Modern.az

Azərbaycanın qətiyyətli siyasəti Ermənistanı masaya oturtdu - Deputat

Azərbaycanın qətiyyətli siyasəti Ermənistanı masaya oturtdu - Deputat

Parlament

15 May 2023, 13:14

"Rəsmi Bakı siyasi arenada Ermənistanı ağır duruma salıb"

Mayın 14-də  Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. 4 saat uzanan görüşdə Azərbaycan və Ermənistan liderləri bir sıra məsələlərdə razılığa gəliblər. Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə müvafiq olaraq Ermənistanın 29,800 kvadratkilometr, Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına sadiqliklərini təsdiq ediblər.


Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında Brüssel görüşünün nəticələrini dəyərləndirib:

“Vacib olan bu görüş nəhayət ki, baş tutdu. Bildiyimiz kimi, Praqada keçirilmiş görüşdən sonra Brüssel formatının həyata keçirilməsində müəyyən problemlər yaranmışdı. Çünki Ermənistan Fransanın müdaxiləsi nəticəsində, məqsədyönlü şəkildə görüşün dördtərəfli formatda keçirilməsini istəyirdi və bunun üçün səy göstərirdi. Amma Azərbaycan buna razı olmadı və nəticə etibarilə rəsmi Bakının iradəsi, qəti mövqeyi sayəsində Brüssel formatında üçtərəfli görüş baş tutdu.

Ermənistan siyasi müstəvidə Azərbaycanın təzyiqləri qarşısında hər dəfə daha ağır duruma məruz qalır. Bakı döyüş meydanında olduğu kimi, siyasi arenada da Ermənistanı ağır duruma salıb və buna baxmayaraq sülh üçün öz təşəbbüslərini irəli sürmək kimi olduqca humanist bir yanaşmanı reallaşdırır. Ermənistan isə hər dəfə özünəməxsus riyakarlıq və hiyləgər planlarla bu prosesdən qaçmağa çalışsa da, Bakı uğurlu siyasəti nəticəsində onu tələb olunan həmin masaya oturtmağa məcbur edir”.



Fransa rəsmilərinin Brüssel görüşündə iştirak edə bilmədiyinə diqqət çəkən deputat bildirib ki, bu, Azərbaycanın iradəsini ortaya qoymasını bir daha sübut edən danılmaz faktdır.

“Fransanın müdaxiləsi prosesləri heç şübhəsiz ki, mənfi istiqamətə doğru aparır. Fransa ciddi cəhdlə Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə qoşulmağa, vasitəçilik missiyasını üzərlərinə götürməyə, əvvəlki müzakirələrdə əldə edilmiş razılıqları pozmağa cəhd göstərir. Bu qəbuledilməzdir, Azərbaycan hər hansı bir dövlətin bu prosesi pozmasına imkan verməyəcək.

Azərbaycanın iradəsi ondan ibarətdir ki, regionda davamlı sülh və sabitlik, təhlükəsizlik tam təmin olunsun. Buna mane olan, Ermənistan tərəfidir”.

C.Məmmədov deyib ki, Brüssel formatı Azərbaycan üçün olduqca məqbul format sayılır.


“Brüssel sülh gündəliyinin əsasını məhz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması və kommunikasiyaların bərpası təşkil edirdi. Bu görüşdə humanitar məsələlər, Azərbaycanın üzləşdiyi mina problemi, o cümlədən itkin düşmüş şəxslərin problemləri, həmçinin sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar müzakirə edildi.

Brüssel görüşündə diqqət çəkən vacib məqamlardan biri müzakirələrdə Qarabağ mövzusunun gündəmə gəlməməsi oldu. Prezident İlham Əliyev bu məsələyə öz qətiyyətini hər zaman bildirib və Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusunun olmamasını nəzərə çatdırıb. Ermənistanın buna heç bir aidiyyatı olmadığını və bunun bizim öz daxili işimizin olmasını vurğulayıb.

Avropa İttifaqı və Prezident Şarl Mişelin Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarının olması Brüssel prosesinin davamında uğurlu sülh sazişinə ümid etməyə zəmin yaradır”, - deputat vurğulayıb.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı