2026-cı ilin aprel ayında Azərbaycanın qeyri-neft ixracında ən yüksək artımlardan biri çiyələk məhsulu üzrə qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə may sayında öz əksini tapıb.
Belə ki, hesabat ayında çiyələk ixracı 11,1 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövründəki 2,2 milyon dollarla müqayisədə 5 dəfədən çox artıb.
Bundan əlavə, aprel ayında qızıl ixracı 35,89 milyon dollar olub ki, bu da illik müqayisədə 18,8% artım deməkdir. Pambıq lifinin ixracı isə 35,83 milyon dollara çataraq 62,9% yüksəlib.
Pomidor ixracı 30 milyon dollar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3% azalıb.
Mis filizləri və konsentratlarının ixracı 27,1 milyon dollar olub. Bu məhsul üzrə ixrac ötən ilin eyni dövründəki 3 milyon dollardan 9 dəfədən çox artıb.
İlkin formalı polietilen ixracı 14,4 milyon dollar təşkil edib ki, bu da 34,6% artım deməkdir. İlkin formalı propilen sopolimerlərinin ixracı isə 11,5 milyon dollara yüksələrək 16,2% artıb.
Hesabat dövründə meşə fındığı ixracı 10,9 milyon dollar olmaqla 4,8%, ağ şəkər və digər saxarozanın ixracı isə 9,5 milyon dollar olmaqla 1,1% artım nümayiş etdirib.