Modern.az

Fitrə zəkatını necə verməli: pulla, yoxsa ərzaqla?

Fitrə zəkatını necə verməli: pulla, yoxsa ərzaqla?

Ölkə

1 Aprel 2024, 13:36

Ramazanda ən çox verilən suallardan biri də fitrə zəkatının vaxtı və məbləği ilə bağlıdır.

Modern.az xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, İlahiyyat İnstitutunun sabiq rektoru Ceyhun Məmmədov bu mövzuya toxunub.

“Hər bir şəxsin imkanından asılı olaraq fitrə zəkatının məbləği 3-15 AZN arası dəyişə bilər. Bu, bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız, daha yuxarı olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var”, - o deyib.

Deputat “fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzaqın dəyərində pul da verilə bilər?” məsələsinə də aydınlıq gətirib:

“Bu məsələyə gəldikdə isə bəzi İslam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar.

Müasir dövrün ehtiyaclarını nəzərə alaraq, bir sıra İslam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər.

Hesab edirəm günümüzün reallıqları nəzərə alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər.

İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə zəkatı mütləq imkansız insanlara verilməlidir”.

Fitrə zəkatının vaxtına gəldikdə, C.Məmmədov deyib ki, Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir.


“Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı, Prezidentimizi, birlik və həmrəyliyimizi qorusun, bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin!”, - o əlavə edib.

Xatırladaq ki, bu il Orucluq martın 11-də başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin bu il üçün tərtib etdiyi Ramazan təqviminə görə, Qədr gecələri martın 28-nə, 30-na, aprelin 1-nə və 5-nə düşür.

Aprelin 10-u və 11-i Fitr bayramıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…