Azərbaycanda kifayət qədər siyasi partiyalar mövcud olsa,onların fəaliyyəti demək olar ki, hiss olunmur. Bu təşkilatların yalnız siyasi sahədə deyil, sosial, təhsil və ya bu kimi digər sahələrdə hər hansı təşəbbüslər irəli sürdüyü görünmür. Bəlkə də təşəbbüs var, amma biz bilmirik.
Bunu öyrənmək üçün Modern.az saytı bir neçə partiya rəhbərlərinə müraciət edib.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu düşünür ki, partiyaları təşəbbüs məsələsində qınamaq olmaz:
“Azərbaycanda partiyaların təşəbbüsləri qulaqardına vurulur. Təvazökarlıqdan kənar da olsa, təcrübəli vətəndaş kimi vaxtikən Azərbaycandakı mövcud qanunlara əlavə və dəyişikliklər, yeni qanun layihələri təqdim etmə istiqamətində işlər görmüşəm. Lakin göstərdiyimiz bütün çabalar boş oldu. Bilirsiniz ki, 125 millət vəkilinin qanunda nəzərdə tutulan hüquq və vəzifələri var. Onlar da qanunvericilik təşəbbüsü ilə çıxış edirlər. Bunlar belə, yerinə yetirilmirsə, siyasi partiyaların bu istiqamətdə atacağı və ya atmayacağı addımlara yönəlik onları qınamaq olmaz.
Azərbaycanda təşəbbüskarlıq stimullaşdırılmır. Siyasi partiyalar da bir strukturdur, rəsmi olaraq Ədliyyə Nazirliyindən qeydiyyatdan keçir. Amma bir-iki partiyadan başqa kimsəyə yer ayrılmır. Mənzil-qərargah verilmir. Ancaq YAP-ın bütün rayonlarda ofisləri açılmalıdır. Azərbaycanda belə vəziyyət mövcud olduğu müddətdə siyasi partiyaları qınamaq olmaz. Təcrübəli olanların təqdim etdiyi sənədlərə heç əhəmiyyət verilmirsə, gör o birilərdə vəziyyət necədir”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu təşəbbüssüzlüyünü ölkədəki vəziyyətlə əlaqələndirir:
“Əvvəla onu deyim ki, siyasi partiya cəmiyyətin siyasi gücüdür. İqtidar hakimiyyət resurslarına malik olsa da, müxalifət belə üsul və vasitələrdən məhrumdur. Hər hansı ölkədə müxalifətin vəziyyəti həmin xalqın durumunu açıq şəkildə özündə ifadə edir. Dünyada ən güclü ölkələrdə müxalifət də ən güclüdür. Amerikada iqtidarla müxalifət arasında hər dəfə seçkilərdə 0,1 faiz qədər fərq olur. Türkiyədə keçirilən son referendum seçkilərində də səs fərqi az idi. Bu da onu göstərir ki, demokratiyanın inkişafından asılı olaraq rəsmi güclə qeyri-rəsmi güc arasında fərq olur. Azərbaycan kimi ölkələrdə iqtidarla müxalifətin arasındakı fərq 90-100 faiz olur”.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Azərbaycanda yalnız müxalifətə deyil, iqtidara da siyasətlə məşğul olmağın qadağan olunduğunu deyib:
“Azərbaycanda siyasətlə məşğul olmaq çətindir, müşküldür. Biz əgər siyasətdə varıq deyiriksə, bu böyük fəaliyyətdir. Ali təhsilli üzvlərimizi qara fəhlə kimi işə götürmürlər. Mənim yaxın qohumlarımdan biri tikintidə işə götürüldü. Özəl tikinti rəhbərinin şirkəti bildirdi ki, əgər onun sənin qohumun olduğu bilinsə, dərhal işdən çıxarılacaq.
Eyni zamanda, Liberal Partiyadan olan digər alim və ya doktorları da işdən çıxarıblar və heç bir yerə də qəbul etmirlər. Azərbaycan məmurları analoqu olmayan metoddan istifadə edirlər. Belə vəziyyətdə hər hansı təşəbbüs irəli sürməyin əhəmiyyəti yoxdur”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov təmsil olunduğu qurumun müəyyən təşəbbüslərə cəhd etdiyindən söz açıb:
“Bizim dəfələrlə Elm-təhsil komissiyamız müxtəlif təkliflərlərlə çıxış edib. Komissiyanın sədri hörmətli professor Aydın Əliyev bu istiqamətdə işlər görüb. Təəssüf olsun ki, göstərilən təşəbbüslərə Azərbaycan iqtidarı laqeyd yanaşıb. Xüsusilə də bu təklif müxalifət düşərgəsindən gəlirsə, qəbul etməyi özlərinə sığışdırmırlar. Düşünürlər ki, müxalifətin təşəbbüslərini qəbul etmək onlara başucalığı gətirməz. Bu özü yanlış yanaşmadır. Müxalifət də bu ölkənin vətəndaşıdır. Hamımız istəyirik ki, Azərbaycan daha yaxşı inkişaf etmiş bir ölkə olsun”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin sözlərinə görə, partiya indiyə kimi kifayət qədər işlər görüb:
“Başqa partiyaları deyə bilmərəm, amma biz sosial məsələlərlə əlaqədar çox təşəbbüslər göstərmişik. Göstərdiyim təşəbbüslərin də ölkə üçün müsbət xeyirləri olub. Müəyyən layihələrin reallaşdırılması, bəzi məsələlərin yuxarı orqanlara rəsmi şəkildə yazılıb göndərilməsi, kənd təsərrüfatı, yeyinti sahəsinin inkişaf etdirilməsində rolumuz olub. İqtisadi sahə üzrə mütəxəssislərimiz olduğuna görə müəyyən konsepsiyalar yazıb vermişik. 100 faiz olmasa da, 50-60 faizi qəbul edilib və biz də bundan çox məmnunuq”.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı təşəbbüssüzlüyü maliyyə problemi ilə əlaqələndirir:
“Təşəbbüslər əsasən maliyyə ilə bağlıdır. Müsavat Partiyasının bir çox layihələri, planları var. Sadəcə, maliyyə vəsaitimiz olmadığı üçün onalrı həyata keçirə bilmirik”.
Günay RƏSULQIZI