"Erkən nikah valideyn məsuliyyətsizliyidir".
Modern.az xəbər verir ki, bu barədə DOST TV-nin efirində yayımlanan “Ekspert rəyi” verilişində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva məlumat verib.
K.Əliyeva bildirib ki, bir çox ailələrdəki patriarxal düşüncə ucbatından qızlar təhsilə yox, erkən ailə qurmağa yönləndirilir. Qızların savad alması yox, uşaq dünyaya gətirməsi üstün tutulduğu üçün onlar cəmiyyətdən, fərdi inkişafdan və sosial uyğunlaşmadan kənarda qalırlar.
Komitə rəsmisi bu növ nikahların ağır fəsadlarından danışıb:
"18 yaşı tamam olmamış şəxs fizioloji olaraq ana olmağa hazır deyil, bu da uşaq ölümü riskini kəskin artırır, azyaşlının psixologiyasına və sağlamlığına mənfi təsir edir. Həmçinin bu nikahlar rəsmi qeydiyyatsız, yalnız dini kəbinlə kəsildiyi üçün gələcəkdə yaranan münaqişələrdə qızların hüquqi müdafiəsi çətinləşir və əmlak bölgüsündə ciddi maneələr yaranır".
K.Əliyeva vurğulayıb ki, bu məsələdə yük təkcə dövlətin üzərinə düşməməli, vətəndaş cəmiyyəti də maarifləndirmədə fəal olmalıdır.
Töhfə Səməd