Modern.az

Emin Ağalarovun bir mahnısı - TƏRCÜMƏ + VİDEO

Emin Ağalarovun bir mahnısı  - TƏRCÜMƏ + VİDEO

11 Oktyabr 2015, 14:27

Dünya estradasından üç mahnıya qulaq asmaqdan doymuram. Bunlar Sezen Aksunun “Minik sərçə”, Alla Puqaçovanın “Pozovi menya s soboy” və “Monoloq-rekviem” mahnılarıdır. Bu günlərdə həmkarım, gözəl jurnalistimiz, yüksək zövq sahibi Firuzə Nadir bu silsilədən daha bir mahnıya diqqətimi cəlb etdi. Adı “Zabıt tebya” idi. Qulaq asdım, həm də baxdım. Çox bəyəndim. Müğənni Emin Ağalarovun ifasında mahnı, aktyor Emin Ağalarovun iştirakıyla çəkilən klip çox gözəl alınmışdı. İfa o qədər gözəl idi ki, əvvəlcə mahnının da, sözlərinin də məhz Emin Ağalarova aid olduğunu zənn etdim. Fikrimi təsdiq etmək üçün internetdə axtarış verdim. Oleq Vladi adlı rus bəstəkarı və şairini kəşf etdim. Kəşf etməklə yanaşı, şeiri Azərbaycan dilinə çevirməyə, tərcüməni və klipi sizinlə də bölüşməyə qərar verdim.


QOY UNUDUM MƏN SƏNİ...

Musiqisi və sözləri: Oleq Vladi

Bu duel, ya oyunmu?
Davamız başa çatdı,
Silahlar da kiridi.
Sənsizlikdən ürəyim
sönsə də, öləmmədi.
Əvvəldə biz adını
“Ölməz sevgi” qoysaq da,
Cəmi üç il yaşadı.
İndisə bənzəyirik
Barışmaz düşmənlərə.
Dava səngiyib, bitib,
Əlimizdə “Ağ bayraq”,
Ruhumuz, ürəyimiz
Dönüb xarabalığa.
Səsimiz də batıbdır
Küsülərin qoynunda.
Sənin Kainatının
“Sevgi” adlı evindən
çıxaraq, tərk edibən
yalvarıram, izn ver,
Qoy unudum mən səni.
Məhəbbət sərhədindən
Həmişəlik, əbədi
Geri çəkim sevgimi...

Zaman silib-itirsin
Sənli röyalarımı,
Səndən yadigar qalan
Qəm-kədərli anları.
Yaddaş – acı zəhərdir,
Məni içimdən yeyir.
Sənsiz çabalayıram
Çarmıxda İsa təki -
Amma ki, yaşayıram.
Yalvarıram, izn ver
Qoy unudum mən səni.
Məhəbbət sərhədindən
Həmişəlik, əbədi
Geri çəkim sevgimi...

Söz qəhətə çəkilib,
Niyə axı mən buna
izah tapa bilmirəm.
Geriyə çəkilsəm də
Ürəklənib yenidən
Hücuma keçirəm mən.
Amma qarşımı kəsir –
Bir tərpənişə bənddi
Köhnə mina, bombalar.
Uzaqdasa görürəm
Sənin planetini -
Təzəcə tərk etdiyim
O məhəbbət evini.
Pəncərədə qalıbdır
O əlvida izlərim.
Baxaraq pəncərənə
Qiblə, səcdəgah kimi.
Yalvarıram, izn ver
Qoy unudum mən səni.
Məhəbbət sərhədindən
Həmişəlik, əbədi
Geri çəkim sevgimi...

Tərcümə edən Mahir QABİLOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir