Modern.az

Yol polisi avtovağzallarda daşıyıcılar və sərnişinlərlə görüş keçirdi

Yol polisi avtovağzallarda daşıyıcılar və sərnişinlərlə görüş keçirdi

Aktual

9 Aprel 2024, 16:37

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ərəfəsində sərnişindaşıma sahəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə daşıyıcılarla maarifləndirmə xarakterli görüşlər keçirib.

 

İdarədən Modern.az-a verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksində və Sumqayıt avtovağzalında təşkil olunan tədbirlərdə sərnişindaşıma fəaliyyəti kimi məsuliyyətli sahədə çalışan hüquqi və fiziki şəxslərə, eləcə də sürücülərə hüquq və vəzifələri haqqında geniş məlumat verilib, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin tibbi yoxlamadan keçməsi, həmçinin iş və istirahət rejiminə əməl olunması kimi vacib məsələlərin nəzarətdə saxlanılması xüsusi vurğulanıb.

 

Avtobuslarda səfərə çıxmağa hazırlaşan sərnişinlərə isə həyatlarını etibar etdikləri sürücülərin yol verdikləri qayda pozuntularına biganə qalmamaq, hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlərdən çəkinmək, qayda pozan sürücüləri intizama dəvət etmək tövsiyə edilib, zərurət yarandığı təqdirdə “902- Qaynar Xətt” xidmətinə məlumat vermələri xahiş olunub.

 

Görüş iştirakçıları Dövlət Yol Polisinin keçirdikləri tədbiri rəğbətlə qarşılayıb, onların rahat və təhlükəsiz hərəkəti üçün atılan addımların və bu sahədə DYP ilə birgə əməkdaşlığın hər zaman faydalı olduğunu qeyd edib, minnətdarlıqlarını bildiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!