Modern.az

İrandan gələn təhdid: Təxribatçı deputat məsuliyyətə cəlb olunmalıdır!

İrandan gələn təhdid: Təxribatçı deputat məsuliyyətə cəlb olunmalıdır!

Ölkə

3 Aprel 2024, 16:31

Aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşq şəhərinə ağır aviazərbələr endirib. Zərbə nəticəsində iki iranlı general - Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın beş zabiti - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahi ölüb.

 

İran zərbə endirilən obyektin konsulluq binası olduğunu bildirib. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Qeyd olunub ki, zərbə endirilən bina İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur.

 

Tehran İsrailə cavab veriləcəyini bildirib. Bir sıra İran rəsmiləri müxtəlif ölkələrdə yerləşən İsrail səfirliklərinə hücum edilməsi çağırışı edib. 

 

İranın Dəməşqdəki konsulluğuna hava hücumundan sonra İran parlamentində Azərbaycana qarşı təhdidlər səsləndirilməyə başlanıb. İran parlamentinin deputatı təxribatçı bəyanatla çıxış edib. O, Azərbaycandakı İsrail səfirliyini vurmağı təklif edib.

 

“Mənim təklifim odur ki, "sionistlərin" region ölkələrinin diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı diplomatik nümayəndəliyi açıq və birbaşa hədəfə alınsın”,- deputat “X” hesabında  yazıb.

 

İki ölkə arasında münasibətlərin normallaşdığı bir vaxtda iranlı deputatın belə bir açıqlaması prosesə mənfi təsir göstərə bilər.

 

İranlı deputatı hansı qüvvələr bu sözləri deməyə "cəsarətləndirib"? Azərbaycan bu açıqlamadan sonra hansı addımları atmalıdır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, İran parlamentinin üzvü Cəlal Rəşidinin İsrailin Azərbaycandakı səfirliyinin hədəfə alınması barədə çağırışı cinayətdir:

 

"Həmin şəxs barədə dərhal cinayət təqibi başlanmalıdır. İlk növbədə ona görə ki, iranlı deputat açıq formada terrorçuluğa, habelə beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, dövlət xadiminin (indiki halda Azərbaycanda xarici ölkə diplomatlarının) həyatına sui-qəsd əməllərinin törədilməsinə açıq çağırışlar edir. Bu, birmənalı şəkildə istənilən hüquqi dövlətin qanunvericiliyi ilə cinayət hesab olunur.

 

Azərbaycan və İran arasında münasibətlərin böyük bir gərginliyi arxada qoyduğu və çoxəsirlik tarixə malik əlaqələrimizin hər iki dövlətin mənafelərinə xidmət edən yeni mərhələyə qədəm qoyduğu bir dövrdə,iranlı deputatın təxribatçı bəyanatları və açıq cinayətkar davranışları fonunda İran tərəfi konkret tədbirlər görməlidir. Bu həm hüquq, həm də münasibətlərimizin hazırkı bizi qane edən xarakterinin tələbidir. Nə deputat toxunulmazlığı, nə də heç bir əlavə amil iranlı parlamentarini məsuliyyətdən azad edə bilməz". 

B.Məhərrəmov vurğulayıb ki, iranlı deputat Azərbaycan Cinayət Məcəlləsi əsasında məsuliyyətə cəlb oluna bilər:

 

"Unudulmamalıdır ki, Rəşidinin "Azərbaycanı açıq və birbaşa hədəfə almaq" bəyanatı bizim mənafelərimizə qarşı cinayətkar çağırışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.2-ci maddəsinə əsasən isə əcnəbilər Azərbaycanın hüdudlarından kənarda ölkəmizin maraqlarına qarşı cinayət törədərsə, bu cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Azərbaycan Cinayət Məcəlləsi əsasında məsuliyyətə cəlb edilə bilərlər. Yəni Cəlal Rəşidi Azərbaycanda terrorçuluğa açıq çağırışı İranda hələki hansısa cinayət təqibi ilə nəticələnmədiyi üçün bizim qanunvericilik onun məsuliyyətə cəlb edilməsinə imkan yaradır".

 

Politoloq Turab Rzayev bildirib ki,  bu açıqlama ilə İran gücsüzlüyünü etiraf edir:

 

"Çünki İsrail faktiki olaraq, Suriyadakı İran mövqelərinə zərbə endirir. İranın Suriyada, İraqda proksi dəstələri olsa da, İsrailə təhdid yarada bilmirlər. Faktiki olaraq İsrailə cavab verə bilmirlər, buna görə də onun diplomatik nümayəndəliklərini hədəfə götürməyə məcbur qalırlar. İran İsrailin hansısa ölkədəki diplomatik nümayəndəliyini vursa,  elə həmin ölkəylə də münasibətləri pisləşəcək. İsrailin diplomatik nümayəndiliyini hədəf alması onun qlobal sanksiyalarla üzləşməsinə, qlobal birlik tərəfindən hərbi şəkildə cəzalandırılmasına səbəb olacaq".

Politoloqun fikrincə, Kuçinin aid olduğu qruplaşma hər vəchlə Azərbaycanla olan münasibətlərin pisləşməsini istəyir:

 

"İranda bəlli qruplaşma var ki, Azərbaycanı düşmən gözü ilə görürlər. Azərbaycanı hətta İranla münasibətləri yaxşı olduğu hallarda belə qəbul etmirlər. Yəqin ki, o, bu qruplaşmaya daxil olanlardan biridir. İranın Ermənistan İranın ona olan hərbi, siyasi və iqtisadi dəstəyinə baxmayaraq, anti-İran təbliğatı aparır. Faktiki olaraq, Qərbi-Fransa və ABŞ-nin hərbi birləşmə və bazalarını regiona gətirmək istəyir. Bu da təbii ki, İran üçün təhdiddir. Digər tərəfdən Azərbaycan heç vaxt bölgədə 3-cü ölkələrin olmasını istəmir. Azərbaycan öz ərazisində nə Rusiya, nə də İrana qarşı xarici qüvvələrin yerləşməsinə icazə vermir. Dövlətimiz İranın bütün anti-Azərbaycan siyasətinə baxmayaraq, bu ölkə ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Belə olan halda İran nə üçün İsrailin Ermənistandakı səfirliyini, yaxud bu ölkədə yerləşən ABŞ-nin ikinci ən böyük səfirliyini hədəf kimi göstərmir? Demək ki, bu qruplaşma nə baş verməsindən asılı olmayaraq, Azərbaycan əleyhinə çıxış edəcək və ermənilərə simpatiya ilə baxacaq. Bu, aydın olur. Digər bir məsələ sözügedən qruplaşmanın İran siyasi elitasının hansı hissəsini təşkil edir. Son zamanlar İranın Azərbaycana qarşı mövqeləri bu ölkədə anti-Azərbaycançılıq siyasətinin İran hakimiyyətinə çox dərin sirayət etdiyinə dəlalət edir. Yəqin ki, bu fars şovinizmindən qaynaqlanır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!