Modern.az

"Ermənilər mənə bıçaqla hücum etdilər..." -  Nəsimi Musayev

"Ermənilər mənə bıçaqla hücum etdilər..." -  Nəsimi Musayev

Ölkə

Bu gün, 10:17

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirmə zamanı heç kimə zərər vermək niyyətində olmadığını bildirib. O, erməni ailəsinin evinə daxil olduqdan sonra ev sahibəsinin silahından yapışdığını və buna görə atəş açmağa məcbur olduğunu deyib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti Azərbaycan əsgərinin dindirmə zamanı istintaqa danışdıqlarına istinadən yazıb.

Nəşr xatırladıb ki, Azərbaycan hərbçisi Nəsimi Musayev Ermənistan sərhədini qanunsuz keçərək Sünik vilayətinin (Zəngəzur) Şəki kəndində Ani Avestisyanın evinə daxil olub və ev sahibəsinə odlu silahla xəsarət yetirib. 

Qəzetin məlumatına görə, Nəsimi Musayev ifadəsində erməni ailəsinin evinə girərkən heç kimə zərər vermək niyyətində olmadığını deyib. Azərbaycan əsgəri ev sahibəsindən onu buraxmasını bir neçə dəfə xahiş etdiyini, lakin qadının silahdan yapışdığını və nəticədə atəş açmağa məcbur qaldığını bildirib.

N. Musayev yazılı ifadəsində bundan sonra qadının və ailə üzvlərinin ona hücum etdiyini, bıçaqla yaraladığını və döydüyünü də bildirib.

Ani Avestisyan isə istintaqa verdiyi ifadədə Azərbaycan əsgəri barədə əks iddialar irəli sürüb.

Qeyd edək ki, oktyabrın 1-də Ermənistan sərhədini naməlum şəraitdə keçdikdən sonra Sünik vilayətinin Sisian rayonundakı Şəki kəndində tutulan Nəsimi Musayev barəsində 2 ay müddətinə həbsqətimkan seçilib. Nəsimi Musayev hazırda istintaq altındadır.

Azərbaycan Baş Prokurorluğunun oktyabrın 1-də yaydığı məlumata əsasən, sentyabrın 26-da Nəsimi Musayevin xidmət yerində olmaması və yerinin müəyyənləşdirilə bilməməsi ilə əlaqədar axtarışına başlanılıb. Müdafiə və Fövqəladə Hallar nazirlikləri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.

Hərbi Prokurorluğun apardığı yoxlama nəticəsində Musayevin hərbi hissəni özbaşına tərk etməsinə dair əsaslı şübhələr yaranıb. Toplanmış materiallar əsasında Hərbi Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Görülmüş tədbirlərlə onun Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti qurumları tərəfindən saxlanıldığı müəyyən edilib.

Baş Prokurorluq bildirib ki, Musayevin Ermənistan ərazisində olması və saxlanılması, eləcə də hadisənin digər hallarının aydınlaşdırılması üçün qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ərdoğanın müşaviri hicaba görə Bakıya çağırış etdi