Modern.az

Naxçıvana diqqətə görə hökumətə minnətdarlıq

Naxçıvana diqqətə görə hökumətə minnətdarlıq

20 Noyabr 2014, 18:02


Milli Məclisdə 2015-ci ilin büdcə müzakirələrində qurumun Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bir sıra təkliflər irəli sürüb.

O, bildirib ki, son illərdə baş vermiş qlobal maliyyə- iqtisadi böhranı dünyanın  bir çox   ölkələrində  iqtisadiyyatın  xeyli geriləməsinə səbəb olsa da ümummilli lider Heydər Əliyevin başladığı və hörmətli Prezidentimiz   İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu iqtisadi  siyasət nəticəsində ölkəmizdə  iqtisadiyyatın  dinamik inkişafı hər il olduğu kimi 2014-cü ildə də  təmin edilmişdir. Bu isə 2015-ci ildə büdcə xərclərinin və gəlirlərinin artımına əsaslı zəmin yaratmışdır.  Bunu müzakirə etdiyimiz 2015-ci il büdcə layihəsinin göstəriciləri də bir daha sübut edir.

Büdcə layihəsində diqqəti cəlb edən məqamlardan biri  qeyri-neft sektorunun inkişafı ilə bağlıdır.  

“Belə ki, ildən-ilə dövlət büdcəsinin neft amilindən asılılığı azalır və 2015-ci ildə  qeyri-neft sektorundan gəlirlərin dövlət büdcəsində payı 34,7 faiz  proqnozlaşdırılır ki, bu da 2013-cü ilə nisbətən 7,8 faiz-bənd çoxdur.  Bu artım  isə respublikamızda son illər qeyri-neft sektorunda innovasiyalı texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması və  regionlarda həyata keçirilən tədbirlərlə   əlaqədardır.

Regionların inkişafına dair Dövlət Proqramlarının uğurlu icrasının nəticəsidir ki, ildən - ilə yerli büdcələrə dotasiyanın həcmi azalır. Əgər 2011-ci ildə rayonlar üzrə büdcə xərclərinin 77,1 faizini və şəhərlər üzrə 54,3 faizini(Bakı şəhəri istisna olmaqla) mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait təşkil edirdisə,  2015-ci ildə  bu göstəricilər müvafiq olaraq 71,4 və 25,2 faiz proqnozlaşdırılır. Bütün bunlar və dövlətin həyata keçirdiyi digər iqtisadi tədbirlər büdcə gəlirlərinin artıq büdcə-vergi siyasəti üzrə reallaşmasına və qeyri-neft gəlirlərinin Ümumi Daxili Məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artımına yönəldiyini göstərir. Vergilər Nazirliyi və Gömrük Komitəsinin xətti ilə daxilolmaların artımı da dediklərimizi təsdiq edir” Komitə sədri deyib ki, Prezident İlham Əliyev cənabları  növbəti on il ərzində ümumi daxili məhsulu qeyri- neft sektorunun inkişafı hesabına ən azı iki dəfə artırmağı və ölkə əhalisinin əsas ərzaq məhsullarına  olan tələbatını 100 faiz yerli istehsal hesabına ödəməyi  qarşıya hədəf qoymuşdur: “Qeyri - neft sektorunun prioritet istiqamətlərindən biri aqrar sahə olduğundan  bu bölmənin kompleks inkişaf etdirilməsi üçün respublikamızda  xeyli işlər görülmüşdür. Belə ki, 2001 - 2014-cü  illərdə kənd təsərrüfatı məhsul istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunması nəticəsində 1,6 milyard manat büdcəyə ödəniləsi vəsait fermerlərin sərəncamında qalmış, 2007-2014-cü illərdə onlara 784 milyon manat subsidiya, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 115 milyon manat güzəştli kredit verilmişdir. Təkcə 2012-2013-cü illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən aqrar sektora 338 milyon manat güzəştli kredit ayrılmışdır. Kənd təsərrüfatına dövlət dəstəyi davam etdirilir və daim təkmilləşdirilir.   Bu günlərdə Nazirlər Kabineti (1 avqust 2014-cü il) kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə satılacaq mineral gübrələrin dəyərinin dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək hissəsinin  hər hektara görə  orta hesabla 50 faizdən 70 faizə çatdırılması və istifadə olunan  mineral gübrələrin dəyərinin 50 manatdan 80 manata kimi  qaldırılması barədə qərar qəbul etmişdir. Yalnız bu artımın hesabına fermerlər ildə orta hesabla 55-60 milyon manat əlavə subsidiya alacaqlar.  Bu bir daha onu göstərir ki, aqrar bölmə dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biridir və bu sahə həmişə diqqət mərkəzindədir.

Bunun nəticəsidir ki, hər il olduğu kimi 2015-ci ilin büdcəsində də kənd təsərrüfatına cari ilin gözlənilən icrasına nisbətən 7,7 faiz  və ya 40,7 milyon manat çox olmaqla ümumilikdə 568,7  milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu vəsaitin 33 faizi  və ya 186,2 milyon manatı “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üçün nəzərdə tutulur ki, bu da 2014-cü ildə gözlənilən icraya  nisbətən 57,2 milyon manat və ya 44,3 faiz çoxdur.

Gələn il aqrar sahəyə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə ayrılacaq  subsidiya və kreditlərin cəmi 236 milyon manatdan çox olacaqdır ki, bu da 2014-cü ilə nisbətən 59 milyon manat və ya 33 faiz çoxdur. 2015-ci ildə kənd təsərrüfatına 63,2 milyon manat və ya cari illə müqayisədə 7,3 faiz çox  investisiya qoyuluşu nəzərdə tutulur. Onu da qeyd etmək lazımdır ki, son vaxtlar subsidiyaların fermerlərə çatdırılmasında və güzəştli kreditlərin verilməsində şəffaflıq təmin olunur və bu maliyyə dəstəyinin səmərəsi daha çox hiss olunur”.    

Deputat qeyd edib ki, bununla yanaşı, ölkəmizdə kənd təsərrüfatının inkişafında  mühüm əhəmiyyət kəsb edən bəzi məsələlərə diqqətii cəlb etmək istəyir: “Məlumdur ki, dünya iqtisadiyyatında baş verən qloballaşma prosesində rəqabətə davamlı kənd təsərrüfatı məhsulları istehsalına nail olmaq üçün bitkiçilikdə toxumçuluq və heyvandarlıqda damazlıq işləri ön sırada durmalıdır. Yəni intensiv inkişaf təmin edilməlidir.  Lakin bu sahədə son illər xeyli işlər görülsə də hələ lazımi nəticə əldə olunmayıb. Belə ki, respublikamızda yüksək reproduksiyalı  toxumlarla təmin olunan əkin sahələrinin və damazlıq heyvanların ümumi sürüdə xüsusi çəkisi optimal normadan dəfələrlə azdır. Bunun nəticəsidir ki, bitkiçilik və heyvandarlıqda məhsuldarlıq səviyyəsi aşağıdır və  artım ləng gedir.  Bu da hazırda mövcud olan dövlət toxumçuluq və damazlıq təsərrüfatlarının durumunun aşağı olması  ilə əlaqədardır.

Demək olar ki, bu təsərrüfatlar məqsədli təyinatına uyğun tam  istifadə olunmur və kənd təsərrüfatının intensivləşməsinə zəif təsir göstərir.  Hesab edirik ki, dövlət toxumçuluq və damazlıq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, ən müasir texnika və texnologiyaların tətbiqi, respublikamızda rayonlaşmış yüksək məhsuldar bitki sortları və heyvan cinsləri ilə təmin edilməsi, yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi və digər lazımi tədbirlərin həyata keçirilməsi üçün büdcədən bu məqsədlə  hər il tələb olunan  səviyyədə vəsait ayrılmalıdır. Yalnız bu halda həmin təsərrüfatlar ölkəmizdə nümunəvi təsərrüfatlara çevrilər və kənd təsərrüfatında məhsuldarlığın artımına geniş miqyasda müsbət təsir göstərə bilərlər.  Yaxşı olar ki, gələn ilin büdcəsində  respublikamızda aqrotexnoparkların, gübrə zavodunun    tikintisinin sürətlənməsi və yaxın vaxtlarda istismara verilməsi  üçün  lazımi vəsait nəzərdə tutulsun. Çünki, özümüzün yüksək məhsuldar bitki sortları və heyvan cinsləri, habelə müasir tələblərə cavab verən kənd təsərrüfatı texnikası və digər istehsal  vasitələri olmadan uzun müddət rəqabətə davamlı məhsul istehsal etmək mümkün olmayacaq.

Ona görə də bu məsələlərə dövlət vəsaitini əsirgəmək qarşıya qoyulan vəzifənin yerinə yetirilməsinə əngəl ola bilər. Bunu dünya təcrübəsi də sübut edir”.  

Sonda millət vəkili Naxçıvandan seçilən deputat kimi Ermənistanın blokadası şəraitində yaşayan və fəaliyyət göstərən Muxtar Respublikaya göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikası hökumətinə öz minnətdarlığını bildirib: “Qeyd etmək istəyirəm ki,  Naxçıvan Muxtar Respublikası  ayrılan büdcə vəsaitlərindən səmərəli istifadəni təmin edir və hər il Muxtar Respublikanın büdcə xərclərində daxili gəlirlərin payı atır.

Dünyanın bir çox ölkələrində maliyyə və iqtisadi böhranın davam etdiyi bir şəraitdə bu gün müzakirə etdiyimiz büdcəmiz sosial yönümlü və investisiya tutumlu olmaqla yüksək artım tempi və daha şəffaf olması ilə fərqlənən bir büdcə layihəsidir”.

Çıxışının sonunda isə Eldar İbrahimov deputat həmkarlarının büdcəyə səs verməyə çağırıb.

 

 

Modern.az                            
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir