Modern.az

Misirdə Azərbaycan diaspor cəmiyyətinin sədri təltif olundu

Misirdə Azərbaycan diaspor cəmiyyətinin sədri təltif olundu

Diaspor

10 Yanvar 2024, 15:46

Artıq 21 ildir ki, Misirdə xarici tələbələrə rəhbərlik edən Misir-Azərbaycan Dostluq Cəmiyyəti və bu ölkədəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov dünyanın ən qədim və böyük universitetlərindən sayılan əl-Əzhər Universitetində təhsil alan Ərəb Ölkələri Tələbələr Birliyi (ƏÖTB) tərəfindən fəxri mükafatla təltif olunub.

 

Misir-Azərbaycan Dostluq Cəmiyyətindən Modern.az-a bildirilib ki, təqdimetmə mərasimində çıxış edən ƏÖTB-nin sədri Məhəmməd Cibrin Əl-Məxzumi Misirə təhsil almaq məqsədilə gəldiyi gündən Seymur Nəsirovun tələbələrə göstərdiyi xidmətlər haqqında çox eşitdiyini bildirib. O qeyd edib ki, azərbaycanlı alim Misirdə təhsil alan bütün xarici tələbələr üçün nümunədir. “Biz tələbələr onun təcrübəsindən faydalanaraq çalışırıq ki, Misirdə öz ölkəmizi də təbliğ edək”, -deyə Əl-Məxzumi vurğulayıb.

 

ƏÖTB-nin sədri daha sonra deyib: “S.Nəsirov 21 il müddətində tələbələrə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirib. Bunlardan birini - Misir-Azərbaycan Dostluq Cəmiyyətini örnək göstərə bilərəm. Bu cəmiyyətdən faydalananların sayı minlərlədir. Biz S.Nəsirovun etdiyi bu yaxşılıqları heç vaxt unutmayacağıq və ölkələrimizə qayıdandan sonra Azərbaycanla əlaqələrin inkişafı naminə əlimizdən gələni edəcəyik. Birliyimizin idarə heyətinin yekdil qərarına əsasən Seymur Nəsirov fəxri mükafata layiq görülüb”.

 

Azərbaycanlı alim, öz növbəsində, təltifə görə ƏÖTB-nə təşəkkürünü bildirib. O, tədbir iştirakçıların xahişi ilə öz təcrübəsindən geniş söhbət açaraq gənclərə tövsiyələr verib.

 

Tədbirdə çıxış edən digər natiqlər də Seymur Nəsirovun fəaliyyətini yüksək qiymətləndirib, uzun illər ərzində tələbələrə verdiyi könüllü dəstəyə görə ona təşəkkür ediblər.

 

Qeyd edək ki, azərbaycanlı alimin hazırda rəhbərlik etdiyi layihələr çərçivəsində dünyanın 65 ölkəsindən iki mindən çox tələbə Azərbaycan dili başda olmaqla müxtəlif fənlər üzrə ödənişsiz əsaslarla təhsil alır.

 

Seymur Nəsirovun təltifi ilə bağlı xəbər ərəb ölkələri mediasında geniş şəkildə dərc olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı