Modern.az

Azərbaycan diasporu Ukraynada festival keçirdi - FOTO

Azərbaycan diasporu Ukraynada festival keçirdi - FOTO

25 Oktyabr 2023, 17:00

Ukraynanın kurort şəhərlərindən biri olan Morşində “Etnik çələng” adlı incəsənət festivalı keçirilib.

 

Modern.az xəbər verir ki, Kiyevdə fəaliyyət göstərən Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Morşin şəhər meriyasının dəstəyi ilə baş tutan festivala Ukraynanın müxtəlif regionlarını, etnik qruplarını, yaş kateqoriyalarını və 30-dan çox yaradıcı kollektivi təmsil edən 110 iştirakçı qatılıb. 

 

Solistlər, ansambllar və qruplar öz istedadlarını 5 nominasiya (vokal, instrumental, xoreoqrafiya, teatr sənətləri və dəb teatrı) üzrə Morşin kurort sanatoriyasının Mədəniyyət Sarayında nümayiş etdiriblər. 

 

Festivalın Qran-Pri mükafatçılarına Bolqarıstanda keçirilən birinci Ukrayna festivalı “Razom” düşərgəsində istirahət etmək üçün 500 avro məbləğində sertifikat və Morşin şəhərindəki “Oberiq” otelində istirahət putyovkası təqdim olunub. 

 

Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın xalq artisti Qurban Abbasov bildirib ki, azərbaycanlıların Ukraynada milli-mədəni hərəkatın birləşdirici qüvvəsi olması sevindirici haldır. Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinə hörmət olaraq Azərbaycan-Ukrayna dostluğu çərçivəsində hər il Truskavetsdə əfsanəvi və dünya şöhrətli müğənni-bəstəkar Müslüm Maqomayevin xatirəsinə peşəkar vokalçılarının beynəlxalq müsabiqəsi keçirilir. 

 

Nəzərə çatdırıb ki, həmin müsabiqə bu il dekabrın 8-dən 10-dək keçiriləcək. Müsabiqə Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Ukraynanın xalq artisti Qurban Abbasovun və Natalya Kudryaşovanın təşkilatçılığı, Truskavets Şəhər Şurasının və Truskavets şəhər meri Andrey Kulçinskinin dəstəyi ilə gerçəkləşdiriləcək. Qeyd edib ki, bu mədəniyyət layihəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən də dəstəklənir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü