Modern.az

Avropa Parlamentində Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün mümkünlüyündən danışılıb

Avropa Parlamentində Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün mümkünlüyündən danışılıb

8 Noyabr 2012, 18:15

Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Avronest Parlament Assambleyası komitə sədrinin müavini  Azay Quliyev cari ilin 6-7 noyabr tarixlərində Brüsseldə  Avropa Parlamentinin (AP) qərargahında bir sıra mühüm görüşlər keçirib. AP-nin Sosialist və Demokratların Mütərəqqi Alyansı (SDMA) siyasi qrupunun siyasi müşaviri Kit Azopardi, SDMA katibliyinin əməkdaşı, qrup adından qətnamə layihələrinin tərtibatında birbaşa iştirak edən Jan Fransua Valən, Avropa Parlamentinin  Macarıstandan olan deputatı  Edita Hersoq, Avronest PA katibliyinin başçısı Sabina Mazi, Avropa Xalq Partiyasının vitse-prezidenti, İsveçdən  olan AP üzvü Gunar Hokmark,  Avropa Parlamentinin İspaniyadan olan vitse-prezidenti Migel Angel Martinez, AP-nin Almaniyadan olan  üzvü Knut Flekenştayn, AP-nin Litvadan olan AXP-li üzvü və Avronestin komitə sədri Layma Andrikene, AP-nin Bolqarıstandan olan SDMA-lı üzvü İliana İotova, Avropa Mühafizəkar və İslahatçılar Qrupunun (AMİQ) sədr müavini və AP-nın Çexiyadan olan deputatı  Yan Zahradil, AP-nın Maltadan olan deputatı Josef Kucieri, AP-nın Çexiyadan olan deputatı Lobor Roçek və digərləri ilə keçirilən görüşdə  bir sıra vacib məsələlərə toxunulub.

Görüşlərdə deputat A.Quliyev ölkəmizlə Avropa Parlamenti arasında əlaqələrin daha da inkişaf etdirilməsi, AP-də təmsil olunan siyasi qruplarla sıx əlaqələrin qurulması və bu məqsədlə mümkün əməkdaşlıq yollarının araşdırılması (o cümlədən, siyasi qruplarda azərbaycanlı nümayəndələrin staj keçməsi imkanları), Avronest PA çərçivəsində əməkdaşlıq perspektivləri, bu xüsusda layihə və təşəbbüslərin irəli sürülməsi və digər bu kimi məsələlər qaldırılmış, qarşı tərəflə məhsuldar müzakirələr aparıb. 

Müzakirələr zamanı Azay Quliyev son illər ölkədə aparılan islahatlar,  o cümlədən 2012-ci ilin 22 iyun tarixində Prezidentin əfv fərmanı ilə 66 nəfərin, o cümlədən aprel ayında keçirilmiş icazəsiz mitinqdə saxlanılan bir sıra şəxslərin azad edildiyini qarşı tərəfin diqqətinə çatdırıb. Bu yaxınlarda hökumətin ilk dəfə olaraq siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi ilə əlaqədar atdığı addımlar, ölkə Prezidenti tərəfindən  korrupsiya ilə mübarizə üzrə yeni Fəaliyyət Planının və “Açıq Hökümət” təşəbbüsünü dəstəkləmək məqsədilə yeni proqramın qəbulu haqqında  Avropalı rəsmilərə məlumat verib.

Deputat Azay Quliyev Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnamənin yanlış olduğunu bildirib və bu barədə Azərbaycan Milli Məclisinin mövqeyini onların nəzərinə çatdırıb.

Demək olar ki, bütün görüşlərdə  Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının görüşlərinin təşkilinin vacibliyi haqda məsələ qaldırılıb və bu təşəbbüsə avropalı deputatların qoşulması haqqında ilkin razılıq əldə edilib.

Daha sonra AVRONEST Parlament Assambleyasının Sosial məsələlər, təhsil, mədəniyyət və vədəndaş cəmiyyəti komitəsinin sədri Andrekinenin  “Mədəniyyətlərarası Dialoq” mövzusunda konfransın Bakıda keçirilməsi haqqında  təklifi razılıqla qarşılanmış və son qərarın yaxınlarda veriləcəyi bildirilib. Gələn il Bakıda keçirilməsi gözlənilən  “Vətəndaş Cəmiyyəti Forumu”nun işində  Avropa Parlamentinin deputatlarının və siyasi qrupların ekspertlərinin yaxından iştirakı haqqında təşəbbüslər də Avropalı rəsmilər tərəfindən dəstəklənib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir