Türkiyənin Alanya şəhərində artıq on üçüncü dəfədir ki, Beynəlxalq Caz festivalı keçirilir. Əsrarəngiz təbiəti ilə göz oxşayan bölgə bənzərsiz tarixi abidələri ilə də məşhurdur.
Bir qayda olaraq ənənəvi caz festivalınin səhnəsi Qızıl Qüllənin qarşısında qurulur. İndiyə dək bu səhnədə dünyanın müxtəlif ölkələrindən gələn məşhur musiqiçilər öz məharətini dəfələrlə nümayiş etdirib. Adətən çoxsaylı tamaşaçalar arasında təkcə alanyalılar deyil, həm də şəhərin qonaqları olur. Bu dəfə də dili, irqi, dini fərqli yüzlərlə insanı Aralıq dənizi sahillərində bir araya gətirən egazkar musiqi oldu. Bayramı dörd gün davam etdi. Alanya bələdiyyəsinin təkilatçılığı ilə keçirilən Festivalın bağlanış gecəsi isə ilk dəfə olaraq bütünlüklə Azərbaycana həsr edilmişdi. Festival çərçivəsində Alanya bələdiyyəsi və Azad Azərbaycan (ATV) televiziyasının təşkilatçılığı ilə düzənlənən Azərbaycan günü gecəsi dövlət müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunub.
Tədbirə millət vəkilləri, tanınmış ziyalılar, azərbaycan diasporunun nümayəndələri də dəvət almışdı. Ekranda nümayiş etdirilən video filmə maraqla izləyən qonaqlar demək olar ki, Azərbaycana qiyabi səfər etdilər. Ölkəmizin təbiəti, xalqımızın milli-mənəvi sərvəti, dünəni, bugünü ilə tanış oldular. Son illərdə bir çox mühüm beynalxalq tədbirlərin ünvanına çevrilən paytaxtımızın yeniləşən siması müstəqillik dövründə qazanılan uğurların parlaq göstəricisidir. ATV kanalında hazırlanan videogötüntülərin nümayişindən sonra Alanya bələdiyyə başqanı Adəm Murat Yücel millət vəkilləri Nizami Cəfərovu, Qənirə Paşayevanı, Musa Qasımlını və ATV kanalının Bədii Şurasının sədri, tanınmış telejurnalist Etibar Babayevi səhnəyə dəvət etdi.
Bakı səfərinin xoş təəssüratları ilə bölüşən Başqan dostluq əlaqələrinin möhkəmlənməsində iqtisadi bağlılıqlarla yanaşı, mədəni-kütləvi tədbirlərin, şəxsi dostluq münasibətlərinin müstəsna əhəmiyyətini də xüsusi vurğuladı. Adəm Yücel eyni zamanda Azərbaycan-Türkiyə Parlamentlər arası əlaqələr üzrə işçi qrupun üzvləri olan millət vəkillərinə, eləcə də öz efində “bir millət, iki dövlət” fəlsəfəsini daim diqqət mərkəzində saxlayan ATV kanalına dərin minnətdarlığını bildirdi.
Azərbaycan nümayəndə heyətini üzvləri Festival çərçivəsində ayrıca Azərbaycan gününün keçirilməsi, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün birlikdə anılması təşəbbüsünə görə təşkilatçılara dərin təşəkkür ifadə edərkən bunun həm də hamıya bir mesaj olduğunu da diqqətə çatdırdı. Millət vəkilli Qənirə Paşayeva dedi: Türkiyənin gücü gücümüz, sevinci sevincimiz, kədəri kədərimiz olduğu kimi, Azərbaycanın da gücü sizin gücünüz, sevinci sevinciniz, kədəri kədərinizdir. Gənc nəsillərin də bu ruhda yetişməsi üçün daha da çox çalışmaq isə bizim nəslin tarixi missiyasıdır.
Festivalın yekun konsertində gənc bəstəkar və ifaçı Etibar Əsədlinin rəhbərlik etdiyi “Baku procekt” qrupunun öz milli koloriti ilə fərqlənən caz musiqisi böyük maraqla qarşılandı. Gənc müğənni Samirə Əfəndiyeva isə hər dəfə səhnəni sürəkli alqışlar sədası altında tərk etdi. Gecədə klassik caz nümunələrinin yüksək peşəkarlıqla səslənməsi də musiqisevərlərin diqqətindən yayınmadı. İki saat sürən rəngarəng konsert proqramı tamaşaçılara unudulmaz anlar yaşatdı.
Azərbaycan nümayəndə heyətinin işgüzar görüşləri isə Alanyada daha iki gün davam etdi.
Modern.az