Modern.az

İki qardaş döyüşə getdilər, biri şəhid oldu - Elçinin qəhrəmanlıq HEKAYƏSİ

İki qardaş döyüşə getdilər, biri şəhid oldu - Elçinin qəhrəmanlıq HEKAYƏSİ

Qarabağ

Bu gün, 17:40

Bir ananın iki ümidi, bir evin iki dayağı idi onlar. Biri o birinin səssiz kölgəsi, həm qardaşı, həm də döyüş yoldaşı idi. Elçin və İlkin Salmanovlar... İki qardaş tək amal. İlkin zəfər sevinci ilə ocağa qayıtsa da, Elçin şəhidlik zirvəsinə ucaldı. 
İlkin Salmanov Zəfər Günündə şəhid qardaşı haqqında Modern.az-a danışıb. Onun sözlərinə görə Quru Qoşunlarının müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) kursuna hazırlaşdığı vaxtda qardaşı Elçin də qoşulmaq istədiyini deyib.

"Mən ona "sən Vətən müharibəsindən təzə çıxmısan, bir müddət özünü stresdən uzaq tut",- dedim. Bir çox işlərdə işlədi, ancaq qəlbi rahatlıq tapmadı".


“Elçin kəşfiyyat qurupunun kəşfiyyatçı-tuşlayıcısı idi"

"Mən Türkiyədə keçirilən "Komando-2021" təlimlərinə qoşuldum, kursu birinciliklə bitirdiyim üçün hərbi sertifkat və döş nişanlarına layiq görüldüm. Həmin il vətənə geri dönərkən gördüm ki, qardaşım da hərbi sıralara qoşulmağa hazırlaşıb. Bu xəbər məni sevindirirdi. Çünki iki qardaş ordu sıralarında xidmət edəcəkdik. 
Qardaşıma bu işin nə qədər çətin, ağır, məsuliyyətli olmasından danışdım. Amma bu danışığım onu yolundan döndərmədi. Dedi ki, mən də sənin kimi mavi beret qazanmalıyam. Mən ona gülərək, “Elçin, qardaşım, onu qazanma, ona layiq ol!" - dedim. Amma düşünməzdim ki, nə vaxtsa əsl layiq olacaq şəxs mən yox, o olar.
O, komando kursunu nəhayət bitirərək mənim xidmət etdiyim hərbi hissəyə təyin olundu. Elçin kəşfiyyat qurupunun kəşfiyyatçı-tuşlayıcısı idi. İlk dəfə idi ki, onu belə formada görürdüm. Həqiqətən layiq olanlara forma çox gözəl yaraşırmış. Qardaşımla qucaqlaşıb görüşdük və o mənə dedi ki, "bax sənə demişdim ki, o mavi bereti alacam"".

"Qardaşımla birlikdə olduğumuz ilk döyüş tapşırığı"

"Öz xidmət illərimdə bəzi döyüş tapşırıqlarında iştirak etmişdim, amma Elçinlə birlikdə döyüş tapşırığında olmamışdım. 2022-ci ildə Kəlbəcər rayonunda ermənilərin postlarını ələ keçirilməsi üçün keçirilən əməliyyatda qardaşımla iştirak etdik. İllərdir qardaşım olan Elçinin xüsusiyyətlərini elə orada gördüm. Döyüş bölgəsində gecə-gündüz demədən təmkinli və intizamlı şəkildə irəliləyirdi. Biz həmin tapşırığı yerinə yetirdikdən sonra hərbi hissəmizə, ordan da evimizə gəldik. Biz qardaşımla 1 il çiyin-çiyinə xidmət etdik".

"Antiterror əməliyyatımda Elçinlə sonuncu görüşüm"

"Nəhayət vaxt gəldi və biz Qarabağda yerləşən erməni terrorçu birləşmələrini məhv etmək üçün xüsusi təlim və məşqlər keçdikdən sonra Ağdərə rayonunun Canyataq istiqamətindən hücuma başladıq. Söhbət 2023-cü ilin antiterror əməliyyatından gedir.
İki qardaş ilk dəfə idi ki, birlikdə erməni ilə üz-üzə yaxın təmasdan döyüşürdük.
Bir-birimizi gördüyümüz son saatlar idi. Bir az dedik-güldük, söhbətləşdik və halallaşdıq. İki qrupa ayrılaraq düşmən postuna sağ və sol cinahlardan hücum həyata keçirdik. Yaxın təmasda mən sağ ayaq və sağ kürək nahiyəmdən iki güllə yarası aldım. Ancaq o an qardaşımın gözündə, üzündə qorxu hissi görmədim. O, emosiyalara qapılmadı. Əksinə, düşmən səngərinə düşdü və iki erməni hərbi qulluqçusunu məhv edərək, komandirə “qardaşıma deyərsiniz ki, rahat olsun, qisasını aldım!" dedi. O sırada təxliyə qrupu məni ərazidən götürməyə gəldi və mənim Elçinlə sonuncu görüşüm orada oldu".

Təxliyə zamanı İlkin döyüş yoldaşlarından xahiş edib ki, Elçinə desinlər ona görə narahat olmasın. Gəncə Beynəlxalq Xəstəxanasına çatdırılan İlkinin ayağından dəyən güllə damar və sinir sistemini ciddi zədələmiş, kürəyindən dəyən güllə isə 2 qabırğa sınığı, 1 onurğa fəqərəsi çatı və kürək sümüyünün parçalı qırığına səbəb olmuşdu.

Həmin gecə Elçinin qrupu səhərə qarşı düşmənin tank və iri çaplı silahlarla təchiz olunmuş pusqusuna düşüb. 2023-cü il sentyabrın 20-də gedən şiddətli döyüş zamanı Elçin baş nahiyəsindən ağır güllə yarası alıb. Ərazidən təxliyə olunan qəhrəman əsgər 4 saat huşlu qalsa, ətrafdakıların səslərini eşitsə də, danışa bilməyib. 4 saatdan sonra  Ağdam rayonunun Şahbulaq ərazisində şəhidlik zirvəsinə ucalıb.

Elçin Habil oğlu Salmanov 2001-ci il sentyabr ayının 27-də Yevlax şəhərində anadan olub. Orta təhsilini Kəlbəcər rayonundakı 23 saylı orta məktəbdə alıb.  
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elçin Salmanov 44 günlük Vətən Müharibəsində iştirak edib və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub.

Elçin Salmanov Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 20 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri