Modern.az

Sülhə doğru daha bir addım: Parlament diplomatiyası prosesə töhfə verə bilər

Sülhə doğru daha bir addım: Parlament diplomatiyası prosesə töhfə verə bilər

Parlament

27 Mart 2024, 17:29

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.

 

Aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib.

 

Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

 

Qeyd edək ki, parlament sədrlərinin görüşü ilkdir.

 

Bəs görüş necə qiymətləndirilməlidir? Parlament sədrlərinin görüşü sülhə öz töhfəsini verəcəkmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı, Azərbaycanın Parlamentlərarsı İttifaqdakı üzvü Kamran Bayramov Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşünün konstruktiv mühitdə keçdiyini bildirib:

 

“Konstruktiv mühitdə keçirilən görüşdə iki ölkə arasında davam edən sülh danışıqları fonunda parlamentlərin prosesə dəstəyinin göstərilməsinin forma və üsulları nəzərdən keçirilib. Eyni zamanda parlamentlər səviyyəsində dialoq və təmasların aparılması imkanlarının nəzərdən keçirilməsi barədə razılığa gəlinib. Münasibətlərin normallaşması, sülhün əldə olunması istiqamətində Azərbaycan və Ermənistan dövlət başçıları, xarici işlər nazirləri səviyyəsində birbaşa təmaslar qurulub. İndi də parlament səviyyəsində birbaşa təmasların qurulub, davam etdirilməsini müsbət hal kimi dəyərləndirmək olar. Bu görüşdən gözləntilər kifayət qədər müsbətdir”.

K.Bayramov görüşlərin davamlı olub-olmayacağının Ermənistan parlamentindən asılı olacağını deyib:

 

“Qeyd etmək lazımdır ki, parlament səviyyəsində dialoqun, təmasların davam etdirilməsi, əlbəttə, Ermənistan parlamentinin davranışlarından asılı olacaq. Biz vaxtaşırı Ermənistan parlament sədrinin bir sıra uyğun olmayan, Azərbaycana qarşı qərəzlə dolu bəyanatlarla da yadda qaldığını bilirik. Düşünürəm ki, Cenevrədəki görüşdən sonra biz bu sahədə də müsbət dinamikanın şahidi ola bilərik”.

 

Milli Məclisin deputatı, Azərbaycanın Parlamentlərarası İttifaqdakı digər bir üzvü Naqif Həmzəyev görüşün sülhə biraz da yaxınlaşdığımızı göstərdiyini vurğulayıb:

 

“Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşməsi mən düşünürəm ki, çox müsbət addımdır. Artıq uzun müddətdir ki, ikitərəfli və çoxtərəfli danışıqlar aparılır. Sülhə heç vaxt indiki qədər yaxın olmadığımız dönəmdəyik. Belə bir vaxtda parlament sədrlərinin görüşməsi və müsbət açıqlamalar verməsi, sülhə biraz da yaxınlaşmağımıza xidmət etmiş olacaq”.

Deputat parlament diplomatiyasının önə keçməsinin mühüm olduğunu söyləyib:

 

“Sülh anlaşması imzalanacağı halda xalqlar arasında yaxınlaşmanı təmin etmək üçün parlament diplomatiyasının önə keçməsi və uzun müddətdən sonra soyuq buzların əridilməsi üçün addımlar atılması önəmlidir. Burada ikitərəfli səylərdən söhbət gedir. Ermənistan tərəfi səhvlərini anlayaraq, Azərbaycanla münasibətləri yaxşılaşdıracaqlarına və ölkəmizə qarşı ərazi iddialarından tamamilə əl çəkəcəkələrinə, bizə qarşı bir daha düşmən mövqe tutmayacaqlarına söz verib, buna əməl etsələr, düşünürəm ki, münasibətlərdə normallaşmanın şahidi ola biləcəyik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir