Modern.az

Dollar bahalaşdı... Kasıb-kusub kimdən küsüb?

Dollar bahalaşdı... Kasıb-kusub kimdən küsüb?

İqtisadiyyat

28 Dekabr 2015, 01:43

200 il əvvəl xarici düşmənlərimiz, bu gün isə daxili düşmənlər - bir para milyonerlər, qaniçənlər (MTN rəhbərləri, bəzi məmurlar, “torpaq mülkədarları”...) tərəfindən işğal olunan Azərbaycan torpaqları və daha da müflisləşən kasıb-kusub...

Doğrusunu deyim ki, dollarla əlaqədar ölkəmizdəki son vəziyyətlə bağlı “feysbuk” dostlarımdan birinin öz "status”unda "yaman günün ömru az olar" atalar sözünü yada salıb, hamıya “təsəlli” verməsi onsuz da hövsələsiz olan məni daha da hövsələdən çıxartdı. Çünki mən həmişə belə düşünmüşəm ki, xalqımızın başına gələn bir-çox bəlaların, faciələrin günahkarı adlarıyla daim fəxr edib-öyündüyümüz, lakin çox vaxt  əsl müsəlman arxayınçılığı ilə "yaman günün ömru az olar" deyərək, başının altına papaq qoyub yatan ulu ata-babalarımızdır.

Görəsən, onlar "az olar" dedikdə nə qədər müddəti nəzərdə tuturmuşlar? 30 il, 50 il, yoxsa -100 il, 500 il? Qardaş, 1988-ci ildən bəri (hələ 1905-i, 1915-i demirəm) 28 ildiur ki (artıq 2016-nın fevralına yaxınlaşırıq) bu millət zülüm çəkir, qan ağlayır. 28 ildir ki, Xankəndi əldən gedib, 23 ildən çoxdur ki Şuşanı, 20 ildən artıqdır ki, onsuz da “bir qarış” qalmış torpağımızın 20 faizini də itirmişik. Dərbənd əldən çıxıb, Təbriz qarışıq Cənubi Azərbaycanı, İrəvan qarışıq Göyçəni, Zəngəzuru yağılara vermişik, ancaq hələ də atalardan misal çəkib deyirik ki, "pis günün ömrü az olar".



Axı, bu "az" nə qədər olmalıdır? - 100 il, 1000 il, nə qədər? Sonsuzluğa qədər, dünyanın axırına kimi? Başqa bir misalı da tez-tez işlədib, əlimizdə "dəstəvuz" eləmişik - "qisas qiyamətə qalmaz". Qardaş, bundan da betər qiyamət olarmı ki, indi yaşadığımız Azərbaycan Böyük Azərbaycanın heç 30-40 faizi də deyil və son iki əsrdə itirdiyimiz torpaqlar 20 faiz yox, 65-70 faizdir? Biz isə hələ də ümidimizi gah ikiüzlü BMT-yə, çoxüzlü ATƏT-ə, gah Amerikaya, gah da qardaş Türkiyəyə bağlayıb, papağımızı qulağımızın dibinə qoyub (qulağımızın dibinə papaq yox, başqa şey qoyulmalıdır!), yorğanımızı başımıza çəkib, arxayınçılıqla "Allah Kərimdir!" (əlavə olaraq deyirlər ki, "quyusu dərindir"), " yaman günün ömru az olar", "qisas qiyamətə qalmaz" deyə-deyə özümüzü də, övladlarımızı da aldadırıq. Çox təəssüf ki, Rusiyanın fövqəladə bir tərzdə gücləndiyi, hətta Amerikanın da “gözünün odunu aldığı” halda, onun da ruslardan qorxduğu, çəkindiyi bir dövrdə bizə nə Türkiyə, nə də Amerika kömək edəcək, buna heç birinin cəsarəti, gücü çatmayacaq. Rusiya isə Amerikanın qorxub çəkildiyini görüb, Abxaziyanı, Osetiyanı, Krımı işğal edib (növbədə Donetsk və Luqanskdır...), qaytarmadığı kimi Qarabağı, Göyçə və Zəngəzuru da heç vaxt qaytarmayacaq.

Gəlin reallığa illüziya ilə deyil, reallıqla yanaşaq. Əgər Ukrayna kimi nisbətən güclü, təpədən dırnağa kimi silahlanmış, ordusunda yüzlərlə peşəkar generalın xidmət etdiyi və əhalisi bizdən 5 dəfə çox – 48 milyon nəfər olan bir dövlət Amerika və Avropa ölkələri ilə birgə Rusiyanın qarşısında duruş gətirib, heç nə eləyə bilmədilərsə, biz - meydanda tamamilə tək qalmış kiçik bir ölkə nə edə biləcəyik? İtirdiyimiz torpaqları geri qaytara biləcəyikmi? Çox, lap çox  istərdim, ancaq bu heç də real görünmür. Çox-çox təəssüflər...

Bütün bunlar isə ondan başlanıb ki, əsrlərlə və elə bu gün də ölkəmizin “bir ovuc” adamı Azərbaycanın daha çox “ovuc”larla var-dövlətini ələ keçirib, son illərdə isə kasıb-kusubun əlindən “ovuc-ovuc” (min hektarlarla!) torpaqları min hiylə ilə, dəyər-dəyməzinə alaraq, özününküləşdirib, bu gün isə 100 milyon dolları olan qaniçənlərin bir gecə içində daha 50 milyona, 1 milyardı olanların isə daha 500 milyona nail olmasına şərait yaradıb, kasıb-kusubu dilənçi kökünə salaraq, diz üstə çökdürüb (hələ onu demirəm ki, 1,5 dəfə artmış bank kreditləri ucbatından nə qədər ailə faciə ilə üzləşəcək, nə qədər ölüm-itim olacaq, cinayətlər baş verəcək!..).  Yoxsa, bu heç kəsə aydın deyil?



Bu günlərdə daha bir acınacaqlı xəbər eşitdim. Belə ki, deyildiyinə görə, ölkənin ən imkanlı, nüfuzlu adamlarından birinin yolu təsadüfən gözdən uzaq bir yerdə - böyük bir  dağ ətəyində, meşəliklər qoynunda salınmış çox səfalı, bulaqları çağlayan gözəl kəndlərdən birinə düşüb. Bilirsinizmi, o, sayca o qədər də çox olmayan kənd camaatına nə deyib və nə təklif edib?  Deyib ki, siz cənnətdə yaşayırsınızmış ki, bizim xəbərimiz olmayıb. Və... kənd camaatına ordan köçməyi təklif edib, orda özünün (ailəsinin, nəsil-nəcabətinin)  yaşayacağını bildirib. Artıq hərəkətə keçərək, camaatı hədə-qorxu, verdiyi qəpik-quruşla o CƏNNƏT kənddən köçürməyə başlayıb. Sizcə bu, daxili düşmənlərimizin torpaq, kənd işğalı deyil, bəs nədir?..

Bax belə! Ancaq yəqin ki, MTN  rəhbərləri ilə bağlı ciddi və kəskin qərar verən, onları layiqincə cəzalandıran möhtərəm Prezidentimiz İlham Əliyev, tutduğu vəzifədən, mövqedən, kiminlə qohumluq-tanışlıq əlaqələri olmasından asılı olmayaraq, belə qudurğanların da “dərsini” verəcəkdir.  

...Qaldı ki, Azərbaycan torpaqlarının 200 ildən bəri davam etməkdə olan işğalına, çox təəssüf ki, indiki halda bu məsələdə ulu Tanrıdan başqa bizim heç bir köməyimiz, güman yerimiz yoxdur... Əgər O da bizdən birdəfəlik üz çevirməyibsə...

Rəhman ORXAN
e-mail:  [email protected]

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü