Modern.az

Saakaşvili ilk dəfə Paşinyana müraciət etdi: dərhal Azərbaycanla sülh müqaviləsi imzalayın!

Saakaşvili ilk dəfə Paşinyana müraciət etdi: dərhal Azərbaycanla sülh müqaviləsi imzalayın!

Reportaj

18 Oktyabr 2023, 10:02

Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib.

Modern.az xəbər verir ki, Saakaşvili müraciətində bildirib:
 

“Mən ilk dəfədir ki, sizə müraciət ünvanlayıram və bunu açıq şəkildə edirəm. Çünki regionumuzun və Ermənistanın taleyi məni çox narahat edir. Bu yaxınlarda MDB sammitində bu təşkilatın dağılmasında məni praktiki olaraq günahlandıran Rusiya və Putinlə ünsiyyət təcrübəmə əsaslanaraq, sizə bəzi məsləhətlər vermək istərdim. Siz hakimiyyətə xalq üsyanları nəticəsində, yəni Putinin terminologiyası ilə desək, “rəngli inqilab” nəticəsində gəldiniz və inanın ki, onu nə qədər sevindirsəniz, sədaqət andı içsəniz də, o, sizi heç vaxt bağışlamayacaq. Üstəlik, sizin son bəyanatlarınızdan, siyasi addımlarınızdan və xüsusən də “Roma statutu”nun təsdiqindən sonra o, sizin əzəli düşməninizdir və əlində olan bütün imkanlarla - daxili iğtişaşlar, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və hibrid müharibənin bütün arsenalını istifadə edəcək.
 

Yadda saxlamaq lazımdır ki, vaxtınız çox azdır. Hakimiyyətə gələndən sonra siz fundamental islahatlar apara bilmədiniz və ya həyata keçirmədiniz, ona görə də indiki dövlət aparatınız həqiqətən də Kremlin “beşinci kolonu”dur. Avropaya inteqrasiya üçün də gecikmisiniz.
 

Sizin üçün nə qədər çətin olsa da, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni imkanlar açır. Müəyyən müddətdən sonra biz sərhədləri açıq olan üç Baltikyanı ölkə kimi yaşaya, üçünün hər birinin üstünlüklərindən istifadə edərək bütöv bir logistik, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməli və hər hansı bir tərəddüdü bir kənara atmalı, “va-bank”a getməlisiniz. Rusiya hərbi bazasının dərhal çıxarılmasını tələb edin, MDB, KTMT, Gömrük İttifaqını tərk edin, Avropa İttifaqı və NATO-ya ərizə verin.


2013-cü ildə biz Avropa Komissiyasının sədri Barrozo ilə İrəvana uçduq və boş yerə sələfinizi Moskvanın himayəsi altında bu təşkilatların bəzilərinə qoşulmamağa inandırmağa çalışdıq.
 

Və nəhayət, siz açıq şəkildə bəyan etməli və dərhal Azərbaycanla sülh müqaviləsi imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində əsaslı dəyişikliklərə yol açmalısınız.


Sizdə şəxsi və siyasi cəsarət əskik deyil və ümid edirəm ki, Putinin sizi devirməsinə, eyni zamanda, ölkənizi məhv etməsinə, regionumuzu tamamilə sarsıtmasına imkan verməyəcəksiniz.
 

Hamımızın üzləşdiyi təhlükə çox realdır və dərhal hərəkətə keçməyi tələb edir. Ümid edirəm ki, bu dəfə tərəddüd etməyəcəksiniz”.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!