Modern.az

Dünya azərbaycanlıları Prezidentə yazır: “Parlaq işinizin davamını arzulayırıq”

Dünya azərbaycanlıları Prezidentə yazır: “Parlaq işinizin davamını arzulayırıq”

Diaspor

29 Dekabr 2023, 20:51

Dünya azərbaycanlıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etməkdə davam edirlər.

 

Modern.az xəbər verir ki, Rusiyanın Primorsk diyarı qubernatorunun müşaviri, Primorsk Milli-Mədəni Muxtariyyəti “Azərbaycan Konqresi” ictimai təşkilatının sədri Mərdan Novruzovun adından ünvanlanan müraciətdə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasına görə dövlət başçımıza xüsusi minnətdarlıq bildirilib: “Biz şadıq ki, təcrübəli, uzaqgörən, praqmatik və etibarlı ölkənin rəhbəri kimi Prezident həmvətənləri arasında və xaricdə layiqli nüfuza malikdir. 2023-cü il Sizin vəzifədəki fədakar fəaliyyətinizin yubiley ili idi və, şübhəsiz ki, azərbaycanlılar onun tarixdəki əhəmiyyətini əbədi xatırlayacaqlar. Biz şadıq ki, hər zaman Prezidentimizin səmimi dəstəyinə və himayəsinə arxalana bilirik. Sizi səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, ölkənin əmin-amanlığını təmin edən, xalqın məhəbbətini qazanmış parlaq və əməli işinizin davamını arzulayırıq”.

 

Rusiyanın “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri Tərlan Qasımovun təbrik məktubunda dövlətimizin başçısına xoş arzular ifadə edilib: “Arxangelsk vilayətindəki Azərbaycan icması və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Sizin rəhbərliyiniz altında Azərbaycan dinamik inkişaf nümayiş etdirir, ölkənin iqtisadi, sosial, mədəni inkişafı ilə bağlı məsələlər həll olunur. Biz Cənubi Qafqazda iqtisadi liderliyə, milli ideyanın intibahına, eləcə də Rusiyadakı diaspor təşkilatlarının dəstəklənməsinə və ölkələrimiz arasında münasibətlərin inkişafına görə Sizə minnətdarıq. Sizə və evinizə sülh, siyasi sahədə uğurlar arzulayırıq. Arxangelsk vilayətində yaşayan soydaşlarımız qarşıdan gələn növbədənkənar prezident seçkilərində birmənalı olaraq İlham Əliyevin namizədliyini dəstəkləyirlər. Əminik ki, peşəkarlığınız, məqsədyönlülüyünüz və əzmkarlığınız bundan sonra da Azərbaycan Respublikasının çiçəklənməsinə, güclənməsinə və inkişafına töhfə verəcək”.

 

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovun məktubunda bildirilib ki, tarixi Vətənimizi uzaqdan seyr edən soydaşlarımız hazırda qürur hissinin misli görünməmiş yüksəlişini yaşayırlar: “Azərbaycanın zəfərlərinin zirvəsi Prezident və Ali Baş Komandan İlham Əliyevə məxsusdur. Otuz ilə yaxın işğalda olan Qarabağ azad olunub və ərazi bütövlüyümüz bərpa edilib. Prezident İlham Əliyevin müdrik, uzaqgörən və gələcəyə hesablanmış siyasəti Azərbaycanın və xalqımızın xoşbəxt və firavan sabahının təminatıdır. Bütün Azərbaycan icması adı ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış Prezident və Lider İlham Əliyevə minnətdarlıq və ehtiramını bildirir”.

 

İtaliyada fəaliyyət göstərən Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia adından dövlət başçımıza ünvanlanan təbrik məktubunda deyilir: “Hörmətli cənab Prezident! Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırıram. Ölkənizə və onun vətəndaşlarına yorulmaz xidmətinizə görə Sizə minnətdarlığımızı bildiririk və hər zaman Sizi dəstəkləyəcəyik. Sizə həm şəxsi həyatınızda, həm də ali dövləti fəaliyyətinizdə uğurlar və xoşbəxtlik dolu bir il diləyirik”.

 

Stokholm şəhərində fəaliyyət göstərən İsveç-Azərbaycan Mədəniyyət Dərnəyinin (“SAF”) sədri Sevda Dadaşova təbrik məktubunda bildirib ki, İsveç paytaxtında yaşayan soydaşlarımız Azərbaycanın dövlət başçısı ilə qürur duyurlar: “Bu illər ərzində Azərbaycan dövlətinin güclənməsi naminə həyata keçirdiyiniz bütün işlərə görə Sizə minnətdarıq. Vətəndən uzaq olsaq da, biz hər zaman Sizinləyik. Daim Azərbaycan Prezidentinin qayğı və diqqətini öz üzərində hiss edən Azərbaycan diasporu bundan sonra da əzmkarlığını artıracaq. Əmin olun ki, Azərbaycanın milli maraqları bizim üçün ən vacib məsələdir. Sizinlə və uğurlu siyasətinizlə qürur duyuruq. Dünya azərbaycanlıları ətrafınızda tək yumruq kimi birləşən Azərbaycan xalqı ilə birlikdə həmişə Sizin arxanızdadır!”

 

Haaqa şəhərində fəaliyyət göstərən Niderland-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkının adından ünvanlanan təbrik məktubunda bildirilib ki, məhz Prezidentin qətiyyətli siyasəti və strategiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyulub: “Siz Azərbaycanın yeni tarixini yazdınız. Əminəm ki, həyata keçirdiyiniz siyasət ölkəmizə daha böyük uğurlar və qələbələr gətirəcək. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ailə səadəti və ölkəmizi daha yüksək zirvələrə aparan yolda böyük uğurlar arzulayıram”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı