Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az.az-a verilən məlumata görə, indiyədək artıq 5 minədək əlil və şəhid ailəsi mənzillə təmin edilib.
“Son günlərdə bəzi mətbu orqanlarda Bakı şəhəri, Binəqədi rayon, M.Cəlal küçəsi, ev 115, mənzil 9 ünvanında yaşayan, şəhid atası İsgəndərov İsgəndər İbrahim oğlunun və Nərimanov rayonu Böyükşor daş karxanası 194 ünvanında yaşayan, şəhid anası Kərimova Rima Baba qızının mənzil növbəsində olmalarına baxmayaraq, hələ də mənzillə təmin olunmamaları barədə dərc olunmuş yazılarla bağlı bildiririk ki, əlil və şəhid ailələri üçün inşa etdirilən mənzillərin bölgüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış, tərkibində vətəndaş cəmiyyətlərinin, əlil ictimai birliklərinin də təmsil olunduğu komissiya tərəfindən həyata keçirilir. Mənzillərin bölgüsü əlil və şəhid ailələri üçün yaşayış binalarının inşa olunduğu rayon (şəhər) İH-lərindən təqdim olunan mənzil növbəliliyi siyahıları əsasında, növbəlilik prinsipinə ciddi şəkildə riayət olunmaqla aparılır” - deyə nazirlikdən bildirilib. Nazirlik bəyan edib ki, İsgəndərov İsgəndər İbrahim oğlu 17 avqust 1998-ci il tarixdən Binəqədi rayon İH-də şəhid atası kimi mənzil növbəsində dayanıb və hazırda həmin rayon İH-də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 29-cu sıra nömrəsi ilə mənzil növbəsindədir. Eyni zamanda, Kərimova Rima Baba qızı 20 dekabr 2000-ci il tarixdən Nərimanov rayon İH-də şəhid anası kimi mənzil növbəsində dayanıb. Nərimanov rayon İH-dən 25 may 2012-ci il tarixdə təqdim olunmuş Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 80-ci sıra nömrəsi ilə mənzil növbəsindədir.