Modern.az

Prezident qızını cəzalandırır, yoxsa qızı öz atasını? - TƏHLİL

Prezident qızını cəzalandırır, yoxsa qızı öz atasını? - TƏHLİL

Aktual

10 Noyabr 2013, 20:27

“Forbes” jurnalının Qazaxıstan versiyası Özbəkistan prezidenti İslam Kərimovun ailəsində baş verənlərlə bağlı növbəti təhlil yazısı dərc edib. Modern.az saytı “Son günlər Özbəkistanda nə baş verir və ya atasının qızı nədən kədərlənib?”
başlıqlı yazının tərcüməsini təqdim edir.

Özbəkistandan gələn son xəbərlər xeyli suallar yaradıb: Prezident İslam Kərimov qızını cəzalandırır, yoxsa Gülnarə öz atasını? Gəlin hər şeyi öz qaydasında danışaq. Deməli, Gülnarə Kərimovanın Avropa banklarındakı hesabları oktyabrın 20-də donduruldu. Bu tarixdən onun başı üzərini qara buludlar almağa başladı. Bundan sonra internetdəki şərhlərindən birində Gülnarə Kərimova Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnoyatovu barəsində “prezident postu uğrunda mübarizə aparmağa başlayıb” və “xalq arasında mənim populyarlığımı həzm edə bilmir” kimi ittihamlar səsləndirib. Özbəkistan prezidentinin böyük qızı ona məxsus “Terra Group” media holdinqinə qarşı başlanmış istintaq tədbirlərini o saat tənqid etməyə başladı. O qeyd edib ki, kompaniyasına qarşı irəli sürülmüş vergidən yayınma ittihamı “havadan götürülüb”.

Bu həftə Daşkənddəki “İnfin Bank”ın əməkdaşları “Azadlıq” radiosunun yerli şöbəsi “Azattık”a açıqlamasında “Terra Group” şirkətinin Özbəkistandakı bank hesablarının dondurulduğunu təsdiq ediblər. Bundan sonra Gülnarə Kərimova və onun biznes ortaqlarına məxsus 3 radio və 4 telekanalın fəaliyyəti dayandırılıb. Bu media strukturları prezident qızına, onun mədəni layihələrinə və biznes imicinin formalaşmasına xidmət edirdi. Xanım Kərimova dərhal Tvitter-dəki səhifəsində “bütün verilişlərin” efirdən çıxarıldığı barədə xəbər yazır. Londonda yaşayan analitik Əlişir İlhamov Özbəkistanın “Azattık” radiosuna müsahibəsində Günlnarə Kərimovanın problemlərini aşağıdakı proseslə əlaqələndirib.

“Onun atası bu vaxta qədər heç nə bilmirdi və indi qızının düzgün olmayan işlərindən xəbər tutub, qəzəblənib. Bütün bunlar bizim siyasi sistemlə və prezident ailəsinin gələcəyi ilə bağlıdır. İş ondadır ki, Özbəkistanda prezident ailəsi elə siyasi sistemin özüdür. Prezident ailəsinin və sistemin gələcəyi barədə danışarkən, mən onu nəzərdə tuturam ki, onlar (İslam Kərimovun qızları - Gülnarə və Lola) pulsuz qala bilərlər. Hazırda söhbət Gülnarə Kərimovaya aid olduğu deyilən və Avropa banklarında üzərinə həbs qoyulan 800 milyon dollardan və bəzi mənbələrin bildirdiyi kimi, Lola Kərimovanın “nəzarət etdiyi” 400 milyon dolardan gedir. Əlbəttə ki, İslam Kərimov bir ata kimi qızlarının xaricdəki əməllərindən təəssüflənməyə bilməz”.

Doğurdan da prezident ailəsi qarşısında böyük problemlər dayanıb. Bu il İsverçə, Fransa və İsveçdə Gülnarə Kərimovanın “çirkli pulları yuması” ilə bağlı araşdırmalar başladı. Sonra KİV-lərdə Kərimovanın Cenevrə və Parisdəki malikanələrində polis reydlərinin aparılıması işıqlandırıldı. Bu vaxt Özbəkistan xüsusi xidmət orqanları Gülnarə Kərimovanın dayısı oğlu Əkbərəli Abdullayevi mütəşəkkil cinayətkar dəstə yaratmaqda ittiham edərək həbs etdilər. Əkbərəli Abdullayevin yaxın çevrəsindən sızan məlumatlara görə o, Fərqanə vadisindəki neft ticarətinə nəzarət edib və Gülnarə Kərimova ilə qohum olmaqla bərabər, həm də onun biznes ortağı olub. Verilən məlumatlara görə, onu İslam Kərimovun xələfi kimi hazırlayırdılar və məhz bu məlumatı general Rüstəm İnoyatov İslam Kərimova açıqlayıb. Gülnarə Kərimovanın Rüstəm İnoyatova olan nifrətinin bir səbəbi də məhz budur. Onlar arasında qalamaqal Əkbərəli Abdulayev həbs olunduqdan sonra baş qaldırıb.

Prezidentlik səlahiyyətləri 2014-cü ilin dekabrında başa çatacaq İslam Kərimovun 75 yaşı var. Lakin artıq indidən qərara alınıb ki, Özbəkistanda prezident və parlament seçkiləri eyni vaxtda keçirilməsin.
Prezident seçkiləri 2015-ci ilin yazına kimi təxirə salınıb. Bu arada Gülnarə Kərimovanın kiçik bacısı Lola ilə gərgin münasibətləri də ictimaiyyətə bəlli oldu. Belə ki, Lola Kərimova BBC telekanalına eksklüziv müsahibəsində “bacımla 12 ildir ki, əlaqəm yoxdu” açıqlaması verib. Cavab olaraq Gülnarə Kərimova İnstagram-da kiçik bacısını pul oğurluğunda və fırıldaqçılarla dostluqda ittiham edib.

Nəhayət, noyabrın 6-da Gülnarə Kərimova heç bir siyasi ambisiyasının olmadığını bildirdi. O, aydın şəkildə mesaj verib ki, atasından sonra prezident olmaq niyyətində deyil. Lakin buna qədər prezident qızı bu suala hər dəfə Şərq müdrikliyinə xas aforizmlə “əgər Allahı güldürmək istəyirsənsə, ona yaxın 5 dəqiqə ərzində nə edəcəyini söylə” deyə cavab verirdi.

Günlarə Kərimova bu gün özünü rəssam, yaxud fotoqraf kimi gördüyünü, amma heç cür prezident görmək istəmədiyini bildirir. Onun fikrincə, dövlət başçısı postunda yalnız kişi olmalıdı.
“Heç kəs heç vaxt prezidentliyi müzakirə etmir və etməyəcək! Bu xalq tərəfindən seçilən güclü kişilərin işidir”, - deyə Kərimova öz Tvitter səhifəsində yazıb.

“Özbəkistanda hakimiyyət uğrunda mübarizənin son mərhələsi başlayıb”. Bu fikri müstəqil özbək jurnalisti Şahidə Tulyaqanova səsləndirib. “Mən belə başa düşürəm ki, Özbəkistanda yaşlaşan prezident və qarşıdan gələn seçkilər öncəsi hakimiyyət uğrunda mübarizə qızışıb. Prezidentliyə əsas iddiaçılardan biri Gülnarə Kərimova yumşaq desək, Milli Təhlükəsizlik Xidməti tərəfindən proseslərdən uzaqlaşdırılıb. Qeyd etməliyəm ki, onun gözdən salınması kampaniyası son iki ildə aktiv şəkildə aparılıb. Hər şey onun sahibi olduğu “Telemax” şirkətinin iflasa uğraması ilə başladı. Sonra proses Rusiyanın “MTS” telekommunikasiya şirkətinə təqiblərlə davam etdi. Kərimovanın işləri çox pis vəziyyətdədi və onu artıq həbs olunmuş saymaq olar” – deyə özbək jurnalist vurğulayır.

Lakin o, ölkəsinin gələcəyi ilə bağlı proqnoz verməyə də çətinlik çəkdi. “30 miyon əhalisi olan ölkəmiz fəqli bölgələrdən ibarətdi. Güclü şəxsiyyətlər və prezident var, lakin bütün ölkəyə tam nəzarət edən qüvvə yoxdu”.
Jurnalistin fikrincə, Özbəkistan Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnoyatov prezidenti və qızını hakimiyyətdən kənarlaşdırmaq üçün əlində kifayət qədər qüvvə cəmləyə bilməyib.
“Hələ hakimiyyət komandasında Səmərqənd-Cizaq klanını təmsil edən baş nazir Şövkət Mirziyev və onun müavini Rüstəm Əzimov var. Əgər hakimiyyətdə əvvəl bir balans var idisə, hazırda balans pozulub”- deyə Tulyaqanov ehtimal edir.
“Öz növbəmdə Özbəkistanda 2015-ci ildə prezident seçkilərinin keçiriləcəyinə əmin deyiləm. Çünki hadisələr bu cür inkşaf etməkdə davam edərsə, fikrimcə, biz həmin günə sağ çıxmayacağıq. Əgər seçkilər olarsa, başa düşmək lazımıdr ki, Özbəkistanda seçkilər heç vaxt azad, ədalətli və demokratik keçirilməyib və heç vaxt da keçirilməyəcək”- deyə Şahidə Tulyaqanova fikirlərini yekunlaşdırıb.

Hazırladı Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı