Modern.az

Amerikada yarımfinal, Şuşada final matçı - Uduzan Fransadır

Ölkə

Bu gün, 12:10

Dördüncü Şuşa Qlobal Media Forumundan geri dönərkən İspaniya-Fransa qarşılaşmasına böyük ekranda baxa bilməyəcəyimdən bir az əhvalım pozulmuşdu. Amma Forumun təsirindən də çıxa bilmirdim.  

Beynimdə avtomatik paralel yarandı, Amerikada futbol oynanılır, Şuşada informasiya oyununun qaydaları yazılır.

Futbolda qol vurulur, mediada etimad qazanılır.

Dünya Amerikada çempionu müəyyənləşdirir, Şuşada isə həqiqətin ünvanını tanıyır.

Paralellər çoxdur, nəhayəti odur ki, Şuşa forumu qalib Azərbaycanın öz hekayəsinini dünyaya özü danışdığı tribunadır. 

Evə çatanda matç 2-0 İspaniyanın xeyrinə bitmişdi.

Tarix bəzən eyni gündə iki fərqli səhnə qurur. Eynilə Amerikadakı matç və Şuşadakı forum kimi.

Bir səhnədə milyonlar topun, digərində isə həqiqətin arxasınca qaçır.

Dünən dünyanın diqqəti iki ünvana bölünmüşdü....

Amerikada futbol üzrə dünya çempionatına və Şuşada IV Qlobal Media Forumuna...

İlk baxışdan bu iki hadisənin bir-biri ilə heç bir əlaqəsi yoxdur.

Amma diqqətlə baxanda onların hər ikisinin bir ortaq cəhəti gördüm.

Hər ikisi dünyanın diqqəti uğrunda yarışır.

Amerikada meydanın sahibi FIFA, Şuşada isə həqiqətdir.

Amerikada bir qol milyonları sevindirir, Şuşada bir həqiqət milyonların düşüncəsini dəyişir.

Futbolun ən böyük məqsədi qələbə, medianın ən böyük məqsədi etimaddır.

Hamımız bilirik, qələbə olmadan çempion olmur, etimad olmadan dünyanın səsini olmaq mümkün deyil.

İnternet resurslarından xəbər tuturdum ki, Amerikada Yamal Fransa səddini yarır.

Şuşada da Azərbaycan illərlə qurulmuş dezinformasiya divarlarını dağıtdı.

Özümdən asılı olmayaraq Fransa səddi ilə dezinformasiya divarları arasında çox oxşarlıq, bənzərlik hiss etdim.

Bir vaxtlar Şuşa haqqında başqaları danışırdı. Şuşadan bizə əcnəbilər torpaq gətirirdi.

İndi Şuşa özü danışır. Şuşada o torpağın sahibi danışır.

Ən böyük dəyişiklik də budur.

30 il işğal altında qalan şəhər bu gün dünyanın informasiya gündəmini müəyyənləşdirən məkana çevrilib.

Bu şəhərin azad olunması Azərbaycanın sözünün də azad olunmasının nəticəsidir.

Dünən Şuşanı görməzdən gələnlər bu gün Şuşaya baxır, qulaq asırlar.

Dünən Şuşanı susdurmaq istəyənlər bu gün onun dediklərini sitata çevirirlər. Tarixin ən gözəl qisası da elə budur.

İnformasiya əsrində ən böyük güc inandıra bilməkdir. Kim dünyanı inandıra bilirsə, gündəliyi o, müəyyənləşdirir.

Azərbaycan bunu Şuşadan edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan siyasi xətt informasiya məkanında da üstünlük qazanır.

Beynəlxalq hüquqa söykənən mövqe, ardıcıl diplomatiya və faktlara əsaslanan siyasət dezinformasiyanın ən güclü cavabıdır.

Arqumenti zəif olanlar böhtana sığınırlar.

Meydanda oyunu alınmayan Mbappe rəqibinin qapıçısını itələməsi kimi...

Bu, acizlikdir.

Şuşa inamın şəhəridir.

Dördüncü Şuşa Qlobal Media Forumundan geri dönərkən İspaniya-Fransa qarşılaşmasına böyük ekranda baxa bilməyəcəyimdən bir az əhvalım pozulmuşdu.  Amma yol boyu forumun yaratdığı düşüncələr həmin narahatlığın nə qədər ötəri olduğunu mənə göstərdi.

Yeri gəlmişkən, futbola baxanlar yaxşı bilir. Komanda uduzan kimi sosial mediada “yeni mütəxəssislər” yaranır. “Filankəsi niyə meydana buraxmadı?”, “Baş məşqçi oyunu düz oxumadı”, “Başqa əvəzləmə olsaydı, qalib gələrdi” kimi fikirlər paylaşılır.

Aylarla, illərlə həmin komandanı hazırlayan, futbolçularının gücünü, zəifliyini, psixologiyasını və imkanlarını hamıdan yaxşı bilən elə baş məşqçinin özüdür. Baş məşqçi bunu “yeni mütəxəssislər”dən qat-qat çox istəyir. Məğlubiyyətin bütün yükünü ilk o daşıyır. Azarkeş öz ehtirası üçün çalışır.

Forumdan sonra sosial şəbəkələrdə yazılan bəzi şərhləri oxuyanda həmin mənzərə gözümün önünə gəldi. Filankəsi niyə dəvət etdilər, məni niyə etmədilər, filankəs niyə çıxış etdi, başqası niyə etmədi…

Bu paylaşımlar “yeni mütəxəssislər”i xatırlatdı. Hörmətli “yeni mütəxəssislər”, belə beynəlxalq platformaların arxasında aylarla aparılan hazırlıq, onlarla dövlət və media qurumu ilə qurulan əlaqələr, diplomatik hesablamalar və strateji məqsədlər dayanır.

Futbolda yaxşı baş məşqçi tək bugünkü oyunu düşünmür. O, növbəti mərhələni, bütün turniri və komandasının gələcəyini hesablayır. Dövlət idarəçiliyində də, beynəlxalq tədbirlərin təşkilində də yanaşma fərqli deyil. Böyük nəticələr uzaqgörən qərarlarla qazanılır.

Amerikada İspaniya bizə bir həqiqəti göstərdi, hakimin necəliyindən asılı olmayaraq meydanda ən güclü olan qalib gəlir.

Şuşa isə başqa bir həqiqəti göstərdi, informasiya savaşında qalib gəlmək üçün güclü olmaq kifayət etmir, həm də haqlı olmaq lazımdır.

Mən evə çatanda futbol bitmişdi.

Şuşadan yüksələn həqiqətin səsi isə uzun illər eşidiləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!