«Türkiyə Universitetləri Məzunları» İctimai Birliyi Türkiyənin Azərbaycandakı səfirliyi ilə birlikdə Bakının düşmən işğalından azad edilməsinin 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirəcək. Bu barədə Modern.az saytına TUMİB İdarə Heyətinin üzvü Seymur Verdizadə məlumat verib.
S.Verdizadə deyib ki, tədbirlər seriyasına Gəncə şəhərində start veriləcək: «Bu gün axşam saatlarında bir qrup tarixçi-alim və aparıcı KİV əməkdaşı Gəncə şəhərinə yola düşəcək. Qrup üzvləri sentyabrın 4-də səhər saatlarında mərhum prezident Heydər Əliyevin abidəsinin önünə əklil qoyacaq, Şəhidlər Xiyabanını və Nuru Paşanın Gəncədəki ev-muzeyini ziyarət edəcəklər. Sentyabrın 4-də saat 12:00-da Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetində elmi konfrans təşkil olunacaq. Tədbirdə yerli hakimiyyət orqanlarının nümayəndələrinin, tarixçilərin, KİV əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı nəzərdə tutulur».