Modern.az

Akif Məcidoğlunun AzTV sərgüzəştləri - II yazı

Akif Məcidoğlunun AzTV sərgüzəştləri - II yazı

Media

3 Yanvar 2015, 11:55

Mahir Qabiloğlu

ÜÇ AKİF

“Xəbərlər”də Akif adlı üç redaktor vardı. Biri bizim Akif Məcidoğlu,  biri Akif Təvəkküloğlu, o biri də Akif Cabbarov. Bəzən onları səhv də salırdılar.

Günlərin bir günü “tufan qopdu”. Xoşbəxtlikdən həmin gün çəkilişimiz olmamışdı. Amma sədrimiz Nizami Xudiyevə zəng edib şikayət etmişdilər ki, bəs Akif Abşeronda çəkiliş edib.  Özü də ki, tənqidi ruhda. Abşeron rayonu da Bakıya yaxın olsa da zona müxbirinin səlahiyyətlərinə daxil idi. Bizim ora getməyə ixtiyarımız yox idi.

Nə isə Akifi çağırdılar sədrin otağına. Orda nə qədər and-aman edibsə Nizami müəllimi inandıra bilməyib.

Bir də gördük ki, qapı açıldı. Akif Cabbarov əlində mikrafon girdi içəri. Qeyri-iradi soruşduq ki, hardan gəlirsən? Dedi ki, Binəqədi rayonundan. Soruşduq ki, birdən Abşerona gedib eləyərsən a... Dedi ki, yox e, sən nə danışırsan? Binəqədi rayonunda ekoloqlarla çəkiliş edirdim.

Nə isə. Nə qədər elədilərsə tapa bilmədilər ki, Abşeron rayonuna icazəsiz kim gedib. Amma gedən müxbirin  adı Akifdir ki, Akif.

Uzun araşdırmalardan sonra aydın oldu ki, Cabbarovun çəkdiyi Binəqədi rayonundakı ərazi Abşeronla həmsərhəd imiş. Yolun bir tərəfi bir rayon, o biri tərəfi də o biri rayon.  Ekoloqlar da bunu bilmədən Abşeronun ərazisini Binəqədi adıyla Akifə çəkdiriblər. Abşeronun o ərazisinə də məsul şəxs də nə qədər dil töksə də Cabbarovu, ekoloqları  yola gətirə bilməyib. İşini ehtiyatlı tutaraq qaçıb icra başçısının üstünə ki, “Aman qoyma, Akif bizi çəkdi”.  Amma familiyasını öyrənməyi yadından çıxarıb

Söhbət bunda  deyil. Akif Məcidoğlu tənqidi süjetlərdə o qədər ad çıxarmışdı ki, icra başçıları, elə AzTV-dəkilər də Akif adı eşidəndə yalnız onu nəzərdə tuturdular.


NİZAMİ XUDİYEV VƏ ARİF ALIŞANOVUN BULVAR GƏZİNTİSİ

“Xəbərlər”də gecə növbətçisiydim. Qış vaxtı olsa da hava sakit idi. Saat 23.00 radələri olardı. Bir də gördüm ki, sədrin köməkçisi hövllü girdi içəri.

-  Mahir, tez elə kameranı götür, düş Bulvara. Yolüstü Akifi də evdən götür. Nizami müəllimin tapşırığıdır.

Tez operatorla girdik sədrin qəbul otağına. Növbətçi üçün kameranı, mikrafonu orda qoyurdular. Amma Nizami müəllim yerində yox idi. Əlimlə işarə etdim ki, bəs şef hanı?

- Nizami müəllim yoxdur. Ariflə (Arif Alışanov –sədr müavini) Bulvardaymışlar. Saat 22.30-da işıqları söndürüblər. Bulvar qara zülmətə bürünüb. Nizami müəllim də əsəbləşib ki, bəs bu nə deməkdir? Əhali dincəlməyə  gəlir, bunlar da işığı söndürürlər. Zəng elədi ki, növbətçi kimdir? Dedim ki, Mahir. O da dedi ki, tək getməsin, Akifi də evdən götürsün.

Maşına minib üz tutduq Lenin muzeyinin qabağına. Akif artıq burda bizi gözləyirdi. Deyinə-deyinə mindi maşına. Dediyi sözləri yazmağa ehtiyac yoxdur. Yəqin özünüz başa düşəcəksiniz. Akifin çox gözəl söyüş leksikonu var.  Başladıq çəkilişə. Çəkiliş də ki, nə çəkiliş. Qaranlıq kadrlar. Güclə tapdığımız bir-iki dincələndən də narazılıq rəyləri. Ki, Bulvar niyə qaranlıqdır.

Səhv  etmirəmsə 2003-cü il idi. Bakının elektrik şəbəkəsinə də “Barmek” rəhbərlik edirdi. Çəkilişi edib qayıtdıq işə. Oturdum kompüterin arxasına ki, yazım. Akif də tələsdirir ki, "bəs dejurnı sənsən. Mən də sənin zibilinə düşüb yuxusuz qalmışam. Tez yaz qurtar, montaj eləyək çıxım gedim". Yazdım. Sona çatanda ilişdim.

- Akif, Bulvarın qaranlıq olmasında təqsirkar kimdir? Kimi yazım?

- Necə yəni kimi? Bulvar hara baxır?

- Bakı şəhər İcra Hakimiyyətinə.

- Onu da yaz!

- Bəs "Barmek"?

- Bura bax, uşaq-zadsan. "Barmek" nədir, Arabul  kimdir Hacıbalanın yanında. Hacıbala müəllim desə ki, "söndür!", o da söndürəcək. Deyəcək “söndürmə!”, o da söndürməyəcək. Arabul böyük-adam-zad olub məgər?!

- Akif  “Bakı şəhər İcra Hakimiyyəti hara baxır görəsən?” yazdım. Hacıbala müəllimin də adını yazım?

- Yaz.

- İnciyəcək axı?

- Əksinə. Yazmasan inciyəcək. Deyəcək ki, idarənin adını çəkmişik, amma onun adını çəkməmişik.

- Yaxşı. Deməli belə bitirirəm. “Yəqin ki, Azərbaycan televiziyasının bu tənqidi süjetindən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov lazımi nəticə çıxaracaq”. "Vsyo?".

- Nə “vsyo”? Bəs bizim sevimli sözümüz?

- Yadımdan çıxdı ye.

- Eybi yox. Özüm əlavə edərəm. “Mövzunu davam etdirəcəyik”.

Səhər açıldı. Günortaya yaxın biz artıq  Hacıbala müəllimin kabinetindəydik. Akifin xətrini çox istəyirdi. Mənəsə əyri-əyri baxırdı. Amma atama görə dinmirdi. Bilirdi ki, sözləri kağıza mən düzmüşəm. Adımı “ilana zəhər verən kərtənkələ” qoymuşdu. Akifdə təqsir görmürdü.

Nə isə. Söhbət başlandı.

- Akif, bax şəhərdə bu qədər iş görürəm. Bir dəfə gedib çəkib tərifləmisən məni?

- Yox.

- Ağac əkirəm, yaşıllıqlar salıram. Bir dəfə adını çəkmisən?

- Yox.

- Yolları düzəldirəm, antisanitariya ocaqlarını ləğv etmişəm. Bir dəfə qeyd etmisən?

- Yox.

- Bəs nə oldu ki, yuxuna haram qatıb gecə saat 12-də, bu soyuqda  çıxdın Bulvara. Nədir, nədir işıqları söndürüblər. Sən bilmirsən ki, işıq məsələsinə “Barmek” baxır?

- Bilirəm.

- Bəs niyə onu tənqid etmirsən?

Akif susdu. Üzünü mənə çevirərək “Mahir, indi bildin?” dedi. Daha arxasını gətirə bilmədi. Nə desin. Nizami müəllimin adını çəkə bilərdi? Mən isə ümumiyyətlə danışmırdım. Göstərişin kimdən gəldiyini, məsələnin necə olduğunu desəydik, gərək ərizəmizi yazıb işdən çıxaydıq. “AzTV and”ına sadiq qalıb “Vətən sirri”ni açmadıq. Heç işgəncə-zad da vermədilər. Hacıbala müəllim isə müsahibə verdi. Dedi ki, “gözəl Bakımızın gözəl Bulvarı bundan sonra rəngbərəng işıqlarıyla bərq vuracaq. Paytaxt sakinlərinin, qonaqların sevimli istirahət yerinə çevriləcək”. Vəssalam. Otaqdan çıxdıq. Akifin birinci sözü nə olsa yaxşıdır?

- Mahir, sənə demişdim axı, "Barmek"i də ora əlavə elə. "Tak je nelzya". Məni də "podvodi"t elədin kişinin yanında.

Heç nə demədim. Sadəcə qızardım.



CƏRRAHİYYƏ ƏMƏLİYYATI VƏ ZİBİLLİK

Akifin öd kisəsinin axarını daş tutmuşdu. Təcili cərrahiyyə əməliyyatı elədilər. Korobka şokolad alıb getdim yanına baş çəkməyə. 5 nömrəli xəstəxananın 4-cü mərtəbəsində yatırdı. Məni gördü üzü güldü. Elə bildim ki, darıxıb mənimçün. Kömək elədim bir təhər ayağa qalxdı. Həqiqət xanım çiyninə jaket atdı. Bir əliylə qolumdan tutdu, o biri əlində də böyründən sallanan torba çıxdıq dəhlizə. Dedim ki, bəlkə gəzməyəsən, başın gicəllənər. Dedi ki, "yox narahat olma. Burda bir şey görmüşəm. "Prosto ujas"".

On addım dəhlizin başına addımlayıb yaxınlaşdıq pəncərəyə. Uzaddan nəsə göstərib:

- Görürsən?

- Yox. Nəyi?

- "Kosoy" gözüvü. O boyda zibilliyi görmürsən?

- Harda?

- Erməni qəbiristanlığının yanında. Yarımstansiyanın böyründə.

- Hə..... gördüm.

- İndi burdan çıxarsan. Gedib öyrənərsən yol hardandır. Hansı rayona baxır. Çıxan kimi gedib çəkərik. Əla stəndap alınacaq. Vallah ayıbdır e... Xəstəxananın da böyründə bu boyda antisanitariya mərkəzi olar?

Gedib zibilliyə baxdım. Nərimanov bələdiyyəsinə yaxın bir yerdə bu boyda zibilliyin olmasına düzü inanmadım. Hündürlüyü üç adam hündürlüyündəydi. Üstündən üç gün keçdi. İşə zəng gəldi. Akif idi. "Kameranı da götür gəl gedək" dedi.

“Hara?” deyə soruşdum. "Ora. Tez elə. Yoxsa yığışdırarlar. Çatdırmarıq".

RAF-a minib Akifi də evdən götürdüm. Çəkdik. Aləm dəydi bir-birinə. Düzünü desə, əlli "Kamaz" zibil daşındı ordan. Hardan bildim? Yaxın qohumum zəng edib söydü məni. Dedi ki," bizi də zibilə saldız. Dörd "Kamaz"ın pulunu İcra Hakimiyyəti bizdən aldı. Qalanlarını da qonşu obyektlərin boynuna qoydu. Bizim təqsirimiz nə idi?".

Qohumun sözlərini Akifə də çatdırdım. O da Hüseynqulu Bağırovun sözlərini təkrar etdi: “Vətəndaşlar, gəlin çevrəmizi təmiz saxlayaq!”.

MAHİR, İNDİ MƏNİ BAŞA SAL...

Hansısa tədbirdə çəkilişdəydik. Çıxanda Akifə dedim ki, bəs evə batareya lazımdır, bir-iki də başqa şey. Ticarət mərkəzindən alıb gəlirəm. Operator da qoşuldu mənə. O da corab almalıydı. Girdik böyük ticarət mərkəzinə. Başladıq gəzməyə.Akif isə getdi maşına.  Hamı bizə baxırdı. Daha doğrusu üstündə AzTV yazılan kameraya. Birdən satıcılardan biri adımı soruşdu. Mən də operatora göz vuraraq “adım Akifdir” söylədim.

İstədiyimizi tapıb aldıq. Qayıtdıq maşına. Yerimizə oturmuşduq ki, birdən Akifə zəng gəldi.

- ........

- Ay əleykmə salam.

- Ticarət Mərkəzinin yanında nə gəzirsiz?

- Siz hardan bildiniz?

- Biz hər şeyi uzaqdan görürük. Oranın müdiri qardaşımızdır. İndi sənə zəng edəcək. Nə çəkmisən, poz getsin. Elə bil ki, ora sənin öz obyektindir.

Akif danışığını bitirdi. Üzünü bizə tutub:

- Neyləmisiz içəridə?

- Heç nə. Batareya aldıq. Bu da corab aldı.

- Bəs onda köhnə dostum olan bu nazir müavini mənə niyə zəng vurur. Hardan bildi ki, mən də burdayam.

- Heç... satıcılar soruşdu ki, adınız nədir? Dedim ki, Akif.

- “Mahir” deyə bilmirdin?

Bu an yenə zəng gəldi.

- Salam, salam. Çox şadam. Bu nə sözdür. Qardaşımız dedi qurtardı. Bu nə sözdür. Ehtiyac yoxdur. – deyə Akif sözünü sona çatdıra bilmədi. Bir də gördük ki, maşının şüşəsini taqqıldadırlar. Akif qapını açmamış, - Mahir, düzünü de, nə çəkmisiniz?

- Heç nə.

- Necə yəni heç nə? Bəs bizi içəri, nazir müavininin dostunun otağına niyə aparırlar? Yəqin ki, obyektə də şərikdirlər. İndi soruşacaq ki, nə çəkmisiz? Nə cavab verim?

- Heç nə.

- Onda siz də gəlin. Uzağı lenti göstərərik inanarlar.

İki yekəpər teloxranitel bizi müşaiyiət edib ensiz dəhlizlərlə apardılar bir kabinetə. Hələ biri kameranı da operatorun əlindən aldı. İçəri girdik. İçəri girən kimi "solidnı", elə Akif yaşda olan bir kişi kreslosundan qalxdı ayağa:

- Akif müəllim, sizi xoş gördük. Televiziyada baxırıq, fəxr edirik. Amma bura gəlmisən içəri girməmisən. Telefonunu da bilmirəm.  Ona görə zəng vurub qardaşımızdan öyrəndim.

Ortaya çay gəldi. Birdən Akifin gözü stolun üstündə qoyulan fotolara sataşdı.

- Səninkilərdi? Allah saxlasın.

- Allah sizinkiləri də saxlasın. Biri bu il girdi ali məktəbə.

- Mənimkilər də - biri ali məktəbdədir. O biri də hazırlaşır.

Birdən Akifin “dostu” bizə tərəf baxdı.

- Siz gedin bayırda gözləyin.

- Yox, qoy otursunlar, - deyə Akif etiraz etsə də...

- Yox, gedin. Mən qardaşımla hələ çox dərdləşəcəyəm. Akif müəllim, qoy onlar getsin, mən səni öz maşınımla yola salaram. "Kak-raz obed" vaxtıdır.

Akif razı olmadı. Cangüdənlərin müşayiətiylə təzədən qayıtdıq RAF-a. Beş dəqiqə keçdi Akif yox, on dəqiqə keçdi Akif yox. Yarım saatdan sonra Akif gülə-gülə qayıtdı.

- Akif, nə oldu?

- Heç nə.

- O kim idi?

- Heç bildim ki?

- Nə danışdız?

- O öz oğlanlarından, mən də özümkülərdən. O giley elədi, mən giley elədim. Sonda da gedirdik restorana "obed"ə. Dedim ki, tələsirik.  Pulu basdı cibimə ki, "onda axşam işdən sonra oturub mənim sağlığıma içərsiz". Getdik. Amma düzünü deyin. İçəridə nə çəkmişdiniz?

- Vallah, heç nə.

- Yox əşşi?????

Xatırladaq ki, yanvarın 6-da Akif Məcidoğlunun 60 yaşı tamam olur

ardı var

***
Həmçinin oxu:

Bakı Şəhər İcra Hakimiyyətinin ştatdankənar müavini - I Yazı
//modern.az/articles/69768/1/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü