Modern.az

Dünyaya səs salan Zəfərimiz və diasporun rolu...

Dünyaya səs salan Zəfərimiz və diasporun rolu...

Diaspor

8 Noyabr 2023, 16:18

Vətən müharibəsindəki tarixi zəfərdən sonra Azərbaycan dövləti kimi, xaricdəki Azərbaycan diasporu da yeni mərhələyə qədəm qoyub. Əsas amal Azərbaycanın regionda və dünyada daha da güclü, qüdrətli dövlətə çevrilməsi və tanıdılması, yaşadıqları ölkələrdə dövlətimizin imicinin gücləndirilməsi, xalqlar arasında dostluğun gücləndirilməsidir. Artıq deyə bilərik ki, postmüharibə dövründə diaspor artıq yeni metod və yanaşmalar ortaya qoyub. 

 

Bu gün qalib xalqın diasporu xaricdə daha fəal, məğrur fəaliyyət göstərir.

 

Almaniyada yaşayan azərbaycanlı həkim, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru, aktiv diaspor Nuran Abdullayev Modern.az-a bildirib ki, postmünaqişə dövrü artıq yeni reallıqlar gətirib:

 

 

“Bunu hər birimiz bilirik. Bilməliyik ki, bu reallıqlar nəinki siyasi müstəvidə, eyni zamanda Azərbaycan adına görülən bütün fəaliyyət istiqamətlərində özünü göstərir və göstərəcək. Eləcə də bizim diaspor fəaliyyətimizdə də Zəfərimizdən sonra özünü göstərir. Xatırlayırsınızsa keçən il Şuşa Qurultayında diaspor fəaliyyətində görüləcək işlər qeyd edilmişdi və burada cənab Prezident öz prioritetlərini açıqlamışdı, nələri etmək vacibdir, bunları öz çıxışında bizlərə bəlli etdi ki, biz də gələcəkdə bu istiqamətdə hərəkət edək. Burada da əsas amil İlham Əliyevin dediyi kimi, ləyaqət prinsipi əsas tutularaq, Azərbaycan reallıqları daha da sürətli şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu gün bizim üstünlüyümüz ondan ibarətdir ki, artıq beynəlxalq hüquq çərçivəsində öz torpaqlımızı işğaldan azad etmişik və başımıza gələnlərə inanmayanları tarixi öz gözləri ilə görməyə dəvət edirik. Buyursunlar, gəlsinlər, öz gözləri ilə görsünlər. Bizim fəaliyyət istiqamətimizdəki hədəflərdən ən birincisi bizim tariximizi və Azərbaycan həqiqətlərini o insanlara göstərəcəyik. O səviyyədə göstərəcəyik ki, artıq heç kim bunu görməməzlikdən gələ bilməsin. Bununla yanaşı fəaliyyətimiz nəticəsində hər kəsə aydın olmalıdır ki, Azərbaycanın hər zaman beynəlxalq hüquq qaydaları çərçivəsində hərəkət edib və sülhün yanında olub”.

 

Azərbaycanın zəfər bayramı bu günlərdə eyni zamanda müxtəlif ölkələrdə də təntənəli şəkildə qeyd edilir.

 

Belə ki, qardaş Türkiyənin paytaxtı Ankaranın küçələrindən birinə “Qarabağ Şəhidləri Bulvarı” adı verilib.
Ankara Böyükşəhər Bələdiyyə Başqanlığının texniki işlər şöbəsinin (Fen İşləri Dairəsi) müdiri Aziz Murat Seyrekin adından Xarici Əlaqələr Dairəsi Başqanlığına ünvanlanan 24 oktyabr 2023-cü il tarixli məktubda bildirilib ki, bu məsələ ilə bağlı bələdiyyəyə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından rəsmi müraciət daxil olub. Müraciətdə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ankaranın küçələrindən birinə “Qarabağ Şəhidləri” adının verilməsi təklif edilib.


Böyükşəhər Bələdiyyə Məclisinin qərarı və Ankara valiliyinin təsdiqi ilə paytaxtın Etimesgut rayonunun Şəkər məhəlləsinin və Şəhid Osman Avcı məhəlləsinin sərhədlərində yerləşən “1419-cu küçə”nin adı dəyişdirilərək, “Qarabağ Şəhidləri Bulvarı” adlandırılıb.

 

Qeyd edək ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası rəhbərliyinin oktyabr ayında Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaşla görüş zamanı paytaxtın mərkəzi küçə və ya parklardan birinə “Qarabağ Şəhidləri” adının verilməsi təklifi diqqətə çatdırılıb. Bələdiyyə sədri ilk məclis toplantısında bu məsələnin müzakirəyə çıxarılacağına söz verib. 

 


Okeanın o tayında da Zəfər bayramımız qürurla qeyd edilir. 

 

Nyu-Yorkun məşhur “Times Square” meydanında və digər ərazilərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.


Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “Azərbaycan multikultural ölkədir!”, “Azərbaycan bir sıra etnik və milli azlıqların vətənidir!” kimi şüarları və qısa məlumatları əks etdirən LED- ekranlı avtomobil Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib.


Aksiya çərçivəsində Azərbaycan ərazilərindəki mina probleminə, indiyədək dəqiq xəritələrin təqdim olunmamasına, yüzlərlə azərbaycanlının mina qurbanlarına çevrilməsinə də diqqət cəlb edilib. LED-ekranda minalarla bağlı statistik məlumatlar, “Minalardan azad həyat!”, “Qarabağdan dünyaya: minalara YOX deyək!”, “Qarabağın itkilərini xatırla: Minasız dünya üçün səslən!” kimi şüar və çağırışlar nümayiş etdirilib.
Aksiya ilə maraqlanan şəhər sakinlərinə ölkəmiz barədə əlavə məlumat verilib.

 

İsveçrənin Sürix şəhərində də müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi, Azərbaycanın Zəfər və Bayraq günləri çərçivəsində türk ənənələrinə həsr olunmuş “Yeddi brilyant” adlı klassik musiqi gecəsi keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsveçrə-Azərbaycan Dostluq, Mədəniyyət və Həmrəylik Dərnəyinin və Sürix Türk Musiqisi Dərnəyinin birgə təşkilatçılığı ilə məşhur “Swiss Arena”nın konsert zalında baş tutan musiqi gecəsində diplomatik korpusun nümayəndələri və sənətsevərlər iştirak ediblər.


Konsert öncəsi çıxış edən Türkiyənin Sürixdəki Baş konsulu Emre Uygun türk dövlətləri arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə əvəzsiz töhfələrinə görə təşkilatçılara və dəstəkçilərə minnətdarlığını bildirib. O qeyd edib ki, “Yeddi brilyant”, sadəcə, bir konsert deyil, müxtəlif coğrafi bölgələrdən başlayan və ortaq köklərdə birləşən mədəni səyahətin vədidir.

 

Azərbaycan bəstəkarı Elmir Mirzoyevin bədii rəhbəri olduğu ansamblın üzvləri Meruert Tulenova (fleyta, Qazaxıstan), Erika Varqa (klarnet, Macarıstan), Pərvin Aşari (arfa, Azərbaycan), Eleonora Kotlibulatova (piano, Özbəkistan), Aiken Aitbay (skripka, Qazaxıstan), Yağmur Təkin (viola, Türkiyə) və Nuraim Kolbunovanın (violonçel, Qırğızıstan) ifasında Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin eyniadlı baletindən qaynaqlanmış “Yeddi brilyant” adlı konsert proqramı təqdim olunub.

 

Qeyd edək ki, bu ad Türk Dövlətləri Təşkilatının Əməkdaşlıq Şurasının üzv-ölkələrinin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Macarıstan) yeddi tanınmış ifaçısını bir araya gətirib. Musiqiçilər konsert proqramında öz xalqlarının mədəni müxtəlifliyini mükəmməl şəkildə təcəssüm etdiriblər. Yerli bəstəkarların hər notunda və musiqi əsərində dünyaya sülh və xalqlar dostluğu mesajı verilib.

 

Konsertdən sonra tamaşaçılar bu mədəni hadisəni incəsənətin xalqları və mədəniyyətləri birləşdirə bilməsinin parlaq nümunəsi kimi qiymətləndiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü