Modern.az

Gürcüstan parlamenti önündə izdihamlı AKSİYA

Gürcüstan parlamenti önündə izdihamlı AKSİYA

Dünya

15 Aprel 2024, 20:11

Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq aprelin 15-də paytaxt Tbilisidə izdihamlı aksiya keçirib.

 

Modern.az xəbər verir ki, parlamentin qarşısındakı mərkəzi Ş.Rustaveli prospekti tam bağlanıb.

 

Aksiyanın təşkilatçılarının sözlərinə görə, etirazın məqsədi ölkənin azadlığını və Avropa gələcəyini qorumaqdır.

 

Qeyd edilib ki, bu qanun ölkədə demokratiyanın inkişafına, siyasi partiyaların və QHT-lərin fəaliyyətinə, eləcə də söz və mətbuat azadlığına mənfi təsir göstərəcək. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olacaq.

 

Saat 19:00-da başlayan aksiyada minlərlə insan iştirak edir.

 

Parlamentin önündə Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutan aksiyaçılar “Rusiya qanununa yox”, “Biz Avropadayıq” kimi şüarlar səsləndirib, hökumətdən məlum qanun layihəsini parlamentin müzakirəsindən geri çağırmağı tələb ediblər.

 

Qeyd edək ki, bu gün parlamentin hüquq komitəsinin iclasında “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar arasında əlbəyaxa dava olub. Müxalifətdən olan deputat Aleko Elisaşvilinin parlamentdə döyülməsi və nalayiq sözlərlə təhqir olunması müxalifəti dəstəkləyənlərin sayının artmasına səbəb olub.

 

Aksiya səbəbi ilə parlamentin binasının ətrafına çoxlu sayda polis cəlb edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!