Modern.az

Deputatlardan Hikmət Hacıyevə ad günü TƏBRİKİ: “Cəmiyyətin düşüncə zirvəsinə qalxıb”

Deputatlardan Hikmət Hacıyevə ad günü TƏBRİKİ: “Cəmiyyətin düşüncə zirvəsinə qalxıb”

Parlament

15 Oktyabr 2020, 13:36

Bu gün Azərbaycan Respublikası Prezident  Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri, prezidentin köməkçisi Hikmət Hacıyevin doğum günüdür.

1979-cu ilin bu günü Gəncədə doğulan Hikmət Hacıyev vətən müharibəsi başlayan gündən diplomatik cəbhədə ona tapşırılan işin öhdəsindən layiqincə gəlməsi, cəmiyyət tərəfindən də rəğbətlə qarşılanıb.

Modern.az prezidentin köməkçisi Hikmət Hacıyevin doğym günündə parlamentarilərin onunla bağlı fikirlərini öyrənib.

 

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli Hikmət Hacıyevi özünəməxsus tərzdə təbrik edib:

“Əvvəla, o, bu dünyaya xoş gəlib. Nə yaxşı ki, gəlib. Bu gün Hikmət Hacıyev Azərbaycan cəmiyyətində ən çox tanınanlardan, sevilənlərdən, qəbul olunanlardan  birinə çevrilib. Bu hər kəsə nəsib olmur. İnsan bəzən dövlət mükafatları alır, çoxcildli əsərlər yazır, amma  cəmiyyət onu qəbul etmir. Ancaq Hikmət Hacıyev qısa zaman kəsiyində cəmiyyətin düşüncə zirvəsinə qalxa bilib. Bunu səciyyələndirən cəhətlər var. Birincisi, insan öz yerində olanda çox gözəl görünür. Vəzifə də papaq kimidir. Başının ölçüsünə düz gəlirsə, səni gözəl görsədir. Məcazı mənada deyirəm. Kişinin papağı üstündə olanda ona yaraşır, obraz verir. Papaq böyük olanda gözünü tutur və ayaqlarının  altını görmürsən. Kiçik olanda da səni çox eybəcər görsədir. Hikmət Hacıyevin geyindiyi papaq başının ölçüsüdür. Bu gün millətin diqqəti Ali Baş Komandanın hər kəlməsindədir. Hər bir Azərbaycan insanı fəxr edir ki, belə bir prezidenti var. Bu, birmənalıdır. İkinci xoş söz, xoş rəftar uğurlu ifadə eşitmək ehtiyacı duyulan  insanlardan biri Hikmət müəllimdir. Onu şəxsən tanıyıram. Əxlaqı, ağlı, tərbiyəsi ən əsası isə Azərbaycan xalqını təmsil etməyə böyük potensialı olan bir zəka elm sahibidir. O avropalılarla öz dilində danışdığı kimi, təmiz Azərbaycan dilində də danışmağı bacarır. Məhz bu da onu hər kəs üçün doğma insana çevirib. Bu gün Hikmət Hacıyev hər bir azərbaycanlının evində əziz qonağa çevrilib. Biz də deyirik. Bu dünyaya və bu millətin evinə xoş gəlmisən”.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov prezidentin köməkçisinə ürək sözlərini qısa olaraq şərh edib:

“Hikmət Hacıyevə mən də uğurlar arzulayıram. Ona tapşırılan hər bir işin öhdəsindən layiqincə gəlir. Çox peşəkar və savadlı diplomatımızdır. Ona ancaq möhkəm can sağlığı və işlərində uğurlar arzulayıram”.

 

Milli Məclisin deputatı Vahid Əhmədov  Hikmət Hacıyevin  prezidentin köməkçisi təyin olunan zaman onun haqqında geniş formada fikirlər söylədiyini xatırladıb:

“Hesab edirəm ki, o, ən uğurlu kadrlardan biridir. Həm dil bilgisi, həm siyasi arenada aktivlik, həm də diplomatik bacarıq baxımından kifayət qədər təcrübə toplayıb. Düşünürəm ki, həm pandemiya dövründə, həm də vətən müharibəsində məsələləri əhaliyə aydınlığı ilə çatdırmaq onun üzərinə düşdü. Bu işləri cənab prezident ona həvalə etdi. Düşünürəm ki, Hikmət Hacıyev dəyərli kadrdır. Onu qorumaq lazımdır. Ona möhkəm can sağlığı və işlərində uğurlar arzulayıram. Gün o gün olsun ki, Azərbaycan ordusu bütün torpaqlarımızı işğaldan azad etsin. O da növbəti ad gününü Gəncədə ata-anasının yanında qeyd keçirsin”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı