağ qulağında, sonra danışarıq. İndisə gedə bilərsən.

Baş vəzir Qüdrət otaqdan çıxır. Əllərini göyə qaldırıb “Ay Allah, məni heç kimin yanında peşman eləmə. Axır ki, şahənşahın təzə zəif yerini tapa bildim” deyərək sevinə-sevinə gedir.

 

***

 

Səhərdir. Şahənşah səs-küyə oyanır. Eyvana çıxır. Uzaqdan qara bir zolağın paytaxta yaxınlaşdığını görür. Tez əbasını geyinib başının dəstəsiylə meydana tələsir. Şahzadə Göyverənlər qala qapısından təxtgaha daxil olurlar. Düz meydana gəlib şahın dayandığı kürsü ətrafında böyük çevrə yaradırlar. Meydan tutmadığından arxa küçələrə, dalanlara sıxışırlar. Baş mühafiz atından düşüb şahənşahın önünə gəlir:

– Şahənşahım, əmriniz yerinə yetirildi. İyirmi min şahzadə hüzurunuzdadır.

Hökmdar önə çıxıb:

– Şahzadələrim, xoş gəlmisiniz. Yaman darıxmışdım sizinçün. Ona görə paytaxta dəvət etdim. Üç gün qonağımsınız. Karvansarayların yox, hansı evin istəsəniz qonağı ola bilərsiniz. Kim üzünüzə pis baxdısa ona elə orda yerini göstərin. Siz şahənşah övladlarısız. Nə istəsəniz onu da eləməyə ixtiyarınız var. Sağ qulağında üstünə “Göyverən” sözü həkk edilmiş sırğa gəzdirənlərə isə hörmətlə yanaşın. İndi isə dağılışın.

Şahzadələrin “Şahənşah Göyverən”, “Şahənşah Göyverən” sədaları altında Göyverən kürsüdən düşüb atına mindi. Meydanı tərk etdi.

 

***

 

İki gün keçir. Divan. Baş fərraş baş vəzirin hüzurundadır.

– Necədir vəziyyət, baş fərraş?

– Yaxşıdır, baş vəzir həzrətləri. Yüz on iki nəfəri meydandakı qəfəsə salmaq olar.

– Belə tez? Damğalar pozulmaz ki?

– Heç vaxt, baş vəzir həzrətləri. Hər səhər alınların qaysağını özüm öz əllərimlə qopartmışam. Meydanda da üç gün belə edəcəyəm. Dünya da qopsa pozulan deyil.

– Əla! Əla! Əla-ül-əla! – deyib baş vəzir taxtına yayxandı, – Amma bir şeyi başa sal mənə. Bu, ağlına hardan gəldi?

– Baş vəzir həzrətləri, biz əsasən fahişələri belə edirik. Başını keçəl qırxmaq üçün ülgücü, “fahişə” damğasını görən kimi həmən tabe olurlar. İnsan isə insandır. Qorxu hissi hamıda eynidir. İstər fahişə olsun, istərsə də...

– Anladım. İndi bildim ki, bu boyda məmləkəti fərraşlar əllərində necə saxlayırlar. Halal olsun sənə verilən şahənşah ənamı.

– Hamısını böldüm fərraşlarım arasında.

– Niyə?

– Bölməsəm sabah yanlarında sözüm keçməz.

– Bir daha halal olsun. Gözəl qayda qoymusan.

– Bu qaydanı mən qoymamışam, baş vəzir həzrətləri. Minilliklərdən bizə miras qalıb.

– Elə belə də davam elə. Üstəlik baş vəzir ənamın da məndə.

– Ömrünüz uzun olsun, baş vəzir həzrətləri. Salım onları qəfəsə?

– Sırğalarını da taxdın?

– Bəli.

– Sabah apar meydana. Üstlərinə də nəzarət qoy.

– Başüstə, baş vəzir həzrətləri.

 

***

 

Bir gün keçir. Saray. Şahənşahın otağı. Baş vəzir qanıqara halda Göyverənin hüzurunda dayanıb.

– Nə olub, baş vəzir? Qanın qaradır. Bir hadisə baş verməyib ki?

– Xeyr, şahənşahım. Hər şey qaydasındadır. Şahzadələr bu gün səhər təxtgahı tərk elədilər.

– Xub, xub. Razı getdilərmi barı?

– Bəli, şahənşahım. Ürəkləri istədikləri kimi əyləndilər. Dünən üç şahzadə bizim evə gəlmişdi.

– Qulluqlarında yaxşı durdunmu?

– Bəli, şahənşahım, – deyib baş vəzir qızardı. Başını yerə dikdi.

– Amma deyəsən məndən nəyisə gizlədirsən. Nəsə olub sənə.

– Xeyr, şahənşahım. Bir balaca soyuqlamışam.

– Allah şəfanı versin. O yüz on iki nəfərin aqibəti necə oldu?

– Hamısının damğası vuruldu, sırğaları da taxıldı. Saldıq meydanda qəfəsə.

– Əla! Camaat necə qarşıladı bunları?

– Şahənşahım mən gözləyirdim ki, tənə edərlər, məzxərəyə qoyarlar, balaca uşaqlar arxalarıyca düşüb təpik vurarlar. Amma nəsə sakit qarşıladılar. Düzdür, pis-pis söyənlər oldu. Amma az qisim.

– Niyə?

– Bilmirəm.

– Öyrən, de. Özün də get müalicə olun.

Baş vəzir gedir. Şahənşah eyvana çıxır. Paytaxtı seyr etməyə başlayır: deməli yüz on iki nəfərə heç kim heç nə deməyib. Niyə? Bəs mənim hər hansı eybimi görməyə-görməyə təhqir etməkləri, söyməkləri nə idi, gözüylə görən, gülünc şalbanın qoynundan üzüqara çıxan alnı damğalı oğraşlara, ibnələrə heç nə deməməkləri nə? Bəlkə iyirmi min şahzadəmin paytaxta gəlməyidir buna səbəb? Gözlərini qorxuza bilmişəm deməli. Yəqin ağızları yığışar bundan sonra.

– Baş fərraşı çağırın bura!

Bir az keçir baş fərraş gəlir. Qaraniqablılar onun üst-başını yoxlayıb, xəncərini əlindən alandan sonra otağa buraxırlar. Şahənşaha təzim edib qarşısında dayanır.

– Eşitmişəm qəhrəmanlığını, baş fərraş Qəşşaş. Əhsən sənə.

– Ömrünüz uzun olsun, şahənşahım. Ölənəcən qulunuzuq.

– İlk dəfədir ki, mənim otağıma girmisən. Yəqin ki, sonuncu olmaz.

– Hökmdarın çağırışı böyük fəxrdir nəslimçün.

– Səni qızıl sırğaya layiq görürəm. Əlbəttə ki, sağ qulağına taxmaq şərtiylə, – deyib şahənşah əlindəki sırğanı ona uzatdı. Baş fərraş irəli addım atmaq istəyəndə qaraniqablılar qarşısını kəsdilər. Göyverənin əl işarəsindən sonra geri çəkildilər. Baş fərraş sırğanı alıb öpdü, – Şahzadələrim sağ qulağına bu cür sırğa taxanlara hörmətlə yanaşırlar. Məndən göstəriş belədir. Otağıma gələndə isə artıq üst-başın yoxlanmayacaq. Bu o deməkdir ki, mənim ən etibarlı adamım sayılırsan.

– Böyük şərəf verdiniz mənə, şahənşahım, – deyə baş fərraş diz çöküb əbanın ətəyini öpür.

– Gedə bilərsən!

Baş fərraş gedir.

 

***

 

Aylar keçir. Şahənşahlıq öz ahəngiylə yaşayır. Günlərin bir günü hərəmxananın təbibi sevincək hökmdarın otağına gəlir.

– Şahənşahım, muştuluğumu verin. Oğlunuz oldu.

Göyverən taxtından tərpənmədi. Saraya gətiriləndən sonra ilk dəfəydi ki, şad xəbər eşidirdi. Bilmədi nə cavab versin. Qızıl dolu balaca kisəni təbibə tərəf tulladı. Məkrubə kisəni elə göydəcə qapıb sevincək otaqdan çıxdı. Göyverən isə taxtında oturub sanki donmuşdu: bilmirəm sevinim, yoxsa kədərlənim. Əlbəttə ki, sevinməliyəm. Oğlum dünyaya gəlib. Oğlum yox e... bəlkə də vəliəhd – gələcəyin şahənşahı. Amma bir yandan da həyatımın ilk sevgisini itirməliyəm. Karine qətlə yetirilməlidir. Aslan harda olsa özünü yetirəcək indi. Amma mən Karineyə qıya bilmərəm.

Aslan otağa girir:

– Şahənşahım, gözünüz aydın. Ata oldunuz. Amma borcumdur demək. Karine edam edilməlidir.

– Aslan, yəqin yadından çıxıb. Mən məmləkətdə ölüm hökmünü ləğv etmişəm.

– Bilirəm, şahənşahım. Amma Karineyə ölüm hökmü çıxarılanda qadağa yox idi. Sadəcə icrasını sonraya keçirtdik.

Göyverən susdu. Taxtından durub otaqda var-gəl etməyə başladı. Bilmirdi nə cavab versin. Karinenin qətlini səkkiz ay gecikdirmişdi. İndi başqa bəhanə axtarırdı.

– Çağaya ana südü lazımdır, Aslan. Qırx gün möhlət verək. Uşaq dirçəlsin bir az.

– Düzünü siz bilirsiniz, şahənşahım.

– Darıxıram, Aslan. Həyat getdikcə sıxıcı olur.

– Bəlkə İtbaşını ziyarət edək?

– Nə deyirəm ki... sabah gedək. Görək indi nə deyib qanımızı qaraldacaq.

 

***

 

Axşam düşür. Qara geyimli atlı qaladan çıxıb karvan yoluna dönür. Karvansaraya çatan kimi itlər onu hürə-hürə qarşılayıb komaya qədər ötürürlər. Çapar atından düşüb diz çökür. Qoca onu ayağa qaldırıb qucaqlayır:

– Xoş gəlmisən, bala. Həmişə sən gələsən.

 

***

 

Səhər azanından sonra qala qapıları açılır. Dərviş paltarı geyinmiş iki atlı təxtgahdan çıxırlar. Yol boyu şahənşah bir kəlmə də danışmır. Beləcə gəlib xərabə karvansaraya çatırlar. İtlər həmişəki kimi onları qarşılayıb komayacan ötürürlər. İtbaşı pişvaza çıxır.

– Salam, ey şahənşah Göyverən. Xoş gəlib, səfa gətirmisən. Bura son gəlişindən sonra axtarışına çıxdığın düşmənin axır ki, dünyaya gəldi.

– Düşmənim niyə? Bəlkə də gələcək vəliəhd, sonra da şahənşah.

– Bağışla, ey şahənşah, üzürlü say. Amma mən elə düşünürdüm ki, düşmənin dünyaya gəlib.

– Niyəki, ay İtbaşı?

– Birincisi, meydanlarda carçılar bunu car çəkmədilər. İkincisi, hələ də adını qoymamısan. Görəsən niyə?

– İmkan verirlər ki, başım açılsın? O qədər dövlət işi var ki? Hamısı tökülüb qalıb. Yaxşı, car çəkməyiblərsə, sən hardan xəbər tutmusan?

Bu zaman zınqırov səsi gəldi. İtbaşı üzünü karvan yoluna döndərdi. İtlər ox yaydan çıxmış kimi o tərəfə cumdular. Karvan gəlib komanın bərabərinə çatdı. Sariban dəvədən düşüb İtbaşıyla və onun qonaqlarıyla görüşdü. Çuvalla su tuluğunu aparıb komaya qoydu.

– Təxtgahda nə var, nə yox, ay sariban?

– Qəribə işlər baş verir, ay İtbaşı. Şahənşah Göyverən iyirmi min şahzadəni paytaxta qonaq gətirmişdi. Onlara da istədikləri evin qonağı olmaq ixtiyarı vermişdi. Üç gün qonaq olub yenidən qayıtdılar Göyverən valiliyinə.

– Sonra?

– Xalq deyir ki, şahənşah qorxur. Göyverən valiliyindən yüz bədheybət şahzadə Göyverəni gətirib özünə əlavə mühafiz qoyub. Gecə yatanda da yatağının başında dayanırlar. Şahənşah artıq nə mühafizlərə, nə də əsgərlərə inanır.

– Sonra?

– Şahı təhqir etdiklərinə görə yüz on iki nəfəri fərraşlar basıblar zindana. Ana-bacılarını da qoduqluğa gətirib onları gözüyləgörən ediblər. Başlarını, qollarını gülünc şalbana keçirib şahənşahın ünvanına dedikləri söyüşlərə layiq ediblər. Saçlarını da toyuq tükü kimi yolub, alınlarına dillərinə gətirdikləri söyüşləri dağlayıblar. Sonra da sağ qulaqlarına dəmir sırğa taxıb salıblar meydandakı qəfəsə ki, hamı tamaşa eləsin.

– Sonra?

– Şahənşahımızın oğlu dünyaya gəlib deyirlər. Amma dəqiq deyil. Çünki carçılar car çəkməyib hələ. Gəzən söz-söhbətə görə, çağanın anası Karineni şahənşahımız qətlə yetirmək istəyir. Səkkiz ay qabaq hərəmxanada Afra adlı hərəmin başını kəsdiyinə görə.

– Başını kəsdiyinə görə? – deyə İtbaşı heyrətləndi.

– Bəli.

– Adı nədir hərəmin?

– Karine. Kaminat şahlığındandır. Mən gedim, İtbaşı. Yolçu yolda gərək. Xudahafiz.

– Sağ ol, sariban, – deyib İtbaşı karvanı gözdən itənəcən gözləriylə yola saldı.

Şahənşah dinmirdi. Acıqlı-acıqlı Aslana baxırdı. Handan-hana İtbaşı dilləndi.

– Əla sarayın var, şahənşah.

– Düz deyirsən, İtbaşı. Ağzıcırıqlar məhəlləsi həsəd çəkə bilər sarayıma. Yaxşı, indi də yavaş-yavaş sən gül ağzını aç, ay İtbaşı.

– Yox. Niyə ki? Hər şeyi düz eləmisən. Şahzadələri qonaq çağırmısan – düz eləmisən. Səni söyənləri öz söyüşlərinə layiq etmisən – düz eləmisən. Yüz şahzadəni yaxın mühafiz etmisən – düz eləmisən. Şahzadəni də car çəkməmisən. Bunu da indi başa düşdüm.

– Nəyi başa düşdün?

– Bayaq düz deyirəmmiş. Düşmənin dünyaya gəlib. Axı bunu niyə car çəkməliydin ki? Adam da düşməninin dünyaya gəlməsinə sevinər? Ağıllı adamsan.

– Ay İtbaşı, düşmən-zad dünyaya gəlməyib. Sadəcə unutmuşam. Baş vəzir də yada salmayıb. Yarım əsrdən çoxdur ki, sarayda şahzadə dünyaya gəlmir. Yəqin o da yadırğayıb.

– Ay şahənşah, gəl sənə bir əhvalat danışım. Günlərin bir günü şahın oğlu olur. Bunu ilk olaraq vəzirə deyirlər. O da sevinə-sevinə qaçır şahın yanına ki, bəs “ay şah, muştuluğumu ver. Oğlun olub”. Şah da neyləsə yaxşıdır?

– Nə? – deyə şah maraqla soruşdu.

– Mühafizlərə əmr edir ki, vəzirə yüz çubuq vursunlar. Üstündən illər keçir. Şahın oğlan nəvəsi dünyaya gəlir. Vəzir bu xəbəri şaha çatdırır. Qorxusundan muştuluq istəmir. Şah sevincindən bilmir nə etsin. Vəzirə qiymətli hədiyyələr verir, başına qızıl səpir. Vəzir şahın bu hərəkətindən məəttəl qalır. Soruşur ki, bəs şahım, niyə onda elə etdin, indi isə belə? Şah cavab verir ki, onda düşmənim dünyaya gəlmişdi, indi isə düşmənimin düşməni.

– İndi nə demək istəyirsən, İtbaşı?

– Düşmən axtarmırdın sarayda? Tapmısan da...

– Anlamadım. İki günlük çağa mənim düşmənimdir?

– Fərqi nədir? Zamanı çatanda olacaq böyük kişi. Onda nə edəcəksən? Öldürməyəcəksən?

– Anlamadım. İndi sən deyirsən ki, iki günlük çağanı qətlə yetirim?

– Hə. Üstəlik anasını da. Adam başı kəsən anadan doğulan uşaq nəyinə lazımdır? Böyüyüb onun tayı olacaq da. Baş kəsməyi anasının qarnında öyrənib.

İtbaşı susdu. Karvan yoluna baxmağa başladı.

– Yenə karvanlar az keçir burdan?

– Yox. Karvanlar çoxdur. Amma hamısı əcnəbidir. Onlardan da mənə xeyir yoxdur. Yerliləri də var. Amma düşmən saribanlar artıb. O gün biri deyir ki, bəs gedib baş vəzirə burda şirin su quyusu olduğunu deyəcəyəm. Qoy gəlib səni didərgin salsın. Nə bilim vallah. Əvvəllər belə deyildi. Düşmənçilik edirdilər, amma xəbərçilik yox. Pislik eləmək istəyənlərin sayı artıb. Mən başa düşə bilmirəm axı kimə mane oluram? Yaxud da mənim burdan qovulmağım həmin saribana nə xeyir verəcək?

– Nizam-tərəzi itib, ay İtbaşı? Yaman oğraş zəmanəyə gəlib çıxdıq, – deyə şahənşah İtbaşının sözünə qüvvət verdi.

– Nə? – deyə İtbaşı şaqqanaq çəkib güldü, – Deyəsən dərviş paltarı geyindiyindən özünü unutmusan. Ay kişi, bu oğraş dediyin zəmanənin başçısı sənsən e... sən şahənşahsan. Nizam-tərəzini sən itirmisən e, sən. Dinləri birləşdirmisən, qadağaları götürmüsən. Hakim qərar çıxartmadan özbaşlarına cəza tətbiq edirlər. Bunları sən yaratmısan.

– Elə danlamağı bilirsən, İtbaşı. Sən de görüm indi nə edim?

– Bir dəli quyuya bir daş atır, yüz ağıllı yığışıb o daşı ordan çıxara bilmir. Sən isə on daşı birdən atırsan quyuya, sonra da deyirsən ki, çıxart. Yaxşı. Get dediklərimi elə. Edam hökmünü ləğv etməyinə baxmayaraq, gizlində də olsa Karineylə oğlunu qətlə yetir.

– Niyə?

– Dedim bayaq. Biri başkəsəndir, o biri də başkəsən oğlu başkəsən.

– Bacarmaram.

– Xub. Olsun. Öldürmə. Vergilər yığılmır. Camaat yenidən piylənir. Bu təhlükəlidir. Get vergiləri yığ.

– Bacarmırlar.

– Onda get özünü as.

– Niyə?

– Ay şahənşah, deyirəm ki, hər şeyi tapşır baş vəzirə, özün də get kef elə. Bacarmırsan. Deyirəm Allah ol, büt ol – dinmə, danışma. Nəzir yığ, qurban qəbul elə. Bacarmırsan. Bacarmamağın heç. Üstəlik, ölüm hökmünü də ləğv edirsən. Camaat sənə necə Allah kimi baxsın, qorxsun ki, öldürməyi bacarmırsan. Deyirəm hərəmlə oğlunu qətlə yetir. Bacarmırsan. Deyirəm hər şeyi olduğu kimi saxla. Əzəldən bu dünya belə olub, belə də olacaq. Deyirsən ki, bacarmıram. Ona görə təzə bir şey deyə bilmirəm. Keçən dəfə xəbərdar etmişdim – səni öldürəcəklər. İndi artıq özün öz ayağınla qətlgaha qalxmısan. Bircə qalıb ilgəyi boğazına keçirmək. Bura bax-bura bax, qulağındakı sırğa nədir? Üstündə də sənin əksin. Bir baxım? – deyə qoca sırğanın arxa tərəfini çevirdi, – “Göyverən” yazılıb. Yox, ey şahənşah. Sən artıq kürsünün üstündəsən, ip də boğazına salınıb. Amma qabağını ala bilərsən.

– Necə?

– Get Karineylə oğlunu qətlə yetir.

Şahənşah Göyverən dinmədi. Ayağa durdu. Sağollaşmadan atına minib, İtbaşıdan ayrıldı.

 

***

 

Ertəsi gün. Səhər. Şahənşah taxtında oturub. Fikirlidir: yox. Bir də getməyəcəyəm İtbaşının yanına. Bəsdir daha. Məmləkətin şahənşahı o deyil, mənəm. Hər bir məmləkət öz şahənşahının şah əsəri sayılır. Mən bu cür idarə edirəm dövləti. İtbaşının xoşuna gəlmirsə, gəlib otursun taxtda, özü idarə etsin. Yox. Axı o kimdir ki, gəlib bir taxtda da otura. Adicə səfil. Onu mən hörmətə mindirmişəm. Yanına gedirəm. Fikrini soruşuram. Getməyəcəyəm daha. Görüm neyləyəcək onda. Çox qudurtdum onu. Artıq mənə məsləhət yox, əmr verir. Yeni doğulan oğlum mənim bu dünyada yeganə qan qohumum, ciyər parəm sayılır. Deyir ki, onu öldür. Bəs Karine? Mənim həyatda gördüyüm ilk bakirə qız. Mənə olan sevgisindən öz rəqibini aradan götürən sevimli hərəmim. Onları necə qətlə yetirim? Yox. Bacarmaram. Bacarmaram nə deməkdir ki? Axı niyə öldürməliyəm?

Baş vəzir Qüdrətin otağa girməsi Göyverəni xəyalından ayırır.

– Şahənşahım, şahzadənin dünyaya gəlməsini carçılar hər yerə car çəkməlidirlər. Əlbəttə ki, izninizlə.

– Axır ki, boynuna düşən vəzifələr yadına düşdü, Qüdrət. Bəs neçə gündür hardasan?

– Şahənşahım, həmişə sağlam olasınız – xəstəydim. Özünüz məni təbibin yanına göndərdiz.

– Sağaltdı səni?

– Bəli, şahənşahım. Sağ qulağımın sırğalığını da deşdirdim.

– Xub, xub. Söz verdiyim kimi qızıl sırğa sənindir, – bunu deyib şahənşah balaca kisədən qızıl sırğa çıxarıb Qüdrətə uzatdı. Baş vəzir sırğanı alıb öpdü, – Amma gecikdin. İstəyirdim sən məndən sonra qulağında qızıl sırğa daşıyan ikinci adam olasan. Amma heyf ki, üçüncü oldun. Bilirsən də ikinci kimdir?

– Xeyr, şahənşahım.

– Baş fərraşın Qəşşaş.

– O məndən izinsiz saraya girib? Sizin hüzurunuzda olub?

– Özüm çağırtdırmışdım. Yaxşı. Keçək dövlət işlərinə. Şahzadənin doğulmasını car çək bütün şahənşahlığa. Üç gün bayram süfrələri açdır Barəngahın şərəfinə.

– Barəngah? Gözəl addır, şahənşahım. Adıyla böyüsün. Mənası nədir?

– Bilmirəm mənasını. Nəsə xoşum gəlir bu addan. Baş vəzir, vergiləri yenə də yığa bilmirsən?

– Xeyr, şahənşahım. Vermirlər.

– Vermirlər, yoxsa bacarmırsan?

Baş vəzir dinmədi. Başını aşağı saldı.

– Heç kim vermir, yoxsa qara camaat?

– Demək olar ki, heç kim, şahənşahım. Varlılar da üzə durublar.

– Deməli, qarışqalar dəryada üzmürlər. Amma balıqlar quruda gəzməyi öyrəniblər. Tövratda bu barədə bilirsənmi nə yazılıb, baş vəzir?

– Xeyr, şahənşahım.

– Yəhudilərin müqəddəs kitabında yazılıb ki, nə vaxtsa dünyaya әdalәtli bir şah gәlәcәk, yer üzündәn bütün zülmlәrin kökünü kәsәcәk, qurd quzu ilә otlamağa başyacaq”. Deməli, qurd quzuyla birgə otlayır. Belə çıxır ki, ədalətli hökmdaram? Yaxşı, ədalətliyəmsə onda niyə məni söyürlər? Təbiət qanununun pozulduğuna görəmi? Axı qurd quzuyla heç vaxt otlaya, balıq da quruda gəzə bilməz...

– Düz buyurursunuz, şahənşahım.

– Bəs onda niyə çarə qılmırsan? Cəza vermirsən?

– Zindana da salırıq. Cəzalarını çəkib çıxırlar. Amma yığdıqlarının yerini göstərmirlər. Yeni cəza növləri lazımdır.

– Yaxşı. Ağzıcırıqları hərəkətə keçir. Qoy hər yana şayiə yaysınlar ki, şahənşah bütün vergiləri ləğv edib. Əvəzinə Göyverən vergisi tətbiq edib. Bu vergini verməyənləri isə Göyverən cəzası gözləyir.

– Şahənşahım, sizin ağlınıza qibtə edirəm. Bir dənə vergiylə cəza qalmışdı. O da öz layiqli adını tapdı. İndi hər şey sizin adınızla çağrılacaq məmləkətdə. Eşq olsun sizə.

– Bu mənim yox, sənin ağlına gəlməliydi. Şahənşah belə xırda işlərlə məşğul olmaz.

– Keçin günahımdan, şahənşahım.

– İndisə get baş fərraşı çağır bura.

– Başüstə, şahənşahım.

Baş vəzir çıxır. Baş fərraşı Divana çağırır.

– Sırğan mübarək, baş fərraş Qəşşaş. Nə gözəl yaraşır sənə? Layiq olasan gəzdirdiyin sırğaya. Şahənşahın otağına da girib-çıxmağa başlamısan? Mən isə bunu şahənşahdan eşidirəm. Belə qudurmusan?

– Xeyr, baş vəzir həzrətləri. Demək istəyirdim. Guya ki, naxoşladığınızı söylədilər.

– “Guya ki”? Anlamadım. Baş vəzir adam deyil? Xəstələnə bilməz? – baş fərraş dinmədi, – Şahənşah səni çağırır. Bilmirəm nəyə görə. Bir şeyi yadından çıxartma ki, sən şahənşahın yox, mənim sağ əlim sayılırsan. Get!

Şahənşahın otağı.

– Baş fərraş, camaat vergi vermir. Mənə məlum olub ki, kasıb-kusub heç, varlılar da dövlətin qanunlarına hörmətlə yanaşmırlar. Yəqin ölüm hökmünü ləğv etdiyimdən qudurublar. Ona görə də mən bütün vergiləri ləğv edib, Göyverən vergisi tətbiq etdim. Bu verginin məbləği yoxdur. Təpiyi qoy qarınlarından bas, nə piyləri varsa çıxsın. Bu gündən bütün cəzaları da ləğv etdim. Məmləkətdə yalnız bir cəza olacaq – Göyverən cəzası. Vergini ödəməyənlərə də Göyverən cəzası veriləcək. Başa düşdün də məni? “Gülünc şalban”ın başa keçirilməsiylə bitməmələdir cəza, əsas davamıdır. Sonra da sağ qulaqlarına dəmir sırğa tax. Başa düşdün?

– Bəli, şahənşahım.

– Bütün işləri sənə tapşırıram. Bütün məmləkətdə eyni anda hərəkətə keç. Xəbər tutub qaça bilməsinlər. Sənin üçün hədd qoymuram. İstər bizim tacir-tüccarlar olsun, istərsə də əcnəbi. Bu günəcən ödəmədikləri vergini çıxart canlarından. Belə etdiklərinə görə peşman elə onları. Yığdığının onda biri sənin və fərraşlarının ənamı olacaq.

– Sadiq qulunuzuq, şahənşahım.

– Ağzıcırıqlar məhəlləsini də özünə işlət. Vergi verməyənlərə hansı cəza verilir, necə verilir – qoy yaysınlar şahənşahlığa. Düzdü, bu cəzanın kasıblara isti-soyuğu olmasa da, ürəklərindən tikan çıxarmaq baxımından qiyməti var. Qoy görsünlər ki, şahənşahları onların qanını soran, onların hesabına varlanan siçovulları necə əzir.

– Başüstə, şahənşahım.

– Və bu gündən sən birbaşa mənə tabesən. Baş vəzir artıq yarıtmır. Qocalıb. Sadəcə dəymirəm. Xəyanətini görməmişəm, ona görə. Sənin kimi cavan, igid, başı işləyən gənclərə ehtiyacım var. Fərraşların sayını isə şahzadələrimin hesabına artıra bilərsən. Onlar Göyverən cəzasını verməyi lap yaxşı bacarırlar. Bunu baş mühafiz Aslanla məsləhətləş. Göyverən cəzası verilənlər üçün dəmir sırğa nə qədər lazım olsa baş vəzirdən götür.

– Böyük şərəf verdiniz, şahənşahım. Hökmünüz layiqincə yerinə yetiriləcək.

– Əmrimin yerinə yetirilməsində heç kim sənə mane ola bilməz. Heç baş vəzir də sənə hər hansı əmr vermək iqtidarında deyil. İstənilən vaxt qapımı aça bilərsən – icazə verirəm. Şahzadə Barəngahın dünyaya gəlişi şərəfinə düzənlənən üç günlük şənliklərdən sonra həmən başla.

– Başüstə, şahənşahım, – deyib baş fərraş otaqdan çıxır.

 

***

 

Hərəmxana. Şahənşah Karinenin otağına gəlib. Dayələr çağanın nənnisi başında keşik çəkirlər. Göyverən onlara yaxınlaşır. Hərəsinə bir qızıl verir. Sonra uşağı qucağına götürür. “Adını Barəngah qoydum. Bəxtin gözəl olsun” deyib, alnından öpür. Sonra uşağı nənnisinə qoyur. Karineyə yaxınlaşıb əlindən tutur.

– Şahənşahım, yalvarıram əfv elə. Bağışla məni balama.

– Amma tövbə elə. De ki, bir də heç kimi öldürməyəcəksən.

– Tövbə edirəm. Bir də insan başı kəsməyəcəyəm.

– Bağışladım səni. Ölüm hökmünü ləğv etdim. Yaşa Allah verdiyi ömrü, – deyib Göyverən otaqdan çıxdı. Hərəmlər onu fəvvarənin yanında gözləyirdilər. Şahənşah pul kisəsinin ağzını açıb, – Başınıza gəlsin, ay hərəmlər. O gün olsun sizi də belə təbrik edim, – deyərək qızılları onların başına səpməyə başladı. Sonra yenidən öz otağına qayıtdı.

 

***

 

Şahənşahlıqda pıçapıç baş alıb gedir:

– Bilirsiniz də nə olub?

– Nə olub?

– Axır ki, Şahənşah Göyverən başladı. Mən də məəttəl qalmışdım ki, bu niyə dözür?

– Yavaş danış. Adını da çəkmə. İşarət barmağının ucuyla göyü göstərsən başa düşərik.

– Xalq adamıymış Şahənşah Göyverən. Heç gör bizimlə işi var? O bilir ki, bizim qazandığımız xırda-quruşdur. Ona görə bizdən vergi yığmır. Əsl zəliləri yaxşı tanıyır. Nə eləyirsə, düz eləyir onlara.

– Bəxtləri gətirdi ki, ölüm hökmü ləğv olundu. Yoxsa meydanda daş-qalaq etdirmişdi çoxdan.

– Əşşi fərqi nədir ki? Hər şeyini əlindən alandan sonra bu, ölümdən də betərdir.

– Yox e... siz məni bir başa salın görək bu Göyverən cəzası nəmənə olan şeydi axı?

– Bilmirsən? Üzdənirağa çevirirlər adamı. Qulağına da üstündə “Göyverən” sözü həkk olunan dəmir sırğa taxırlar. Özü də sağ qulağına. Lap pis halda başının tükünü yolub, alnına “oğraş”, “göyvərən” damğası basırlar.

– Hardan bilirsən?

– Yüz on iki nəfərdən biri qohumumuzdur. O danışıb.

– Dəmir sırğa nə deməkdir ki?

– Dəmir sırğa o deməkdir ki, həmin kişi Göyverən vergisi ödəyib, üstəlik Göyverən cəzası da alıb.

– Kişi? Day onun nəyi kişi oldu ki? Allah, iraq elə. Yaxşı ki, çox pulumuz yoxdur. Varlılara isə əcəb olur. İndi yaxşı bilərlər nə deməkdir xalqın dərisini soyub, qanını sormaq.

– Sevinməyə tələsmə. Onlardan qurtarıb keçəcəklər bizə.

– Guya keçməyiblər? Bəs o yüz on iki nəfər nə idi?

– İndi deyirsən ki, onların günahı yox idi?

– Amma kim fikirləşibsə Göyverən vergisiylə Göyverən cəzasını çox ağıllı adamdır.

– Şahənşahımızın məsləhət verəni baş vəzir Qüdrətdir.

– Nə Qüdrət? Deyirlər ki, artıq o arxa sıraya keçib. Baş fərraş fikirləşib tapıb hamısını. Fahişələrə tətbiq etdiyini indi də bizlərə calayır. Şahənşahın sağ əli odur. Baş vəzirdən də irəlidir.

– Boş-boş danışmayın. Onlar kimdir ki, şahənşaha ağıl öyrədələr. Bütün şahlar bir nöqtədən idarə olunurlar. Onlara desələr ki, “ölün!”, öləcəklər, “qalın!” qalacaqlar. Vəssalam.

– Düz deyirsən. Şətrəncdə də belədir. Taxta üzərində şah, vəzir, at – hamısı var. Amma onları oynadan, udduran-uduzduran başqa əllərdir.

– Hamınız alim olub getmisiniz. Axı bütün bunların sizə nə dəxli? Şətrəncdə xalqdan bir adam da yoxdur. Bir quruca oyunda daş adına da layiq görməyiblər bizi. Əslində onları yox, sizi oynadırlar.

– Kiri. Eşidərlər. İstəyirsən ki, bizi də o yüz on iki nəfərin gününə salsınlar?

– Qulaqlara qurğuşun. Allah bizi o gündən qorusun.

– Deyirlər ki, kimdə üstünə “Göyverən” sözü yazılmış sırğa varsa, onlar toxunulmaz sayılırlar artıq.

– Özümüzü yaxşı aparsaq, kim bizə toxuna bilər ki?

– Deyəsən, şahzadə Göyverənlər qonağın olmayıb. Ona görə belə danışırsan. Uçuq komanı bəyənməyiblər yəqin.

– Sırğa taxmağa da xüsusi izn lazımdır. Ona da şahənşah icazə verməlidir. Bir zərgər tanışım var. Deyir ki, xeyli qızıl sırğa sifariş vermişdi bəziləri. Baş vəzir əmr verib ki, göyverənliyi könüllü qəbul edənlər üçün yalnız gümüş sırğaya icazə verilir. O da sağ qulağa asılmaqla. Dəmir sırğanı isə yalnız fərraşlar verir. O da ki...

– Görmədiyimiz günlər varmış. Buna da min şükür. Allah betərindən qorusun. Həm də o adı özünə götürmək böyük biabırçılıq olardı.

– Adı niyə götürürsən ki? Ondan edib, sonra da sırğanı taxacaqlar sağ qulağına ki, bəs ibnəsən. Özü də dəmir sırğa.

– İbnə nədir?

– Üzdəniraq deməkdir, ay dilbilməz.

– O vaxt qulağımızı kəsirdilər, qorxurduq. İndi isə sırğa taxırlar qorxuruq.

– Şahənşahı təhqir eləməyin, xoruzlanıb vergi verməməyin, müharibəyə getməməyin sonu belə olmalıydı. Lap əcəb eləyir. Mən də onun yerində olsaydım belə edərdim.

 

***

 

Saray. Baş vəzir, baş xəzinədar, baş fərraş şahənşahın hüzurundadırlar.

– Şahənşahım, xəzinə aşır-daşır. Yeni otaqlar ayırmaq lazımdır.

– Baş vəzirlə həll et. Onu da mən eləməliyəm, Hətəm? Qüdrət, qandın?

– Bəli, şahənşahım.

– Daha bundan sonra belə xırda məsələlərə görə məni narahat eləmə, vəzir. Pul-mul boş şeydir. Sırğan da mübarək. Yaraşır. Heyf ki, ikinci olmaq şərəfini əldən verdin. Hətəm, sən necə, dördüncü olmaq istərdinmi?

– Lap ürəyimi oxudunuz, şahənşahım. Özüm xahiş edəcəkdim. Böyük şərəf olardı mənimçün. Artıq sağ qulağımı deşdirmişəm də... – deyib Hətəm barmağıyla qulağından sallanan sapı göstərdi.

– Xub, xub. Götür. Bu da sənin qızıl Göyverən sırğan, – deyib şahənşah sırğanı Hətəmə uzatdı. Hətəm sırğanı alıb öpdü, – İndi isə gedə bilərsiniz. Baş fərraş, sən isə qal, – Qüdrətlə Hətəm otaqdan çıxırlar, – Baş fərraş, nəsə Qüdrət axır vaxtlar xoşuma gəlmir. Bir təhərdir e... Üzü gülmür, qanı da qara. Bilmirsən nə olub ona?

– Şahənşahım, mən də şübhələnmişdim. Amma bildiyim qədər naxoşdur. Sağalar inşallah.

– İnşallah. Tapşırdığım işlərin hamısını bitirdinmi? Çıxartdınmı varlıları ağ günə?

– Şahənşahım, işlərini bitirməyinə bitirdim. Amma bu qaragün bədbəxtlərə “ağ günə çıxıblar” deməyə adamın heç dili gəlmir.

– Günah öləndə olur deyib aqillər. Bizim onlarla işimiz yox idi. Vergilərini vaxtında ödəyəydilər. Əvvəllər onsuz da qırtırdılar, tam ödəmirdilər, heç kim də bir söz demirdi. Yola verirdik. Amma aylarla pul verməmək, özünü ac-yalavac xalqın içinə salmaq. Burda bilirsən nə yadıma düşür? Qoyun dərisi geymiş canavarların sürüyə girib tanınmaz olması. Bax bunlar belə məxluqdurlar. Sən onlarla rəftarını bu cür davam et.

– Başüstə, şahənşahım.

– Xalq nə deyir?

– Söyüş-möyüş yığışılıb. Açıq heç nə danışmırlar. Danışanda da yalnız pıçıltıyla. Varlılara çəkdiyiniz dağ onlara ləzzət edib. Əksəriyyəti sizə haqq qazandırır.

– Əla! Əla! Əla-ül-əla! Baş fərraş, sənə bir tapşırığım da var. Paytaxtdakı qapıları deşikdən pusmağı yəqin baş vəzir sənə deyib. Saraydakı qapılarda da bu cür deşiklər açdırmışam. Pusdur öz adamlarına. Gör nə danışırlar? Əhval-ruhiyyə necədir? Başa düşdün də...

– Bəli, şahənşahım. Amma fərraşların saraya daxil olması qadağandır.

– Mən məmləkətdəki bütün qadağaları götürmüşəm. Qanuna qaldıqda isə... qanun şah deyil, şah qanundur bizim məmləkətdə. Get, mən dediyimi elə.

 

***

 

Günlər keçir. Saray. Baş vəzir şahənşahın hüzurunda dayanıb.

– Nədir, Qüdrət? Nə baş verib yenə?

– Hər şey qaydasındadır, şahənşahım. Həyat axarına düşüb. Vergilər vaxtlı-vaxtında yığılır. Qonşu məmləkətin şahı – səksən yaşlı Məstur Şah gəlib. Qəbulunuzu gözləyir.

– Nə istəyir?

– Şahlar baş vəzirə söz deməzlər.

– Gəlsin.

Qapı açılır. Məstur Şah şahzadələrin köməyi ilə səndələyə-səndələyə içəri girir. Şahənşahın hüzurunda dayanıb təzim edir. Göyverən onun taqətdən düşdüyünü, ayaq üstə güclə dayandığını görüb oturmaq üçün yer göstərir. Özü də onunla qabaq-qabağa bardaş qurub oturur.

– Məstur Şah, nədir gəlişinin səbəbi?

– Ey Şahənşah Göyverən. Birincisi, sizi görməyə gəldim. Haqqınızda çox eşitmişdim, amma üzünüzü görməmişdim. İkincisi, gəldim ki, təbəəliyinizi qəbul edim. Bu qoca yaşımda nə vuruşmağa taqətim, nə də vəliəhdimə xarabazar məmləkət miras qoyub getməyə ixtiyarım var.

– Anlamadım. Axı mənim fikrimdə belə bir şey yoxdur. Olsaydı, xəbər göndərərdim, çağırtdırardım, təbəəliyi qəbul etmənizi əmr edərdim. Əgər razılaşmasaydınız, onda...

– Şahənşahım, Ərdan Şahla Əllam Şahın aqibəti mənə məlumdur. Bizim adımız yadınıza düşəndə gec ola bilər. Son günlər baş verənləri isə mən bir işarə kimi qəbul eləyirəm.

– Nə baş verir ki, son günlər?

– Şahənşahım, ara-sıra qaraniqablılar valiliklərimizə hücum edirlər. Kişilərin əl-qolunu bağlayıb aparırlar. Mən dünyagörmüş adamam. Anladım ki, bunun axırı müharibədir. Ona görə burdayam. Sonra sizin hüzurunuza gəlməyimin mənası olmazdı.

Şahənşah Göyverən bilmədi nə cavab versin. Bütün bunlardan xəbərsiz idi. Aslanı çağırıb Məstur Şahın hüzurunda ondan soruşmağı isə özünə sığışdırmadı.

– Olsun. Təbəəliyi qəbul etməyinizi paytaxtınızın meydanında car çəkərsiniz. Baş vəzir sizinlə gedəcək.

– Şahənşahım, bir xahişim də var.

– Eşidirəm.

– O qızıl sırğadan ikisini də mənə verin. Birini özümə, o birini isə vəliəhdim üçün.

– Qızıl sırğa mənim saray əyanlarım, ən yaxın adamlarım üçündür. Baş vəzirə deyərəm, sizə gümüş sırğa verər.

– Ömrünüz uzun olsun, şahənşahım.

– Məstur Şah, ağsaqqal, dünyagörmüş adamsan. Bir sualıma cavab ver. Məni məğlub etmək mümkündürmü?

– Şahənşahım, hansı mənada soruşursuz? Daxildən, yoxsa kənardan?

– Fərq etməz.

– Şahənşah Göyverən, hakimiyyəti qorumaq üçün üç əsas məsələ var. Bunlar olarsa, heç kim səni taxt-tacdan devirə bilməz.

– Hansılardır?

– Birincisi pul, ikincisi pul, üçüncüsü pul. Bu daxildən qorunmadır. Kimsə narazı olanda, üsyana qalxanda atırsan pulu ağzına, sakitləşir. Sizin də xəzinəniz aşıb-daşır. Amma bir təhlükə görürəm.

– Nə təhlükə?

– Siz xəzinəni yığırsınız, amma xərcləməklə aranız yoxdur. Nə özünüzə, nə xalqınıza. Bunu anlayıram. Bəlkə şahənşahımız xəsisdir? – deyə Məstur Şah qımışdı. Göyverənin də dodaqları qaçdı.

– Bəs kənardan? – deyə Göyverən hövsələsini basa bilmədi.

– Mənim heç vaxt bu ağlıma gəlməzdi. Min yetimi saxlayıb-böyütsən, onlar sənə doğma övladından da doğma olar. Uğrunda ölümə gedər. Nə qədər ki, şahzadə Göyverənlər ordusu var, inanmıram ki, kimsə sizə qalib gələ. Qalib gəlmək bir yana, hücum etməyə cəsarət etməzlər. Hətta mənim kimi şahlar qapınıza gəlib təbəəlik dilənəcəklər. Xalq da sizin boynunuza minnət qoya bilməyəcək ki, bəs yolunda ölümə gedirik, biz olmasaq sənin var-dövlətin, torpağın əlindən gedər. O biri tərəfdən isə həlak olanlara qanpulu da ödənmir. Qabağına çıxıb “Mənim oğlum sənin yolunda həlak olub. Mən şəhid atasıyam, anasıyam” deyən də yoxdur ki, xəcalət çəkəsən. Dünən Göyverən ibadətgahını ziyarət etdim. Namaz qıldım. Əhsən ağlınıza. Bu isə sizin adınızdır. Başqa dinlərin nümayəndələri sizi çox istəyəcəklər. Hara getsələr tərifləyəcəklər. Öz xalqınızın güzəranına da azacıq diqqət etsəniz, əcəliniz çatana qədər taxtınızda möhkəm oturacaqsınız. Sizə zaval yoxdur. Mən əlli ildir şaham. Sizin on ilə elədiyinizin mən onda birini əlli ilə edə bilmədim. Eləcə, kölə şah olaraq qaldım. Həmişə özümə kənarda arxa axtardım ki, didib-parçalamasınlar məni. Allah atan Həqqi Şaha rəhmət eləsin, müdrik, adil şah idi. Baban Alqan Şah isə qaniçən. Amma heç birində belə idarəçilik olmamışdı. Bilmirəm kimdir məsləhət verəniniz, amma çox ağıllı, tədbirli, hiyləgər, həm də çox qorxulu, təhlükəli adamdır. Özünüzü qorumaq istəsəniz, yalnız ondan qoruyun. Sizi yıxsa-yıxsa, o yıxacaq. Bir də... məmləkətdə tam bərabərlik yaratmağınız məsləhətdir.

– Hansı mənada?

– Paytaxtda gəzəndə qulağıma bəzi pis sözlər dəydi.

– Bərabərliyə bunun nə dəxli?

– Kasıbın xəstəsi, varlının qəhbəsi bilinməz, şahənşahım. Hamı bərabər olmalıdır ki, o sözü bir də dillərinə gətirməsinlər. Kim istəsə mənim kimi könüllü, kim də istəməsə...

– Anladım. Məstur Şah, bir sualıma cavab ver. Hökmdar Allahdırmı?

– Xeyr, ey şah. Allah insanlara həyat, yaşamaq üçün hər şey verir. Biz şahlar isə adamları yaşamağa qoymuruq.

– Bəs onda şahlar kimdir?

– Xalq itdir, şahlar isə itbaşı.

Qoca susdu. Gözlərini şahənşahın gözünə dikdi. Göyverən balaca kisəni götürüb, içindən iki qızıl sırğa çıxararaq Məstur Şaha verdi. Qoca sırğaları alıb öpdü. Sonra şahzadə Göyverənlərin köməyilə ayağa durub səndələyə-səndələyə otaqdan çıxdı.

Məstur Şah gedir. Baş vəzir içəri girir.

– Qüdrət, get Məstur şahlığına. Qoca təbəəliyimizi qəbul etdiyini meydanda car çəkəcək. Bac-xərac təyin edib qayıt geri.

Baş vəzir gedir. Aslan gəlir.

– Aslan, bu nə deməkdir? Şahzadə Göyverənləri özbaşına buraxmısan?

– Xeyr, hökmdar.

– Bəs onda onların Məstur şahlığında nə işləri var? Gecəylə hücum çəkirlər. Kişiləri əsir alırlar. Mən deməmişdimmi ki, qaladan qırağa heç kimi, kənardan da qalaya kimsəni buraxma? Ayda üç gün qonağım olsalar bəsləridir?

– Demişdiniz.

– Bəs onda bu nə özbaşınalıqdır? Sabah birdən gedib bizdən güclülərə girişsələr nə edəcəyik? Hələ bu bildiyimizdir. Belə nizam-intizam dərsi keçmisən onlara? Özün get Göyverən valiliyinə. Günahı olanları qılıncdan keçirt ki, o birilərə görk olsun.

– Şahənşahımın uğrunda həlak olmaq mənimçün böyük şərəfdir.

– Anlamadım. Mən səni düşmənlə savaşa göndərmirəm e... Ölmək hardan yadına düşdü?

– İyirmi min qardaşın içində hansınısa qətlə yetirsəm, sizcə şahzadələr məni bağışlayarlarmı?

Göyverən fikrə getdi. Yaman yerdə axşamlamışdı.

– Yaxşı. Bunu başa düşdüm. Bəs İtbaşını və doqquz itini necə, öldürə bilərsənmi?

– Bəli, şahənşahım.

– İnanıram, – deyib Göyverən azacıq fikrə getdi, – Onda belə edək. Şahzadə Göyverənlər gələn dəfə qonağım olanda özüm danışaram onlarla. Alınmasa bir tədbir görərik.

– Düzünü siz bilirsiniz, şahənşahım.

 

***

 

Axşam düşür. Qara geyimli atlı qaladan çıxıb karvan yoluna dönür. Xaraba karvansaraya gəlib çatanda itlər onu hürə-hürə qarşılayırlar. Çapar atından düşüb diz çökür. Qoca onu ayağa qaldırıb qucaqlayır:

– Xoş gəlmisən, bala. Həmişə sən gələsən.

 

ARDI VAR

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!