Modern.az

Rəsulzadəyə Bakıda heykəl qoyulacaq? - Deputatlardan REAKSİYA

Rəsulzadəyə Bakıda heykəl qoyulacaq? - Deputatlardan REAKSİYA

31 Yanvar 2022, 14:59

Yanvarın 31-i Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Təəssüf ki, Xalq Cümhuriyyəti (AXC) qurucusunun Bakıda ziyarət ediləcək hansısa heykəli yoxdur. Rəsulzadənin yeganə abidəsi doğulduğu Novxanı kəndindədir.


Modern.az-ın əməkdaşı bir neçə deputata "Bakıda Rəsulzadəyə heykəl qoyula bilərmi" sualı ilə müraciət edib. Parlamentarlar bunu vacib hesab ediblər.

Deputat, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin ən parlaq simalarından biridir.

Onun sözlərinə görə, uzun illər - sovet dövründə Rəsulzadənin adı qadağan olunub:


“İndi Azərbaycanda əsərləri çap olunur, Novxanıda abidəsi var. Hər il onun abidəsini ziyarət edib, önünə gül-çiçək qoyurlar. İnşallah Bakıda, paytaxtda da heykəli ucaldılar”.


Deputat bildirib ki, bu məsələ cəmiyyətdə haradasa qarşıdurma, münaqişə yaratmalı deyil:


“Azərbaycan tarixi ilə bağlı çox işlər görülməlidir. O işlər addım-addım görülür. Hamısını birdən-birə etmək mümkün deyil. Əsas odur ki, Rəsulzadənin əsərləri Azərbaycanda, Türkiyədə toplanır, çap olunur. Onun nə qədər böyük bir fikir, mübarizə adamı olduğu o kitablardan aydın görünür. Azərbaycan Xalq Cumhuriyyətinin irsi çap olunub. Orada da Rəsulzadənin bütün fəaliyyətini izləmək mümkündür”.


S.Rüstəmxanlı Rəsulzadənin heykəlinin Bakı şəhərində qoyulması məsələsinin dəfələrlə müzakirə olunduğunu xatırladıb:


“Hətta Bakıda Kukla Teatrı ilə üzbəüz parkda Rəsulzadənin heykəli üçün yer də ayrılmışdı. Hansı səbəblərdənsə abidə qoyulmadı. Amma hesab edirəm günün birində o heykəl qoyulacaq”.
 

Deputat Fazil Mustafa bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin abidəsi Azərbaycan insanının könlündə ucalır.

 

Onun sözlərinə görə, bu abidənin nə ayrıca memarı var, nə də ayrıca sərəncamı:

"Heç insanları ona hansısa bir şəkildə məcbur edən yanaşma da yoxdur. Dərk edən insanlar artıq Rəsulzadənin abidəsini qəlblərində qurublar. Bunu xüsusi bir mövzuya çevirmək məsələsi indiki vəziyyətdə o qədər də aktual deyil. Çünki açığı, Azərbaycanda Rəsulzadəyə layiq olduğu münasibəti görmürsən. Nə etmək olar... Tədricən cəmiyyətdə irəliliyə doğru dəyişiklik olanda bu addımlar da atılacaq. Amma bütövlükdə hesab edirəm ki, bu düşüncədə dəyişiklik olmalıdır ki, Rəsulzadə azərbaycanlıları birləşdirən bir dəyərdir, qəbuledilməlidir”.


F.Mustafa qeyd edib ki, söhbət təkcə Rəsulzadədən getmir:


“Rəsulzadənin ev muzeyini də həll edə bilmədik. Üstəlik də Azərbaycan xalqını xilas edən Nuru Paşanın abidəsi və ya xatirəsini əbədiləşdirən hansısa addım da atılmadı. Bunlar da ciddi məsələlərdir, hamısını etmək lazımdır. Etmədikcə, çox çətin olur. Nəsib bəy Yusifbəylinin 140 illiyi Azərbaycanda qeyd olunmadı. Əhməd bəy Ağaoğlu kimi nəhəng adamın, “Difahi”nin yaradıcısının hələ də Bakıda xatirəsini əbədiləşdirən hansısa addım atılmayıb. Şuşada ev muzeyinin bərpasına başlamaq lazımdır. Yəni, bütün bunlar hamısı ciddi məsələlərdir və onları təxirə salmaq olmaz. Gələcəkdə hər halda bu məsələlər müəyyən dərəcədə qınaq obyektinə çevriləcək. Bunları həll etmək lazımdır”.
 

F.Mustafa Rəsulzadəyə ayrıca dəyər verməyin lazım olduğunu vurğulayıb:


“Xatirəsini Azərbaycanda qətiyyən qısqanclıqla qarşılamaq deyil, əbədiləşdirmək üçün hər bir addım atılmalıdır”.


Milli Məclisin digər deputatı Razi Nurullayev də Məhəmməd Əmin Rəsulzadəni Azərbaycan xalqının tarixində əvəzsiz iz qoyan şəxsiyyətlərdən biri adlandırıb:

 

“Rəsulzadə məhəbbəti Azərbaycan xalqının qəlbindədir. Bu gün on milyonluq və bütün dünyada yaşayan azərbaycanlılar Rəsulzadənin xidmətlərini bilir, onunla bağlı danışır və çox az adamdan Rəsulzadə ilə bağlı hansısa tənqidi fikir eşidə bilərsən. Belə bir ümumxalq məhəbbətinə layiq olan insana Bakı şəhərində abidənin qoyulmaması doğru deyil”.


Deputat paytaxtda Rəsulzadənin xatirəsini əbədiləşdirməyi vacib məsələlərdən biri hesab edir:


“Məhəmməd Əmin Rəsulzadəyə Bakı şəhərində abidənin qoyulması vacibdir. Onun indiyə qədər qoyulmaması özü bir qüsurdur. Bu baxımdan mən məqamında bu məsələni Milli Məclisdə qaldıracam”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var