Modern.az

“Üç nöqtə” əməliyyatında necə qalib gəlmişik - DETALLAR

“Üç nöqtə” əməliyyatında necə qalib gəlmişik - DETALLAR

Qərbi Azərbaycan

23 Oktyabr 2022, 09:52

2 il əvvəl uğurla baş tutan “Üç nöqtə” əməliyyatı Azərbaycan-İran və Azərbaycan-Ermənistan dövlət sərhədlərinin kəsişdiyi ərazilərdə keçirildiyi üçün belə adlandırılıb. 

 

Xudafərin körpüsünün azad edilməsindən sonra əsas məqsəd Azərbaycan-İran dövlət sərhədinin tam bərpa olunması idi. Bu baxımdan Araz çayı boyunca hərəkət daha əlverişli idi. Lakin meydana çıxan bəzi məqamlar planda dəyişikliklər edilməsinə zərurəti yaratdı.

 

General-mayor Misir Əliyev 44 günlük Vətən müharibəsində Ağbənd sərhəd zastavasının azad olunmasını Ali Baş Komandana məruzə edib. O günləri qürurla xatırlayan Dövlət Sərhəd Xidmətinin zabiti əməliyyatın necə keçməsinə aydınlıq gətirib:

 

“Araz çayı boyu düzənlik olduğundan və düşmən qüvvələri ilə rastlaşdıqda məhv etməyimiz baxımından bu istiqamətdə hərəkət etdik. Lakin Araz çayı boyu İranda yaşayan soydaşlarımızın bizə göstərdiyi diqqət, qayğı və sevinc hissləri bizlərdə nə qədər qürur yaratsa da, yerimizin düşmən tərəfindən bəlli olması, aşkar edilməsi təhlükəsi var idi. Bu baxımdan biz Baharlı sərhəd zastavası istiqamətindən relyef baxımından daha çətin yolnan hərəkət etməyə başladıq”.

Ağbənd zastavasının əhəmiyyətini anlayan düşmən buranı əldən verməmək üçün müxtəlif hazırlıqlar görmüşdü. Düşmən hər şeyi nəzərə alsa da, iki məqamı – Azərbaycan əsgərinin gücünü və Qələbə əzmini unutmuşdu.

General-mayor Misir Əliyev: "Tapşırığımızı yerinə yetirmək üçün Ağbənd sərhəd zastavası istiqamətinə hərəkət etdik. Ağbənd istiqamətinə hərəkət etdikdə yuxarıda, sol cinahımızda düşmənin 1 kamerası, 1071 zirvəsində daha böyük kameraları var idi. Bu da bizim hərəkətlərin izlənməsinə şərait yaradırdı. Tərəfimdən verilən göstərişlə 1 kamera zərərsizləşdirildi, digər kameranı zərərsizləşdirməyə artıq bizim zamanımız yoxu idi".

Düşmənlə bilavasitə təmasa girilərək onlar məhv edildi və 6 saat yarım gedən döyüşdən sonra Ağbənd sərhəd zastavası tam azad olundu. 

Ağbənd sərhəd zastavasının azad edilməsiylə illərdir işğalda qalan Azərbaycan-İran sərhədinin 132 km-lik hissəsi azad olundu, bu, həm də Azərbaycan-Ermənistan dövlət sərhədinin bərpası üçün əlverişli şərait yaratdı.

Azərbaycan-İran və Azərbaycan-Ermənistan dövlət sərhədlərinin kəsişdiyi ərazilər olduğu nəzərə alınaraq əməliyyata “üç nöqtə” adı verilmişdi. Sərhədçilərimizin uğuru ilə yadda qalan əməliyyatın hazırlanması zamanı bir gün öncədən ərazinin havadan kəşfiyyatı aparılaraq düşmən haqqında məlumatlar, atəş mövqeləri, canlı qüvvəsi, texnikası təhlil olunaraq müvafiq qərarların qəbul olunması üçün komandanlığa göndərilmişdi. Növbəti gün gecə kiçik çevik qruplar tərəfindən sızma əməliyyatı icra olundu.

 

Dövlət Sərhəd Xidmətinin digər zabiti, general-mayor Aqşin Məhərrəmov düşmənin müqavimət göstərməyə qadir olmadığını bildirib:

"Artıq düşmən anlayırdı ki, mübarizə aparmaq mənasızdır. Bölmələrimiz ildırımsürətli hərəkət edirdi, xüsusi təyinatlılarımız zirvələri ard-arda fəht edirdi və bu da düşmənə sarsıdıcı zərbə idi, düşmən hiss edirdi ki, müavimət göstərmək əsassızdır və geri qaçmağa məcbur olurdular. Bir məqamı da qeyd etmək istəyirəm, hər dəfə düşmən mövqelərini ələ keçirəndə, mövqelərə daxil olurduq. Onların məişət şəraitini, istifadə etdikləri silahları, avadanlıqları görürdük. Demək olarki, vaxtı keçmiş, SSRİ dövründən qalmış avadanlıqlar, hətta silahları belə yararsız vəziyyətdə idi".

Əlbətdə, silah və texnikadan daha vacib əsgər və zabitlərin mənəvi-psixoloji hazırlığıdır. İçdikləri “Hərbi And”a sadiq qaldıqlarını şəhidlik zirvəsinə yüksəlmələri ilə sübut edənlər də az olmadı.

Əməliyyatın ildönümü ilə əlaqədar əraziyə gələn sərhədçilər şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad ediblər.

Qısa bir zamanda Zəngilanda ən yüksən ərazilər - Bartaz, Sığırt və Vejnəli qızıl yatağı azad olunub.

Kapitan Abdal İbrahimov: "Tapşırıqların birində Vejnəli qızıl yatağı, Sığırt yüksəkliyi uğrunda mən öz qrupumla hərəkət eləmişəm. Strateji mövqelərdə düşmən özü yerləşdiyi üçün həmin silsiləyə hücum etmək çətin olsa da, qoyulmuş tapşırığın layiqincə öhdəsindən gəlindi. Həmin istiqamətlər üzrə hücum edən düşməni öz mövqelərindən qovmuşuq".

Bartaz yüksəkliyi düşməndən azad edilsə də, qarşıdakı dağ silsiləsi Ermənistan ordusunun nəzarətində olduğuna görə həmin yerlərə təminat çatdırmaq demək olar ki, mümkün deyildi. Qısa müddətdə plan hazırlanaraq, bu ərazilərin azad edilməsi üçün uğurlu əməliyyat keçirilib.

Bu əməliyyat da uğurla nəticələnib.

Azərbaycan-Ermənistan sərhədinin Zəngəzur bölgəsindən keçən hissəsində yüksələn Azərbaycan Bayrağını və dövlət sərhədimizi digər yerlərdə olduğu kimi, əsgər və zabitlərimiz göz bəbəyi kimi qoruyurlar.

“Üç nöqtə” əməliyyatı isə yaxın hərb tariximizin uğurlu səhifələrindən biri kimi uzun müddət analiz ediləcək.

 

 

 

Şöhrət Eyvazov

Fotolar: Ramin Mehdi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü