Modern.az

Məscidlərimiz üzərində ucaldılan kilsələr - ARAŞDIRMA

Məscidlərimiz üzərində ucaldılan kilsələr - ARAŞDIRMA

Aktual

14 Oktyabr 2014, 11:23

Ağdamın Şahbulaq ərazisində məscidin üzərində kilsə ucaldan erməni işğalçıları bir müddət öncə Xocavənd rayonunun Çartar kəndində də Dağlıq Qarabağdakı separatçı rejimin “baş naziri” Ara Harutyunyanın iştirakı ilə təməlatma mərasimi keçirdi. Sentyabr ayının 26-da gerçəkləşdirilən bu tədbir “Qarabağ Kəndləri İnkişaf Fondu”nun yardımları ilə baş tutub. Tədbirdən sonra Harutyunyan Talış və Madagiz kəndlərində də aparılacaq bir sıra abadlıq işləri haqqında məlumat verib. Sp.Vardanants adlandırılan kilsənin özül daşlarını yerləşdirən Ara Harutyunyan bununla nəinki erməni millətinə, həmçinin Azərbaycan xalqına mesajlar verdi. Geopolitik və geosiyasi oyunların getdiyi bir zamanda işğalçı rejim Avropa və digər ölkələrə Qarabağda həyatın gözəl keçdiyini, erməni cəmiyyəti arasında demokratik inkişafın getdiyini göstərməyə çalışır.

Qəbul edilmiş əsas qərar və göndərilən mesaj isə onların işğal etdikləri torpaqlardan heç bir vəcdlə çıxmayacağından barətdir. Vladimir Savelyev 366-cı Alayda yerləşən 02270 nömrəli (Qarabağda) hərbi hissənin əks-kəşfiyyat şöbəsinin rəisi kimi bildirir ki, “1992-ci il fevral ayının 24-də saat 21:15 dəqiqədə general rütbəsi almış Y.Zarviqarov zabitlər önündə belə deyib ki, regiondakı müharibə torpaq müharibəsi yox, islamın xristianlığa qarşı müharibəsidir. O, çıxışında göstərib:

“...Dünyanın islam ölkələrinin nümayəndələri, hərbi müşavirlər Bakıya (?) yığışıblar ki, bizim xaçı necə sındırıb, əzsinlər. Xristianlığa qarşı bir yürüş var. Bu yürüşdə ya dinimizi, şərəfimizi qorumalıyıq, ya da şərəfsizliyi qəbul edib tabe olmalıyıq”. Polkovnik Savelyevin verdiyi məlumat bu gün də erməni milli-siyasi şüurunun əsas tərkib hissəsi olmaqda davam edir. Məhz bu səbəbdən də erməni lobbisi və Ermənistan Respublikası Qarabağın təmamilə xristianlaşdırılması üçün məaliyyə yardımlarını əsirgəmir. Bununla yanaşı, bölgənin xristianlaşdırılması gələcəkdə etnik azərbaycanlı icmasının söz haqqının azalacağına işarədir.

Qriqoryan kilsəsinin məxfi qrifləri altında formalaşdırılan erməni siyasəti yaxşı anlayır ki, əgər işğal edilən torpaqlar geri qaytarılarsa, vaxtilə tikilən kilsələr öz töhfəsini verəcək. Qarabağın xristianlaşdırılması üçün burada koordinasiya rolunu isə baş yepiskop Pargev Martirosyan oynayır. Bu şəxs Qarabağın birbaşa Livan üzərindən Vatikanla əlaqələrinin yaradılmasında məsuldur. Erməni kilsəsindən danışdıqda onun apardığı siyasətin özülünün terrorizmdən ibarət olmasını xüsusi vurğulamaq lazımdır. Beynəlxalq terrorda özünəməxsus, şifrələnmiş şəkildə gizlənən erməni terrorizmi lobbi və kilsənin yardmlarıyla bu gün də Azərbaycan üçün əsas təhlükə mənbəyi olaraq qalır. Əgər biz bu gün məscidlərimizin üzərində tikilən kilsələrə əhəmiyyətsiz yanaşsaq, tikilən hər kilsədə terror və işğal əməliyyatları hazırlanacaq. Necə ki, hazırlandı və icra edildi.

1930-cu ildən etibarən Sovet rəhbərliyinin göstərişlərinə uyğun bölgədə olan bütün kilsələrin fəaliyyəti qadağan edilmişdi. Qorbaçov hakimiyyəti ilə SSRİ-nın yumuşalma siyasətinə başlamasının ardından Qarabağda erməni seperatçıları baş qaldırdı. Miatsum ideası ətraında birləşən erməni qüvvələri kilsənin xeyir-duası ilə terror fəaliyyətlərinə başladı. 1989-cu ildə yenidən fəaliyyətə başalayan kilsə qısa bir müddət ərzində dünyada yerləşən erməni kilsələri ilə əlaqələr yaratdı. Fəaliyyət o qədər genişləndi ki, artıq 1992-ci il fevralın ayının 4-də Roma Papası II İohanın Dağlıq Qarabağ özünümüdafiə dəstələrinə (!) və rus qoşun birləşmələrinin generallarına məxfi məktub göndərdi. Roma Papası erməni müdafiə dəstələrinə «Allahdan aldığı gücü» (?) göndərirdi. Ruslara isə bu vuruşmanın “dini bir vuruşma” olduğunu xatırladır, onlara dua edəcəyini açıqlayırdı. Papa Qarabağ uğrunda vuruşmanı “Dini vuruşma. Din uğrunda vuruşma” kimi qiymətləndirib, yazır: “...İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni qardaşlarımın vuruş və döyüş məkanlarında baş əyəcəm...”.

Və həqiqətən də 2003-cü ilin sentyabrın 21-də Roma Papası Ermənistana gəlir və Qarabağın işğalı zamanı öldürülən ermənilərin məzarlarını yad edir. Xocalı soyqırımı zamanı Roma Papasından gələn bu məktub Vatikan-Eçmiədzin (Üçkilsə, Üçmüəzzin) əlaqələrinin hansı səviyyədə olmasının göstəricisidir.

İşğal edilmiş torpaqlarımızda xarici qüvvələrin birbaşa göstərişləri ilə inşa edilən kilsələr artıq Ermənistanda olan kilsələrin sayını ötüb. Məlumatlara görə Qarabağda artıq 2 Rus pravoslav kilsəsi fəaliyyət göstərir. Moskva patriarxlığının beynəlxalq kilsə əlaqələri şöbəsinin sədr müavini Filipp Ryabıx vaxtilə bildirirdi: “Dağlıq Qarabağdakı kilsə regionda sülhə yardımçı olacaq”.
Filipp Ryabıx yaxşı anlayır ki,ermənilərin Ağdamda arxitektur Kərbəlayi Səfi xan Qarabaği tərəfindən tikilmiş məsciddə donuz saxlaması heç bir sülh prosesinə təkan verə bilməz. Belə ki xarici mənbələrdən araşdırmalara görə, atəşkəsdən sonra Qarabağda 30-a qədər kilsə inşa və bərpa edilib. Erməni mənbələrinə görə isə Qarabağda fəaliyyət göstərən 17-ə qədər kilsə mövcuddur: Amaras monastırı (Xocavənd), Gəncəsər monastırı (Kəlbəcər), Qdçavank monastrı (Xocavəndin Tuğ kəndi), Xudavəng monastr kompleksi (Kəlbəcər - Ağdərə magistral yolunun kənarında, Bağlıpəyə kəndi ərazisində), Müqəddəs Yelisey kompleksi (Ağdərə), Üç Gənc kilsəsi (Tərtərin Çiləbürt kəndi), Ağoğlan monastrı (Laçın), Yaşıl kilsə (Şuşa), Qırmızıkənd monastrı (Kəlbəcərin Qozlu kəndi), Qızlar monastrı (Şuşa), Andaberd qalasının kilsəsi (Kəlbəcər), Müqəddəs Akop kilsəsi (Kəlbəcərin Kolatağ kəndinin 1.5 km-də), Horeka kilsəsi (Tərtərin Talış kəndi), Qazançetsots (Şuşa), Müqəddəs Allahın kilsəsi (Kəlbəcərin Zar kəndi), Müqəddəs Qevorq kilsəsi (Xankəndi), Müqəddəs Akob kilsəsi (Xankəndi).

2005-2007-ci illər ərzində Xankəndində tikilən Müqəddəs Akop kilsəsindən başqa bütün göstərilmiş kilsələr Azərbaycan tarixinin müxtəlif dövlərində tikilib. Erməni təbliğat maşını hər vəcdlə yeni tikilən kilsələrin sayını gizlədir. Lakin digər mənbələrə baş vurduqda aydın olur ki, işğaldan sonra ermənilər Şuşa şəhərində 3, Şuşa-Laçın yolunda Fətiş bulağı deyilən ərazidə 1, Laçın şəhərində 2, Laçın rayonunun Zabux kəndində 1, Şuşa Xankəndi yolunun üzərində 2, Xankəndi şəhərində 4, Əsgəran qəsəbəsində 2, Ağdam rayonunun Şahbulaq qəsrinin yanında 1 kilsə inşa ediblər. Bundan başqa, Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, keçmiş Hadrut və Martuni rayonlarının ərazilərində isə 15 alban dövrü məbədi təmir edilərək, erməni kilsəsi statusu verilib.

Eçmiədzin işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayını 58-ə çatdırıb. Faktiki olaraq bu rəqəm indiki Ermənistan ərazisində istifadə olunan kilsələrin sayından iki dəfə çoxdur. Bununla yanaşı, qeyd etməliyik ki, bölgədə 5000-dən çox kilsə var. Təbii ki,yeni tikilən erməni kilsələrindən əvvəl olan bütün kilsə və məbədlər Azərbaycan-Alban mədiniyyətinin əsas özülünü təşkil edirdi.

Mövzunu sonlandıraraq bildirim ki, kilsə həmişə ermənilər üçün ən böyük kəşfiyyat mərkəzi, informasiya və məlumat bazası olub. Məhşur erməni təhlükəsizlik generalı S.M.Markaryan etiraf edir ki, ermənilərin kəşfiyyatı və tarixi onların kilsəsindən başlayır. Bütün əsrlər boyu erməni kilsələrində “Böyük Ermənistan” xəritələri cızılıb, türk millətinə qarşı terror planları hazırlanıb və birbaşa terrora dəstək verilib. Bunun bir nəticəsi olaraq kilsə yeni yetişən erməni nəsillərinə Ocaq kitabını və Miatsumu “bəxş edərək” Azərbaycana Xocalı soyqırımını yaşatdı.
Bu gün biz torpaqlarımızı azad etsək də, məscidlərimiz üzərində ucaldılan kilsələrin fəaliyyəti dayandırılsa da, torpaqlarımız bizi bir daha bağışlamayacaqmı deyə düşünməliyik... Bir anlıq düşünməliyik!

Şahin Qocayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı