Modern.az

Deputat Prezidenti hədəf seçənləri cəzalandırmağa ÇAĞIRDI

Deputat Prezidenti hədəf seçənləri cəzalandırmağa ÇAĞIRDI

Parlament

5 Mart 2024, 11:22

“Dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir və biz hər gün müxtəlif informasiya şəbəkələrində Prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi oluruq. Xalqın müdafiəsini və təhlükəsizliiyini təmin edən Silahlı Qüvvələrin Ali Baş Komandanına qarşı informasiya terroru və şər-böhtan kampaniyası aparılır. Birinci şəxsi səbrini sənağa çəkərək, onu emosional qərarlara çəkmək istəyirlər. Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində deyildiyi kimi, lidersizləşdirmə, dövlətsizləşdirmə planı ilə Prezidentə hücum edənlər əslində ölkəyə silahlı xarici təcavüzçülərdən heç nəylə fərqlənmirlər. Qələbəmizin simvolu olan şəxsi ləkələməyə çalışmaq Prezidentə səs verən milyonlarla insanın etimadını və ideallarını aşağılamaq deməkdir. Dövlət başçısının mənəvi zirehi yarılırsa, demək, sadə vətəndaşlar tam müdafiəsizdir”.


Modern.az xəbər verir ki, bunları Milli Məclisin iclasında deputat Zahid Oruc bildirib.
 



“Avropa Birliyi ölkələrinin əksəriyyətində ölkə rəhbərinin təhqiri qanunla cəzalandırılır. İtaliya, İspaniya, Almaniya, Polşa və digərlərində buna görə müxtəlif növ cinayət məsuliyyəti mövcuddur. Amerikada Prezidenti söymək azadlığından danışanlar, orada hüquqi cəmiyyət və vətəndaş məsuliyyətinin yuxarı olduğunu unudurlar.

Ölkə rəhbərini daim hədəf seçənlərin əsas təhqir coğrafiyası Avropadır və onlar müxtəlif qruplara bölünürlər. Ölkə başçısını müxtəlif xarici siyasət qərarlarından döndərmək, vətəndaş qruplarını onun üstünə qaldırmaq, cəmiyyətdə parçalanmaya nail olmaqla siyasi çevrilişləri həyata keçirmək ən ümdə məqsədləri təşkil edir.

İkinci qrupda erməni lobbi mərkəzləri, Boqosyan-Qlüksman cütlüyü və Qarabağın zəngin sərvətlərini uzun illər sümürən xarici şirkətlər, onların Avroparlament, Avroşuradakı siyasi lobbiçiləri dayanır. Belə hücumlarla ölkəmizdən sərvət və imtiyazlı neft-qaz, yaxud qiymətli əlvan metal kontraktları qazanmağı düşünən böyük korporasiyalar böhtanın sifarişçiləridir.

Nəhayət, ölkə rəhbərinin kölgəsinə daş atan digər bir dəstə aşağı muzdlu məişət tüfeyliləri, ayaqlarına və beyinlərinə nəzarət çipləri bağlanmış, hər gün səhərdən-axşamadək cılız tezislərlə təlimatlandırılan mühacirlər, Osmanqızı və digər birnəfərlik şər kanallarıdır. Onların çörəyi Youtube və digər şəbəkələrdə baxış sayını artırmaq adı altında aldıqları satqınlıq mükafatlarından çıxır.

Biz beynəlxalq qanunvericilik çərçivəsində ən azı sonuncu qrup təmsilçilərini məsuliyyətə cəlb etmək mexanizmlərini gücləndirməliyik. 1951-ci ildə qəbul olunan Qaçqınların statusuna dair Konvensiya o adamların immuniteti ola bilməz. Əgər Prezidentin şərəf və ləyaqətini qorumaq üçün  məhkəmə və hüquq orqanlarının mexanizmləri nəticə vermirsə, onda təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır”, - deyə deputat bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?