Modern.az

Onlar bizi Qarabağa səsləyir

Onlar bizi Qarabağa səsləyir

Aktual

25 Noyabr 2012, 09:42

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndiilməsinə xidmət edən deputat-tələbə layihəsi davam edir. Bu layihə çərçivəsində deputat Aqil Abbasın təqdim etdiyi “Gənclər və Qarabağ” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.

 Onlar bizi Qarabağa səsləyir

Hər gün sevinclə yuxudan durduğum kimi bu gün də eyni həyəcan və sevinclə ayılıram. Məktəbə tələsdiyimə görə tez paltarımı geyinib, nənəmin düzəltdiyi motal pendiri ilə səhər yeməyimi yeyirəm. Məktəbimiz evimizə yaxın olsa da, aralarından Xonaşın deyilən çay axır. Hər gün uşaqlarla çayı elə keçməyə çalışırdıq ki, paltarımız yaş olmasın. Nəhayət məktəbə gəlib çatdıq.Məktəbimizin gözəl həyəti və geniş idman zalı var. Hər dərsimiz dərs materiallarının asıldığı müxtəlif otaqlarda keçilir. Dərsimiz qurtardıqdan sonra, bayaq ehtiyatla keçdiyimiz çaydan əyləncə vasitəsi kimi istifadə edirik. Bir-birimizi çayın suyunda isladırıq. Evə çatanda anam məni danlasa da, sinifyoldaşım Sevinci necə yaş etməyimin sevinci  yadımdan çıxmır. Paltarımı dəyişirəm və həmişə olduğu kimi atımı minərək bidonlarla evə su gətirməyə gedirəm. Bağırxan dağının döşündən çıxan bulaq həmişə diqqətimi cəlb etdiyi kimi bu gün də, məni düşündürür. Axı o su qayalıqların arasından necə çıxır? Çətinliklə də olsa su bidonların doldurub evə qayıdıram.

Birdən uşaqların səs-küyü bütün kəndi götürür. Hərəsi əlində vedrə böyürtkən kollarına tərəf tələsirdilər. Mən də, onlara qoşuldum və biz Pişikli dərəsinə yollandıq. Bu dərə rəssamın çəkə bilməyəcəyi gözəlliyə malik təbiət əsəridi. Bir tərəfində çay, digər tərəfində dağ dərəyə daha da gözəllik verir. Uşaqlarla böyürtkən yığmaq yarışı keçiririk. Qəribə də olsa çevikliyimlə fərqləndiyim kimi ən çox böyürtkən də mən yığıram. Artıq qaranlıq düşməyə başlayır və biz evə tərəf yola düşürük. Evə çatanda axşam yeməyinin vaxtı olduğuna görə bütün ailə üzvlərim: babam, nənəm, əmimin ailəsi, atam və anam süfrə arxasında oturub məni gözləyirdilər. Yemək çəkilir və yeyib qurtardıqdan sonra somavar qaynadırıq. Gecə ay işiğı altında somavar çayının ayrı ləzzəti var. Hər birimiz çayımızı içdikdən sonra öz otağımıza yatmağa gedirik. Gecənin həzin laylası məni yuxuya aparır. Quşların səsi səhərin açılmasından xəbər verir. Bu ecaskar səsin havasında yuxudan durmaq istəyəndə anamın səsinə ayılıram. Gözümü açıram Qarabağda yox Bakıda olduğumu görürəm. Hər gün yuxudan ayılmamğı arzu edirəm amma yenə də o ayrılıq anını yaşayıram. Bu 19 illik zaman kəsiyi zaman etibarı ilə bizi nə qədər elimizdən ayırırsa, mənən bir o qədər bağlayır. Bu həsrət tək mənim deyil, bütün Qarabağlının qəlbini göynədir. Hər birimizin ürəyi o gözəl diyara getmək arzusu ilə döyünür. Ürəkləri sızladan o günlərin xatirəsi hər kəsin qəlbində silinməz olaraq, əbədi həkk olub.

İnsan ömrünün ən yaddaqalan günləri elin, obanın əhatəsində keçirdiyi günləridir. Hər zaman qohum-əqrəbanın yanında olmaq, o günləri əzizlərin ilə birlikdə keçirmək necə də xoş bir hiss idi.İndi isə bu xoş hisslərdən məhrumuq. Elimiz, obamız yox, qohum-əqrabamız ətrafımızda deyil. Hərəsi bir tərəfdə məcburi köçkün kimi məskunlaşıb. Bəlkə də illərlə bəzilərindən xəbərimiz olmur. Artıq yas yerlərində də bir yerə toplaşdığımıza görə sevinirik. Hələ bu harasıdı? Elimizi itirməyimiz bəs deyil kimi əzizlərimizi də itirdik. Bu ürək həm Vətən həsrətinə, həm də dayı, əmi, baba, xala itkisinə necə dayansın?

Övlada əzabverən anlardan biri anasını ağlamağının şahidi olmasıdı. Mən hər gün bunun şahidi oluram. Anamın bizdən gizlənib ağlamağı həmişə gözümün önündə olur. Axı o necə qardaş, bacı, qardaş uşağı, bacı uşağı, qaynata, elti itkisinə dözür? Dözür ona görə ki, biz varıq. Ona görə ki, o gördüyü acıları bizə də yaşatmaq istəmir.Hər zaman arxamız, dayağımız olur, bəzən o bizə təskinlik verir. Qəd-qamətini şux saxlasa da, əyilməsə də onun dərdi hər zaman görünür. Gözlərindəki o ağrı, niskil özünü biruzə verir. Gənc yaşında qar kimi ağarmış saçları da bunu hayqıraraq söyləyir. Amma o balaları naminə bu ağrıya, acıya, həsrətə dözür.

 Əzizlərimizi itirmək bizə nə qədər əzab verirsə, bir o qədər də şərəf verir. Hər dəfə onların cəsarətindən, vətənə sevgisindən söz açılanda insanda qəribə bir məğrurluq yaranır, fəxr edirsən, onlar kimi şəhid olmaq istəyirsən. Onlar bizi Qarabağa səsləyir, qorxmamağa səsləyir.Nə zaman ki, torpaqlarımızı yağı əlindən qurtaracayıq, bax o zaman onların ruhu şad olacaq. O zaman onlar o torpaqlarda rahat uyuyacaqlar.

Yuxularımda o gözəl diyarı o qədər çox gəzirəm ki, bəzən elə düşünürəm ki, mən indi yuxudayam. Və bir gün ayılanda Qaradağlıda olacam. Bu yuxudan tez ayılmaq istəyirəm.....

Röya Qarabağlı

BDU Jurnalistika fakültəsi IV kurs

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir