Modern.az

Mikayıl Cabbarov tələbələrə xeyir-dua verdi

Mikayıl Cabbarov tələbələrə xeyir-dua verdi

Aktual

5 Avqust 2013, 12:15


Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş ilk 41 tələbə ilə görüşüb.

Modern.az nazirliyə istinadən xəbər verir ki, görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və dövlətin gənclərə göstərdiyi etimadı tam şəkildə doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan təhsil naziri onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş ilk 41 tələbə təhsilini Böyük Britaniya (14 nəfər), Türkiyə (9 nəfər), Kanada (6 nəfər), İsveçrə (6 nəfər), Avstraliya (2 nəfər), Fransa (1 nəfər), Litva (1 nəfər), İsveç (1 nəfər) və Niderlandda (1 nəfər) bakalavriat (16 nəfər), magistratura (16 nəfər), rezidentura (8 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində davam etdirəcəklər. Onu da qeyd edək ki, xaricdə təhsil üzrə Dövlət Proqramına 2013-2014-cü tədris ili üçün sənəd qəbulu 22 may - 15 avqust tarixilərini əhatə edir. Avqustun 2-ə qədər 828 nəfər elektron ərizə dolduraraq Dövlət Proqramına qeydiyyatdan keçib.

Sənədləri qaydasında olmadığı üçün qəbul olunmayan 80 nəfər sənədlərini müvafiq qaydada tamamladıqdan sonra 15 avqust tarixinə qədər yenidən Təhsil Nazirliyinə müraciət edə bilərlər. Artıq 374 namizədlə müsahibələr aparılmış və onlardan 93-ü müsahibə zamanı müsbət rəy ala bilməyib. Sənədləri qəbul olunmuş namizədlərlə müsahibələr davam etməkdədir. Ötən illərdən fərqli olaraq, müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı Səhiyyə Nazirliyi (tibb ixtisas istiqaməti üzrə müraciət edənlərlə), Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dillər Universiteti və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) (xaricdə təhsil təcrübəsi baxımından) nümayəndələri iştirak edirlər. Bu amil seçimlərin şəffaf aparılmasına və daha layiqli namizədlərin seçilməsinə əlverişli zəmin yaradır. Müsahibə zamanı namizədlərin müvafiq tədris dilini yüksək səviyyədə bilməsi, tədris alacağı ixtisas üzrə biliklərinin yetərli səviyyədə olması, təhsillərini başa vurduqdan sonra qayıdaraq ölkəmizin inkişafına töhfə vermək niyyəti əsas seçim meyarları kimi tətbiq olunur. Dövlət Proqramına sənəd vermiş digər namizədlərlə bağlı qərarlar verildiyi zaman bu barədə də mütəmadi olaraq geniş ictimaiyyətə məlumat veriləcək.

Aytən ƏLİYEVA

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?