Modern.az

Obamanın Rusiyaya qarşı sanksiyaları ABŞ-a qarşı yönələ bilər

Obamanın Rusiyaya qarşı sanksiyaları ABŞ-a qarşı yönələ bilər

Dünya

3 Yanvar 2017, 10:45

ABŞ prezidenti Barak Obamanın səlahiyyətlərinin bitməsinə az qalmış bir vaxtda Rusiyaya qarşı atdığı addımlar rəsmi Vaşinqtonun xeyrinə deyil və ölkənin maraqlarının müdafiəsinə yönəlməyib.

 

Modern.az saytının məlumatına görə, bu barədə “The National Interest” nəşri yazıb.

 

Belə ki, Obamanın Rusiyanın ABŞ-dakı prezident seçkilərinə kiber müdaxiləsi ilə bağlı hər hansı sübut gətirmədiyi bildirilir.

 

Qeyd olunur ki, bu halda Ağ Evin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsinə ehtiyac yox idi.

 

“Fərz edək ki, seçkilərə Rusiyanın müdaxiləsi mümkün idi. Bununla belə yenə də Obamanın addımını düzgün hesab etmək olmaz.

 

ABŞ-dan 35 Rusiya diplomatının qovulması, Federal Təhlükəsizlik Xidmətinin və Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitlərinə qarşı sanksiya tətbiq edilməsi çətin ki, güclü Rusiyya zərər versin. Təbii ki,  bundan sonra yüksək vəzifəli Rusiya kəşfiyyatçıları sağlam ağılla çətin ki, ABŞ-a getsinlər. Buna görə də, Obamanın addımları simvolik aksiyadır”-deyə yazılıb.

 

Məqalədə bildirilib ki, Ronald Reyqanın prezidentliyi dövründə, 1983-cü ildə onun məsləhətçiləri də SSRİ-yə qarşı sanksiya tətbiq etməyi məsləhət görüblər. Səbəb isə SSRİ hava məkanında Cənubi Koreyanın “Boinq” sərnişin təyyarəsinin salınması idi.

 

“Lakin Reyqan sanksiya tələbini rədd etdi. Çünki bu addım heç zaman sovet siyasətinə təsir etməzdi. Lakin Reyqan üçün xırda olan məsələlər, görünür, Obama üçün böyük əhəmiyyət daşıyır”

 

Qeyd edək ki, 2016-cı ilin 29 dekabrında Obama Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin və Baş Kəşfiyyat İdarəsinin də zabitləri daxil olmaqla, Rusiyanın 9 qurumuna qarşı sanksiya tətbiqini elan edib. ABŞ həmçinin 35 Rusiya diplomatını ölkədən deportasiya edib.

 

Aqşin KƏRİMOV 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü