Qarabağda bir sıra kəndlərə köçlə bağlı tender elan edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı tender elan edib.
Satınalma Xocalı rayonunun Almalı kəndi, Xocavənd rayonunun isə Yenikənd, Qarqar, Qarakənd, Qarazəmi, Kiş, Güneyçartar, Edilli, Düdükçü, Cütcü, Azıx və Ağkənd kəndlərini əhatə edir.
Məlumata görə, tender sərnişin avtomobil daşımaları xidmətləri üzrə elan olunub. Tender üçün ümumi ehtimal edilən məbləğ 1.729.762,00 AZN təşkil edir.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qaytarılması prosesi davam etdirilir.
Xatırladaq ki, Xocavənd rayonunun Qarakənd kəndinin adı Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin burada erməni silahlı dəstələri tərəfindən vurulması ilə məşhurlaşıb.
Hadisə 1991-ci il noyabrın 20-də törədilib. Bu terror aktı nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Onların arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, daxili işlər Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, telejurnalist Alı Mustafayev və digər rəsmi şəxslər vardı.