Modern.az

Qeyri-ixtisaslı jurnalistlər - “Öz ixtisasım üzrə işləsəydim bundan yaxşıydı” - RUBRİKA

 Qeyri-ixtisaslı jurnalistlər - “Öz ixtisasım üzrə işləsəydim bundan yaxşıydı” - RUBRİKA

Media

22 Yanvar 2014, 09:46


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” adlı rubrikasına davam edir.

“Azadlıq Radiosu” Bakı Bürosunun rəhbəri Babək Bəkir jurnalistikaya gəlişini təsadüf hesab edir:
“Neft Akademiyasını bitirmişəm. Öz ixtisasım üzrə işləməmişəm. 1-ci kursdan jurnalistikayla məşğul olmuşam. Jurnalistikaya təsadüfi bir hadisə nəticəsində gəlmişəm. Ona qədər yazılarım, şeir, hekayələrim çap olunub. Ancaq fikirləşmirdim ki, jurnalistikaya gələrəm. Sırf təsadüf məni bura gətirib. Sevdiyim bir qız haqqında yazı yazmaq istəmişəm. Döyüşçü qız idi. Yazını yazıb “Azadlıq” qəzetinə apardım. Niyazi Mehdi yazıya baxdı. Dedi, başqa yazı da gətir, elə o yazı gətirən qaldım burada. O qız haqqında yazı yazmaq fikrim var idi, bu sahəyə gəlmək yox. Əlbəttə, jurnalistikada olmağı istəməzdim. Öz ixtisasım üzrə işləsəydim bundan yaxşıydı”.

“Gündəlik Teleqraf” qəzetinin və “Publika.Az” saytının baş redaktoru Aynur Camalqızı:

“Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsinin məzunuyam. İxtisasca politoloqam. Ancaq bu sahə üzrə çalışmamışam. Mən elə tələbə vaxtından jurnalist kimi fəaliyyətə başlamışam. Uşaqlıqdan da jurnalistikaya marağım var idi. Sadəcə test üsulu ilə imtahan verdiyim üçün Politologiya İnstitutuna düşdüm. Amma təbii ki, arzum jurnalist olmaq idi. Bu səbəbdən də jurnalistika sahəsinə gəldim. Əlbəttə, bu qərarımdan razıyam. Qəti şəkildə peşman deyiləm. Çünki mən bu sənətdə özümü ifadə edə bilirəm”.

"Exo" qəzetinin əməkdaşı Nurani (Tofiqəxanım Qasımova) arzusuna çatdığına görə şaddır: “Azərbaycan Tibb Universitetini bitirmişəm. İxtisasca həkiməm. Həkim kimi işləməmişəm. Ancaq 1 il ərzində Tibbin fəlsəfəsi kafedrasında dərs demişəm. Birinci dəfə 12 yaşım olanda qəzetdə məqaləyələ çıxış eləmişəm. Bəlkə də ona məqalə demək bir az böyük çıxar. Çünki həcmi çox qısa idi. Amma o da beynəlxalq məsələlərə aid idi. Həmişə arzum idi ki, beynəlxalq jurnalistika ilə məşğul olum. Ancaq o vaxt buna imkan olmadı. Çünki mən universitetə daxil olan vaxt Azərbaycanda beynəlxalq jurnalistika üzrə təhsil almaq mümkün deyildi. Sonra imkanların pəncərəsi açıldı. Ona görə birinci ixtisasımı atıb, jurnalistikaya gəldim. Bu mənim üçün arzuya açılan qapı idi. Əlbəttə, gəlişimdən razıyam. Bu sahə çox maraqlıdır, jurnalistikanın yaxşı xüsusiyyətləri var. Mən öz peşəmin vacib olduğunu, mənasını bilirəm”.

“Yeni Müsavat”ın köşə yazarı, “Musavat.com” saytının baş redaktoru Xalid Kazımlı:

“Mənim ixtisasım alim-aqronomdur. Alim-aqronom kimi təyinatla Şabranda iki il işləmişəm. Ancaq 12 yaşımdan jurnalist olmaq istəyirdim. Şabranda işləyəndə də rayon qəzetində şeirlərim və məqalələrim dərc olunurdu. Sonra bütün ölkə aqronomluğu buraxdı. Kənd təsərrüfatı sistemi dağıldı. Hər kəs öz ən yaxşı bacardığı işlə məşğul olmağa başladı, mən də jurnalistikayla.
Seçimimdən tam razıyam. Ən sevdiyim işdir. Dünyaya ikinci dəfə gəlsəydim yenə jurnalist olardım (gülür). Burada özümü daha yaxşı ifadə edirəm. Düşündüklərimi yazıram. Ən azı adamdan bir iz qalır”.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü