Modern.az

Deputat: “Quba hadisələrinə görə üzləşmələr olub”

Deputat: “Quba hadisələrinə görə üzləşmələr olub”

Aktual

24 Avqust 2012, 12:33

“Cinayət işi ilə bağlı məhkəmə gözlənilməz addımlar ata bilər”

Qubada baş verən məlum hadisələrlə bağlı həbs olunanların məhkəmə prosesinə dünən start verilib. Bu gün isə mətbuatda “Quba olayları” ilə bağlı yeni izlərin açılacağı haqda müxtəlif xəbərlər yayılıb.

53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş Yevda Abramov məsələ ilə bağlı Modern.az-a açıqlamasında məhkəmə prosesini izləmədiyini deyib.

“Qubada məhkəmə prosesi başlayıb. Amma mən bu məhkəmə prosesini nə izləyirəm, nə də izləməyə məcburam Mənə bu barədə kiminsə şikayəti yoxdur. Məhkəmə öz üzərinə düşən işi görəcək. Qeyd edim ki, fakt müstəntiqlər tərəfindən obyektiv olaraq, araşdırılıb. Düşünürəm ki, Quba məhkəməsi də buna çox obyektiv yanaşacaq.

Faktlar hamısı araşdırılıb. Üzləşmələr olub. Cinayət işiylə bağlı sensasion hadisələrin olacağına mən ümid bəsləmirəm. Mətbuatda yazılanlara münasibətə gəlincə, hansısa izlərin açılacağına inanmıram. Amma yenə də məhkəmədir, ola bilər ki, gözlənilməz addım da atıla bilər”, - deyə Y.Abramov vurğulayıb.

Qeyd edək ki, bu ilin mart ayında Qubada icra başçısının istefası ilə nəticələnən hadisələrdə 8 nəfər həbs olunub. Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə),  315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və  ya zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı