Modern.az

Əməkdar artist: «Mən yalandan ahhh, ohhh eləyə-eləyə oynaya bilmirəm» - MÜSAHİBƏ

Əməkdar artist: «Mən yalandan ahhh, ohhh eləyə-eləyə oynaya bilmirəm» - MÜSAHİBƏ

30 Aprel 2012, 15:41

Modern.az-ın «Mübahisə» rubrikasının beşinci qonağı Akademik Milli Dram teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarovadır.

- Əvvəlcə soruşum ki, özünüzü hansı ampluada olan aktrisa hesab edirsiniz?

- Özümü yüksək səviyyəli psixoloji aktrisa sayıram, özümə də çox inanıram.

- Özünü bu ampluada hesab eləyən bir aktrisanın ard-arda bir neçə sayda şou xarakterli verilişlərdə iştirak eləməsi tamaşaçının ona inamını xeyli azaldır…

- Xeyr. Tamaşaçı mənim insani yönlərimi bilmir. Məsələn, ANS-də açıq-saçıq kliplərlə bağlı mövzu qoyublar və mən də dəvət olunmuşam. İlqar Muradovun «Bu dünyanı nağıl bilək» mahnısına çəkilmiş klipində əyilib gilas yeməyimi hərə bir cür yozdu. Biri dedi ki, öpüşür, biri dedi ki, yalayır…Amma indi hamının o klip üçün ürəyi gedir. Məni efirə dəvət edən insanlar nə üçün çağırdıqlarını bilirlər. Nəyə görə teatr, kino haqqında, bir rejissorun aktrisaya elədiyi haqsızlıqlar barədə danışmaqçun qeyri-birini dəvət edirlər? Çünki bilirlər ki, Mehriban Xanlarova düzünü deyəcək.

- Bax, elə mən də onu soruşuram ki, niyə sizi sənətlə, teatrla bağlı proqramlara deyil, oxuyub-oynamaq verilişlərinə dəvət edirlər?

- Hansı verilişi deyirsiniz?

- Məsələn, «Onun yarısı», «Söz oyunu»…Bunlar hələ mənim gördüklərimdir. Bu verilişlərin heç birində isə sənətdən söhbət gedə bilməz.

- «Onun yarısı» verilişinə elə-belə çıxmamışam. Bu o demək deyil ki, mən aktrisalığımı kənara atıb reklamçun ora çıxmışam. İnsan var ki, öz valideynlərini gizlədir, kökünü danır. Mən bu gün də etiraf edirəm ki, atam, anam lal-kar olub, fəhlə ailəsində böyümüşəm. İkincisi, həmin layihədə şikəst, fiziki qüsurlu, lal, kar uşaqlar var. Əgər o şikəst mənə deyirsə ki, Mehriban, dur bizimlə rəqs elə, oynamalıyam. Bəli, elələri də var ki, qıraqda oynamaq da bilir, gülmək də bilir, amma efirə çıxanda özlərini primadonna kimi aparırlar.

- Qıraqda, yəni harda?

- Ad günündə, toyda, özləri yeyib-içməyə gedəndə hoppanıb düşmürlər?  Nəyə görə xalqın qarşısında bunu danırlar? Bu gün həkimə gedəndə mənə dedilər ki, rəqqasə Fatiməylə sənin oynamağın fərqlənmirdi, elə bil sən də rəqqasəsən.

- Axı siz rəqqasə deyilsiniz…

- Amma o anda bir yetimin ürəyini sevindirirəmsə, oynamaq lazımdır. Deyə bilmərəm ki, mən bura ancaq lal uşaqların fikirlərini tərcümə eləməyə gəlmişəm.

- Amma getdikcə tamaşaçının inamını itirirsiniz.

- Bəs orda axıtdığım göz yaşlarını tamaşaçılar niyə görmürlər ki?

- Bir müddət mətbutda, televiziyada həm teatrla, həm də ümumi sənətlə bağlı tənqidi fikirlər səsləndirirdiniz. Nədən narazı idiniz?

- Sənətdən narazı deyildim. Mən teatrda yetərincə rollar oynamışam. Hətta internetdə müsahibəm yayılmışdı. Orda demişdim ki, mən Məleykə Əsədovadan, Firəngiz Mütəllibovadan, Bəsti Cəfərovadan qorxmuram. Yəni sənət baxımından onlardan çəkinmirəm. Yeri gəlsə, özümü onlardan üstün, onlardan güclü sayıram.

- Siz hansı keyfiyyətinizlə adını çəkdiyiniz aktrisalardan üstünsünüz?

- Mən istedadıma güvənib deyirəm.

- Belə çıxır ki, onlar  istedadsızdırlar?

- Siz «Mesenat»a baxmısınız?

- Sualıma cavab verin.

- Xeyr. Onlar istedadsız deyillər. Yeri gələndə mənim Firəngiz xanıma da, digərlərinə də böyük hörmətim var. Həmin sözlərim yayımlanandan sonra adını çəkdiyim aktrisalar mənə dedilər ki, əcəb eləmisən, haqqını tələb eləmisən. Məsələn, Bəsti xanım «Xanuma»  oynamaq istəyirdi, oynadı da. Eləcə də digər aktrisalar kimi mən də istədiyim rolları oynamaq istəyirəm.

- Hansı rolu?

- Bilmirəm.

- Siz oynamaq istədiyiniz rolun adını çəkimirsinizsə, kim nə bilsin ki, siz hansı rolu deyirsiniz?

- Mənim oynadığım Sara obrazını hər kəs görüb və mənə inanırlar. Tamaşaların birindən sonra Bəsti Cəfərova və Siyavuş Aslan mənə dedi ki, o nə cür ölüm idi sən öldün. Əgər bu cür sənətkarlar mənə belə deyirsə,  özümü heç kimdən əskik saymıram. «Hələ sevirəm deməmişdilər» tamaşasında erməni qızını oynamışam. Tamaşaçılar necə alqışlayırdılar… Mən özümə qiymət verən insanam və haqqımı tələb edirəm. Daxili potensialım çox güclüdür. Şahmar Ələkbərovun «Sahilsiz gecə» filmindəki Zibeydə rolumla təsdiq elədim ki, bəli, mən aktrisayam.

-  «Qatarın altına atılan qadın» tamaşasıyla bağlı da iddialarınız var idi

- Dediyim odur ki, teatrda mən, digərləri ola-ola qeyri-teatrdan bir aktrisanı dəvət eləmək doğru deyildi. Olunsun e, amma teatrda yetərincə aktrisalarımız var.

- Amma mənim bildiyimə görə bu tamaşadakı Gültəkin Sarabskaya rolunu oynamaq üçün həm Zərnigar Ağakişiyeva, həm də Laləzar Mustafayeva dəvət olunmuşdular və heç biri bacarmamışdılar.

- Alınmayıb söhbəti deyil. İndi onların arasında nə anlaşılmazlıq olubsa, mən bilmirəm.

- Bir az əvvəl isə bildirdiniz ki, heç kim dəvət olunmayıb. Deməli, rejissor istədiyini onlardan ala bilmədiyi üçün məcbur olub digər teatrdan aktrisa dəvət edib.

- Zərnigar kimi aktrisa var?

- Sizcə Zərnigar xanım o rolluq aktrisadır?

- Bəli. Məhz Zərnigar xanım o rolun aktrisası idi.

- Bəs niyə oynaya bilmədi?

- Onların rejissorla aralarında nə olduğundan xəbərsizəm.

- Belə çıxır ki, ortada şəxsi münasibət amili var?

- Dəqiq deyə bilmərəm. Çünki sabah tamaşanın rejissoru Mehriban Ələkbərzadə müsahibəni oxuyar…

- Teatrdan iki xalq artisti dəvət olunmuşdu. Deməli, rejissor sizi məsləhət bilməyib, güvənməyib ki, dəvət eləməyib.

- Mən sonra bilmişəm ki, başqa teatrdan aktrisa gəlib.

- Siz Gültəkin Sarabskaya rolunu daha yaxşı oynaya bilərdiniz?

- … Bəli.

- Orda çatışmayan nədir və siz nəyi daha üstün oynayardınız?

- Mənim o aktrisayla heç bir şəxsi qərəzliyim yoxdur. Tamaşanın bəzi yerlərində baş qəhrəman qədeş kimi danışır. O yerlər mənimçün süni gəlirdi.

- Bəlkə bu rejissorun tapşırığıdır?

- Xeyr. Rejissor nə qədər tapşırsa da, aktrisanın öz təxəyyülü olmalıdır.

- Deməli, bircə bu məqama görə tamaşanı, aktrisanın işini zəif sayırsınız?

- Zəif saymıram. O özünə görə oynayıb. Amma mən tamam başqa janrda oynay bilərdim.

- Necə?

- Gərək mən oynayaydım, siz görəydiniz, ondan sonra bu haqda danışardıq. Bəlkə mən başqa cür ağlayardım. Rejissorsa bunu bəyənməzdi. Sizin tamaşada gözünüz doldu?

- Adətən müsahiblərimin sullarına cavab vermirəm. Amma ədalət naminə deyirəm ki, tamaşanı bəyəndim.

- Bu sizin fikrinizdir. Mən demirəm ki, o qızı bəyənməmişəm. Sadəcə biz yoxlanılmamış başqa teatrdan aktrisa dəvət olunmasını qəbul edə bilmirəm.

- Teatrdan sizdən daha təcrübəli və yaşlıları bu rolu bacarmadılar. Neyləsin bu rejissor?

-   Bacarmadı söhbəti yoxdu. Bizim teatrda hər kəs istedadlıdır. Aktyor o vaxt zəif görünə bilər ki, o obraz onun obrazı deyil.

- Əlbəttə istedadlı olmalıdırlar. İstedadlı olmaq həmin insanların borcudur. Yəni bunu qeyri-adilik kimi təqdim eləmək lazım deyil.

- Bu gün bizim güclü redissorlara ehtiyacımız var. Hətta istedadsız aktyordan da nəsə almaq olar. Xarici filmlərdə, seriallarda adi süpürgəçini gətirib oynadırlar. Deməli, onunla güclü işlənir ki, biz də bəh-bəhlə baxırıq.

- Bu rejissor qıtlığı, problemi sizin teatrda da aiddir?

- İlk dəfədir ki, Oruc Qurbanovla işləyirəm. Bəhram Osmanovdan isə qat-qat razıyam. Mehriban Ələkbərzadəylə «Məhkumlar» filmində işləmişəm. O cür obraz yaratmışam. O mənim gücümə bələd idi. Mən yalandan, pafosla, ahhh, ohhh eləyə-eləyə oynaya bilmirəm. Ağlamaq da, gülmək də təbii olmalıdır. Elə rejissor var ki, onlara pafos aktrisası lazımdır. Əgər ağlayıb səni də ağlatmağı bacarmıramsa, o rolu oynamaram.

- Hansısa filmə çəkilirsiniz?

- Bu yaxınlarda gənc rejissorun filmində bir rol oynamışam. Başqa bir seriala da çəkildim.

- Gəlin sizə şablon bir sual verim. Yaradıcılığınız zirvəsi nəyi sayırsınız?

- «Sahilsiz gecə» filmindəki Zibeydə rolu.

- Bu film 25 il əvvəl çəkilib. Deməli ondan sonra heç nə oynamamısınız.

- Bir də AzTV-nin çəkdiyi «Məhv olmuş gündəliklər» filmində oynamışam. Təxminən 4 il sənətdən ayrılmışdım və qaydışımla 1994-cü ildə bu obrazı oynadım.

 Yusuf Yusifbəyli

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?