Modern.az

QHT-lər könüllülük fəaliyyətinin təbliğində...

QHT-lər könüllülük fəaliyyətinin təbliğində...

Qarabağ

22 Aprel 2013, 10:28

Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri

Müasir dövrümüzdə mediada, ictimai təşkilatlarda və eləcə də gündəlik həyatımızda könüllülük haqqında fikirlərə tez-tez rast gəlirik. Qeyd edək ki, Qərb ölkələrində könüllük haqqında müəyyən təsəvvürlər mövcuddur və könüllülük fəaliyyətinin qərarlaşmış ənənələri var. Həmin ölkələrdə könüllü kimi fəaliyyət göstərən insanların sayı miyonlarladır və onların əməyinin dəyəri yüz milyonlarla dollar həcmində ölçülə bilər. Ölkəmiz üçün isə bu anlayış yenidir. Müəyyən dövrlərdə Azərbaycanda könüllülük fəaliyyətinin hər hansı bir cəhətlərinə rast gəlsinsə də, bu fəaliyyətin sistemli şəkildə təşəkkül tapması ölkəmizdə QHT-lərin formalaşması ilə paralel şəkildə baş vermişdir. 2009-cu ilin iyun ayında Milli Məclis tərəfindən qəbul olunan və Prezident tərəfindən təsdiq olunan “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahə bir qədər də sistemləşdirilmiş oldu. Bu qanunun hazırlanmasında vətəndaş cəmiyyəti və QHT  nümayəndələrinin xidməti də qeyd olunmalıdır.

Bu məqalədə də biz çalışacağıq ki, könüllülük anlayışına qısa bir nəzər yetirməklə Azərbaycan QHT-lərinin bu sahədəki fəaliyyətini izləyək. İlk öncə könüllük fəaliyyətinin mahiyyətini aydınlaşdıraq.  Biz tez-tez əksəriyyət tərəfindən səsləndirələn könüllük nədir, insanlar nə üçün könüllü olaraq hər hansı bir işdə çalışırlar kimi sualları ilə mütəmadi olaraq qarşılşadırıq. İctimai fikirdə könüllü anlayışına aşağıdakı ümumi tərif müəyyən edilmişdir. Könüllü - müəyyən səbəblərdən başqalarının xeyri üçün ödənişsiz olaraq işləyən şəxslərdir. Könüllülük fəaliyyəti altruistik fəaliyyət sayılır və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlir. Lakin insanlar öz bacarıqlarını inkişaf etdirmək üçün də könüllülük edirlər (məsələn, iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmaq, əylənmək və s.) “Könüllü - sahib olduğu fiziki güc, zaman, bilik, bacarıq və təcrübəsinin qazandırdığı özəlliklərindən birini və ya bir neçəsini QHT-nin fəaliyyətdə olan və ya layihə mərhələsində olan proqramları üçün təqdim edə biləcək durumda olan və bunun qarşılığında birbaşa və ya dolayısıyla xeyir güdməyən fərddir” şəklində ifadə edə bilərik. Könüllülərə əməkdaşlıq sahəsində  dünyada fərqli nümunələr mövcuddur. QHT-lərin ilk pillədən təşkilatlanaraq təmsilçilik demokratiyasının önəmli bir ünsürü olmaları və fəaliyyətlərində könüllülərlə təcrübələrini bölüşmələrindən qərar mexanizminə qədər əməkdaşlıq etmələri ilə bərabər xeyriyyə yönümlü könüllülüklərə də ehtiyac duyurlar. Xüsusilə xidmət sahələri üzrə çalışan QHT-lər könüllülərə daha çox ehtiyac duyur. Könüllülük fəaliyyəti, sadəcə  işçilərin öz iş həyatlarında bir  məna axtarmaqları üçün  təsəlli anlamına gəlmir, həm də yüksək icraedici vəzifəsinə hazırlıq prosesi üçün mükəmməl bir vasitə təmin edir. Könüllü olaraq təşkilatların lahiyələrində iştirak etməklə təcrübəli menecerlər öz liderlik və idarəedicilik bacarıqlarına yeniliklər qata bilər, yüksəyə can atan gənc mütəxəssislər isə yeni təcrübələr əldə edə bilər və qazandıqları şəbəkələşmə ilə işlədikləri yerdə daha yüksək mövqelərə iddia edə bilərlər. Azərbaycanda könüllü fəaliyyətin təşkilatçılarının dairəsi qanunvericiliklə aşağıdakı şəkildə müəyyən olunmuşdur: “Könüllü fəaliyyətin təşkilatçısı — könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır”. Qanunda  könüllü fəaliyyətin əsas istiqamətləri kimi əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və  məcburi köçkünlərə kömək edilməsi, insanpərvərliyin və dözümlülüyün təbliği, istehlakçıların hüquqlarının qorunması, hüquqi və mədəni maarifləndirmə, uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı , idmanın inkişafı,  xəstəliklər və epidemiyalar barədə məlumatlandırma, sağlam həyat tərzinin təbliği, ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması, silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi,cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə kömək edilməsi, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri öz əksini tapmşıdr. Qanuna görə könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir.

Son illərdə Azərbaycanda könüllük fəaliyyətinin təşviqi, vətəndaşlarımızın bu istiqamətdə maarifləndirlməsi mövzusunda olan QHT layihələrin sayında da artım müşahidə olunur. Təqdirəlayiq haldır ki, bu QHT layihələrinin dəstəklənməsində yerli donorların da fəallığı güclənməkdədir. Biz bu layihələrdən bəzilərinə qısa nəzər yetirməklə könüllülük fəaliyyətinin təbliğ olunmasında milli QHT-lərin rolunu aydın görə bilərik. Belə layihələr içərsində bir müddət öncə «Rezonans» Gənclər İctimаi Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “21-ci əsrin gəncliyi: Könüllülük hərəkatının genişləndirilməsi!” layihəsini qeyd edə bilərik. Bu layihə  çərçivəsində “Könüllülük fəaliyyəti” kitabı çapdan çıxmışdır.  Kitabda könüllülük fəaliyyətinin tarixi, mahiyyəti, fəaliyyət istiqamətləri, beynəlxalq təcrübə, ölkəmizdə onun tənzimlənməsi üçün qanunvericilik bazası barədə məlumatlar dərc edilmişdir.

Digər biri isə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi  tərəfindən “Beyləqanda və Beyləqan ərazisində salınmış məcburi köçkün qəsəbələrində zəif, unudulmuş qruplardan olan insanlara və ahıllara sosial xidmətlərin göstərilməsi məqsədilə gənc könüllülər şəbəkəsinin yaradılması” layihəsi bu ilin yanvar ayından Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənərək  həyata keçirilməyə başlayıb. Layihənin əsas məqsədi  Beyləqan rayonunda, Xocavənd və Füzulidən olan məcburi köçkünlərin məskunlağdığı qəsəbələrdə yaşayan zəif, unudulmuş qrupdan olan insanlara və ahıllara sosial xidmətlərin göstərilməsi sahəsində gənc könüllülər şəbəkəsinin  yaradılmasıdır. Layihə çərçivəsində Könüllü Gənclər Şəbəkəsinin üzvləri üçün könüllülük fəaliyyəti və sosial xidmətlərin göstərilməsi mövzusunda təlimlərdə könüllülük nədir, könüllülüyün tarixi, “Könüllü fəaliyyəti haqqında”  Azərbaycan Respublikasının  Qanunu, könüllülüklə bağlı beynəlxalq təcrübə, könüllülüyün cəmiyyətin inkişafına tövhəsi, könüllülüyün gənclərin inkişafında və  gələcək karyerada uğuru istiqamətlərində müzakirələr aparılmışdır.

Bu ilin mart ayında isə  Oğuz rayonunda “Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Şimal-qərb regionunda gəncləri könüllü fəaliyyətə həvəsləndirmə proqramı” layihəsi həyata keçirilib. Layihə Gənclər və  İdman Nazirliyinin dəstəyi ilə baş tutub. Layihəyə uyğun olaraq gənclərə könüllülük, liderlik, təşəbbüs qrupları, layihələrin yazılması və idarə olunması mövzusunda təlimlər keçirilib.

Daha bir layihənin icrasının başlanılması ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən  Yevlax, Qəbələ, Oğuz və digər bölgələrdə “Gənc könüllülər klubu” yaradılıb. Klubların Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilən “Regionlarda “Gənc könüllülər klubu”nun yaradılması, gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi-1 mərhələ” adlı layihə çərçivəsində baş tutub. Bu layihənin də məqsədi region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsidir. Bundan əlavə layihə regionlarda könüllülük ideyasının gənclər arasında təşviq olunması, könüllülərin formalaşdırılmasını, icma-könüllü əməkdaşlığının qurulmasını nəzərdə tutur.Layihə çərçivəsində eyni zamanda  “Könüllü fəaliyyət üçün bələdçi” adlı kitabça nəşr etdirilib. Kitabça könüllülərin fəaliyyətinin, onların təşkilatların fəaliyyətinə cəlb edilməsinin həm nəzəri, həm də praktiki metodlarını təklif edir. Bu vəsait hazırlanarkən ABŞ, Böyük Britaniya, Polşa, keçmiş SSRİ ölkələrinin təcrübəsindən və nümunələrindən istifadə edilib. Kitabçada könüllülük anlayışı, könüllülük nədir, könüllü şəxs kim ola bilər, könüllü fəaliyyətə aid qanunvericilik normaları, könüllü hərəkatı nədən başlayır, QHT-lər və gənclər təşkilatları üçün bələdçi, ən məşhur beynəlxalq könüllü təşkilatları və proqramları, Azərbaycanda könüllü olmaq istəyən gənclər hara müraciət edə bilərlər - kimi bölmələr öz əksini tapıb. Bundan əlavə, kitabçada könüllü fəaliyyət haqqında müqavilənin nümunəsi də təqdim olunub.

Ötən ildə Azərbaycan Respublikasının Prezidenti yanaında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Xəzər” inkişaf Fondu tərəfindən “Xəzər rayonu məktəbləri  arasında könüllük hərəkatının təbliği” layihəsini də qeyd etmək olar. Layihənin məqsədi Xəzər rayonundakı orta ümumitəhsil məktəblərində təhsil alan uşaqlar arasında könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların yayaılması, həmçinin burada könüllük hərəkatının təbliğ olunması olmuşdur.

Bundan başqa qeyd edək ki, bir sıra QHT-lər, ö cümlədən Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), İrəli İctimai Birliyi gənclər arasında könüllük fəaliyyətinin təbliği istiqmətində  öz ofislərində gənclər üçün müxtəlif vəzifələr üzrə daimi könüllü işçilər cəlb edir. Bununla könüllü olmaq işini praktiki olaraq gənclər aşılanmış olur. Həmçinin könüllülük fəaliyyətinə cəlb olunmuş hər bir gənc üçün könüllü kimi çalışmaq  və ilkin  iş təcrübəsi, uğurlu karyera qurmaq istiqamətində mühüm  amil hesab oluna bilər. Çünki heç bir təcrübəsi olmayan gənc üçün  könüllü kimi işləmək  iş haqqında, kommandada işləmək, iş zamanı ünsiyyət qaydalarını və s. öyərənmək vacibdir.

Sonda qeyd edək ki, yuxarıda könüllülük fəaliyyəti ilə bağlı sadalanan və sadalanmayan bir çox QHT layihələrinin həyata keçirilməsinə baxmayaraq hələ də əhali arasında bu istiqamətdə müəyyən informasiya çatışmazlığı mövcuddur. Ona görə QHT-lər ölkə vətəndaşları arasında könüllük fəaliyyyəti, onun əhəmiyyəti  ilə bağlı maarifləndirmə işlərinə daha da diqqəti artırmalıdırlar. Bunun üçün QHT-lər KİV-lə əməkdaşlıq etməli, sosial medianın imkanlarından yaralanmalıdır. Bu vasitələrin istifadəsi ilk növbədə böyük vəsait və insan resursu  tələb etmir. Bundan əlavə ölkədə internet istifadəçilərinin, həmçinin sosial şəbəkə saytlarında üzvlərin sayı davamlı olaraq artır. QHT-lər internet əsaslı media vasitələrindən (vebsayt, Facebook, Twitter və s.) daha yaxşı istifadə etməklə könüllük fəaliyyəti ilə bağlı maarifləndirməni  əsaslı şəkildə genişləndirilə bilər. Düşünürük ki, bu gün qeyd olunan imkanlardan istifadə etməyən hər bir  QHT  layihəsinin uğur qazanması, davamlığının təmin olunması şübhə altına düşə bilər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü