Modern.az

Azərbaycanda son 20 ilin kütləvi insan tələfatına səbəb olmuş HADİSƏLƏR

Azərbaycanda son 20 ilin kütləvi insan tələfatına səbəb olmuş HADİSƏLƏR

Reportaj

20 May 2015, 14:01

Mayın 19-da bütün Azərbaycan Bakının Binəqədi rayonundakı 16 mərtəbəli binanın yanması xəbəri ilə sarsıldı. Binaya vurulan üzlük materialların alışması nəticəsində rəsmi rəqəmlərə görə, 15 nəfər həlak olub, 50-dən artıq insan isə xəsarət alıb. Azərbaycan tarixində buna qədər də kütləvi insan tələfatı ilə nəticələnən dəhşətli faciələr baş verib.
Modern.az saytı həmin faciələrin bir hissəsini xronoloji ardıcıllıqla xatırladır.    

1995-ci il, 28 oktyabr                          

Bakı metropoliteninin “Ulduz” və “Nərimanov” stansiyaları arasında hərəkət edən qatarın mühərriklərindən birinin alışması böyük faciəyə yol açmışdı. Yanğın və tüstüdən zəhərlənən 289 nəfər həyatını itirmiş, 270 nəfər isə ağır xəsarətlər almışdı. Bakı metropolitenində baş verən faciə ölkə tarixindəki ən böyük insan tələfatına səbəb olmuş qəza hesab olunur.    

1995-ci il, 5 dekabr

Azərbaycanın müstəqillik tarixində baş verən ən böyük aviasiya qəzası 1995-ci il dekabrın 5-də qeydə alınıb. Həmin gün Naxçıvan-Bakı reysi ilə hərəkət edən Tu-134 sərnişin təyyarəsi Naxçıvan hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra açıq sahəyə düşərək tamamilə yanıb. Qəzada 4 heyət üzvü və 48 sərnişin həlak olub. 
Sonradan Rusiya və Azərbaycan ekspertlərindən ibarət beynəlxalq komissiya belə qənaətə gəlib ki, qəza Tu-134-ün mühərriklərindən birinin nasaz olması və pilotların qəza enişi zamanı səhvə yol verməsi səbəbindən baş verib.

1997-ci il, 2 oktyabr

Azərbaycan Dövlət Neft Şirkərtinə məxsus Mİ-8 helikopteri Xəzərin “Günəşli” neft yatağı üzərində hərəkət edərkən pərlərinin dağılması nəticəsində dənizə düşüb. Helikopterdəki 22 nəfərlik heyətin 21 üzvü həlak olub, yalnız 1 nəfər xilas edilib. 

2002-ci il, 22 oktyabr

Həmin vaxt Bakıdan 130 kilometr aralıda Aktau-Bakı marşrutu ilə hərəkət edən Xəzər Dəniz Gəmiçiliyinin “Merkuri-2” gəmisi batıb. Qəza nəticəsində gəmidəki 50 nəfərdən 41-i suda boğulub, 9 nəfər isə xilas edilib. “Merkuri-2” gəmisi hələ də Xəzər dənizinin dərinliklərində qalır. 

2004-cü il, 16 avqust

Bakı-Quba yolunun 120-ci kilometrliyində “Ford” markalı mikroavtobus və “KAMAZ” markalı yük maşını toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü də daxil olmaqla 14 nəfər ölüb.

2005-ci il, 28 avqust

Bakı-Astara yolunun 48-ci kilometrliyində “KAMAZ” yük maşını və “Qazel” markalı mikroavtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı 11 nəfər ölüb, 6 nəfər isə ağır xəsarət alıb. 

2005-ci il, 23 dekabr

Azərbaycan Hava Yollarına (AZAL) məxsus An 140-100 təyyarəsi Heydər Əliyev adına Hava Limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Sonradan müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib. Nardaran qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən An 140-100 təyyarəsindəki 4 heyət üzvü və 19 sərnişin hadisə nəticəsində həlak olub.

2007-ci il, 15 iyul

Bakı-Qazax yolunun Şəmkir rayonundan keçən hissəsində iki sərnişin daşıyan mikroavtobusun toqquşması nəticəsində 7 nəfər həlak olub, 15 nəfər isə ağır xəsarətlər alıb.

2007-ci il, 12 oktyabr

Göyərtəsində neftçiləri daşıyan Mİ-8 helikopteri idarəetməni itirərək Xəzər dənizinə düşüb. Qəza heyət üzvləri ilə birlikdə, ümumilikdə 6 nəfərin ölümünə yol açıb.

2007-ci il, 5 noyabr

Ələt-Astara yolunda Bakıya doğru hərəkət edən mikroavtobusla qarşı istiqamətdən hərəkət edən “KAMAZ” markalı yük maşının toqquşması zamanı 13 nəfər həlak olub, 5 nəfər ağır xəsarətlər alıb.

2008-ci il, 15 oktyabr

Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində 2 avtomobil toqquşub. Qəzada hər iki avtomobildəki 8 nəfər həlak olub.

2009-cu il, 30 aprel

Azərbaycan Dövlət Nefr Akademiyasının binasına daxil olan 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov “Makarov” tipli tapançadan insanlara atəş açaraq kütləvi qətliam törətmişdi. Silahlı hücum zamanı akademiyanın müəllim və tələbələri də daxil olmaqla 12 nəfər öldürülmüş, 13 nəfər isə güllə yarası almışdı. Cinayəti törətdikdən sonra Fərda Qədirov öz həyatına da son qoymuşdu.

2009-cu il, 12 iyul

 AZAL-a məxsus Mi-8 helikopteri Çilov adası ərazisində 4-cü blokdan havaya qalxarkən dənizə düşüb. Onun göyərtəsindəki 6 nəfərdən 4-ü xilas edilsə də, 2 nəfər həyatını itirib.

2011-ci il, 3 avqust

Bakının Nərimanov rayonunda yerləşən kolbasa sexlərindən birində güclü partlayış baş verib. Faciə sexin həyətində qaynaq işləri aparılan zaman qaz balonunun partlaması nəticəsində yaşanıb. Nəticədə sexdə çalışan 3 nəfər həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

2011-ci il, 9 avqust

Hacıqabul-Padar yolunun yaxınlığında yerləşən “LUKoyl” yanacaqdoldurma məntəqəsində maye qaz daşıyan yük avtomobilində güclü partlayış baş verib. Nəticədə 8 maşın, böyük otlaq sahəsini od bürüyüb. Faciəli partlayış nəticəsində 4 nəfər ölüb, 13 nəfər isə xəsarət alıb.  

2012-ci il , 17 avqust

Bakı şəhəri, Suraxanı rayonunda məcburi köçkünlərin məskunlaşdığı 30 kv.m sahəsi olan tikilidə baş verən yanğın da insan tələfatına səbəb olub. Yanğın nəticəsində 3 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.

2012-ci il, 31 avqust

Həmin gün Ağstafadan Bakıya gələn qatar Qaradağ rayonu, Lökbatan qəsəbəsində dəmir yol keçidindən keçərkən qarşısına çıxan sərnişin avtobusunu vurub. Yol-nəqliyyat qəzası 6 nəfərin ölümü, 47 nəfərin xəsarət alması ilə nəticələnib.

2013-cü il, 11 fevral

2013-cü il fevralın 11-də Bakının Şıxov çimərliyi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “Mİ-17” helikopteri qəzaya uğrayıb. Helikopterin göyərtəsindəki 3 zabit qəzadan sağ çıxmayıb.

2013-cü il, 28 dekabr

Qobustan rayonu ərazisində iki “VAZ” markalı minik avtomobilləri toqquşub. Qəza qurbanlarının sayı 7, yaralananların sayı isə 1 nəfər olub.

2014-cü il, 13 fevral

Bakının Xətai rayonundakı yanacaqdoldurma məntəqələrindən birinin yeraltı qaz çənində partlayış baş verib. Çəndə təmir işləri aparan 2 qaynaqçı hadisə yerindəcə keçinib, 1 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

2014, 29 sentyabr

Bakı-Şamaxı yolunda toy karvanının qəzaya uğraması insan tələfatına səbəb olub. Göyçayın Şahsoltanlı kəndi ərazisində “Mercedes” və “Pajero” markalı maşınların toqquşması nəticəsində 9 nəfər həlak olub, 1 nəfər ağır xəsarət alıb.

2014-cü il, 8 sentyabr

Həmin gün Xırdalan şəhərində məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binanın 1-ci mərtəbəsində qaz partlayışı baş verib. Binanın 1 blokunun 3 mərtəbəsi çöküb, 3 nəfər həlak olub, 8 nəfər isə dağıntılardan sağ qurtulub.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı