Modern.az

154 evsiz jurnalist ev ala biləcək: bəs seçim necə aparılacaq?

154 evsiz jurnalist ev ala biləcək: bəs seçim necə aparılacaq?

Media

8 Dekabr 2011, 17:49

Bakı şəhərində jurnalistlər üçün tikiləcək yaşayış binasından neçə jurnalistin mənzil ala biləcəyi dəqiqləşib. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bu gün "Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu" adlı konfransda deyib ki, bina iki blokdan, 16 mərtəbədən, 154 mənzildən ibarət olacaq.
V.Səfərlinin sözlərinə görə, jurnalistlər üçün mənzillərin inşası məqsədilə sənədləşdirmə işləri artıq başa çatıb və tezliklə tikintiyə başlanılacaq. Jurnalistlərin binası 2013-cü ilin sentyabrında tam hazır olaraq qələm sahiblərinin istifadəsinə veriləcək. Həm də tam təmir olunmuş vəziyyətdə.

İndi evsiz jurnalistləri bir məsələ düşündürür: 154 xoşbəxt jurnalist necə seçiləcək?

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan bildirilib ki, bunun üçün kriteriyalar hələ müəyyənləşdirilməyib. Kriteriyalar müəyyənləşdiriləndən sonra bu, mediaya açıqlanacaq və o zaman bəlli olacaq ki, hansı jurnalist mənzil almaq üçün sənəd verə biləcək, hansı jurnalist yox.

Prezidenti İlham Əliyev 2010-cu il iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamla mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evinin tikilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan KİVDF-yə  5 milyon manat vəsait ayrıləb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü